Məhkəmə qərarları › İş №e-2(020)-1570/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-1570/2025

29.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-1570/2025 29.09.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Mən, Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlu, İddiaçı QSC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Beyləqan Rayon Məhkəməsinin binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı QSC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsində cavabdehdən 17 iyun 2024-cü il tarixdə aralarında bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 386 manat məbləğində əsas borc, 57.90 manat cərimə borcu və dövlət rüsumu ilə bağlı ödənilmiş 30.40 manat olmaqla, cəmi 474.30 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, X2 ilə cavabdeh arasında bağlanmış 17 iyun 2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi və həmin tarixdə tərtib edilmiş təhvil-təslim aktına əsasən cavabdeh 386 manat dəyərində nisyə aldığı malın dəyərini 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. 17 yanvar 2023-cü il tarixli faktorinq müqaviləsinə əsasən X1 cavabdehə qarşı olan tələb hüququ iddiaçıya keçmiş, bu barədə cavabdehə bildiriş göndərilmişdir. Cavabdehin həmin müqavilə üzrə öhdəliyini tam icra etməməsinə görə iddiaçıya 386 manat məbləğində əsas və 57.90 manat cərimə borcu yaranmışdır. Bundan əlavə, iddiaçı iş üzrə dövlət rüsumu ilə əlaqədar 30.40 manat məbləğində pul ödəmişdir. Məhkəmə mülki işə iddianın qiymətinin beş min manatdan az olması, prosessual hüquq və vəzifələri izah olunmuş cavabdehin iddia ərizəsinə etiraz verməməklə tələbi mübahisələndirməməsi, beləliklə də icraat dövründə Azərbaycan Respublikası MPM-in 284-5.4-cü maddəsində işə iddia icraatı qaydasında baxılması üçün nəzərdə tutulmuş hər hansı halın yaranmamasına görə həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş 17 iyun 2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi, ona əlavə edilmiş ödəniş cədvəli və təhvil-təslim aktı, 17 yanvar 2023-cü il tarixli faktorinq müqaviləsi və ona əlavə olunmuş hesabdan çıxarış, maliyyə arayışı, iddiaçının cavabdehə göndərdiyi yazılı bildiriş və iddiaçının dövlət rüsumunu ödəməsi barədə olan mədaxil qəbzi əsasında işin faktiki hallarının iddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu (iddiaçının cavabdehə hesabladığı cərimə borcunun məbləği istisna olmaqla) müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onun dəyərini alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdehə hesabladığı 57,90 manat məbləğində dəbbə pulu miqdarı cavabdehin iddiaçıya ödəmədiyi 386 manat əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksək olduğuna görə cavabdehin iddiaçıya ödəmədiyi əsas borc məbləğinin 10 faizinə qədər azaldılaraq, 38 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə göstərilən qanunvericilik normaları və işin iddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi (iddiaçının cavabdehə hesabladığı cərimə borcunun məbləği istisna olmaqla) faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 284-1- 284-6-cı maddələrini rəhbər tuturaq, Q Ə T E T D İ M: İddia qismən təmin edilsin. Cavabdeh 17 iyun 2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 386 manat məbləğində əsas borc, 38 manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 30,40 manat olmaqla, cəmi 454,40 manat məbləğində pul alınıb İddiaçı QSC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Səbuhi Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar