Məhkəmə qərarları › İş №e-2(020)-1595/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-1595/2024

03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-1595/2024 03.12.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxx 1960-cı il təvəllüdlü Cavabdeh 25 noyabr 2020-ci il tarixli BXK5899739 saylı borc müqaviləsinə əsasən 684 manat əsas borc, müqavilə üzrə hesablanmış 150 manat cərimə borcu, 25 noyabr 2020-ci il tarixli BXK5899740 saylı borc müqaviləsinə əsasən 215 manat əsas borc, müqavilə üzrə hesablanmış 100 manat cərimə borcu və 32 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Həmin təşkilatın nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılıb iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı MMC ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı MMC ilə müddəti 20 ay olmaqla 25 noyabr 2020-ci il tarixli BXK5899739 saylı borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 775 manat olan məişət avadanlığı almış, cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 684 manat əsas borcu qalmışdır. Qeyd edilən borc müqaviləsinə əsasən borcalan (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% cərimə ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 5130 manat cərimə borcu yaranmışdır (684 manat x 750 gün x 1%=5130 manat). İddiaçı cərimə borcunu cavabdehdən cəmi 150 manat məbləğində tələb edir. Bundan başqa Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla 25 noyabr 2020-ci il tarixli BXK5899740 saylı borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 279 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 215 manat əsas borcu qalmışdır. Qeyd edilən borc müqaviləsinə əsasən borcalan (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% cərimə ödəməlidir. Cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 2128 manat cərimə borcu yaranmışdır (215 manat x 990 gün x 1%=2128 manat). İddiaçı cərimə borcunu cavabdehdən cəmi 100 manat məbləğində tələb edir. Müqavilədə tərəflər arasında yaranmış mübahisənin pretenziya qaydasında həll olunmağı nəzərdə tutulmadığından cavabdeh tərəfə pretenziya məktubu göndərilməmişdir. Ona görə də xx xxxx 1960-cı il təvəllüdlü Cavabdeh 25 noyabr 2020-ci il tarixli BXK5899739 saylı borc müqaviləsinə əsasən 684 manat əsas borc, müqavilə üzrə hesablanmış 150 manat cərimə borcu, 25 noyabr 2020-ci il tarixli BXK5899740 saylı borc müqaviləsinə əsasən 215 manat əsas borc, müqavilə üzrə hesablanmış 100 manat cərimə borcu və 32 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Cavabdeh yaşayış yeri üzrə Beyləqan rayon İHB-nin Təzəkənd kənd üzrə icra nümayəndəsi ilə telefon əlaqəsi saxlanılmış, icra münayəndəsi Cavabdehnən Təzəkənd kəndində qeydiyyatda olsa da hazırda Bakı şəhərində onlara məlum olmayan ünvanda yaşadığını bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadığından, məhkəmə cavabdehin qeydiyyatda olduğu axırıncı yaşayış yeri üzrə nümayəndəliyin onun hazırda ərazidə yaşamaması barədə məlumatı məhkəməyə daxil olduğundan məhkəmə hazırda cavabdehin iştirakı olmadan işə baxılmasını əsaslı hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş müqavilələrdən görünür ki, Cavabdeh İddiaçı MMC-dən müddəti 20 ay olmaqla 25 noyabr 2020-ci il tarixli BXK5899739 saylı borc müqaviləsinə əsasən dəyəri 775 manat, müddəti 12 ay olmaqla 25 noyabr 2020-ci il tarixli BXK5899740 saylı borc müqaviləsinə əsasən dəyəri 279 manat olan məişət avadanlıqları əldə etmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh Zabit qızı ilə xx.xx.2020-ci il tarixində bağlanmış BXK5S99739 savlı müqavilə üzrə ödənilməmiş 684,00 manat, 25.1l.2020-ci il tarixində bağlanmış BXK5899740 saylı müqavilə üzrə ödənilməmiş 215,00 manat olmaqla ümumilikdə 899,00 manat əsas (qalıq) borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.” 449.4-cü maddənin tələblərinə görə “Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.” Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən: “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur”. Məhkəmədə cavabdehin iddiaçı təşkilatla müqavilə bağlayaraq hər ay pulunu hissi-hissə ödəmək şərti ilə məişət avadanlıqları götürməsi, müqavilə şərtinə əməl etməyərək iddiaçı təşkilata borclu qalması iş materialları və işin məhkəmə iclasında araşdırılmış halları ilə kifayət qədər sübuta yetdiyindən məhkəmə iddianın qismən təmin edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1–ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki qanunverciliklə öhdəliklərin icrasının təminatı üsulu və mülki hüquq məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz və buna yol verilməməlidir. Bu mənada məhkəmə hesab edir ki, 25 noyabr 2020-ci il tarixli BXK5899739 saylı borc müqaviləsi üzrə hesablanmış 150 manat cərimə borcu, 25 noyabr 2020-ci il tarixli BXK5899740 saylı borc müqaviləsi üzrə hesablanmış 100 manat cərimə (dəbbə) pulu tənasübsüz surətdə yüksəkdir. Ona görə də məhkəmə dəbbə pulunun 150 manata münsibətdə 20 manat, 215 manata münasibətdə 15 manat saxlanmasını daha məqəsədə müvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respubaliksı MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 25 noyabr 2020-ci il tarixli BXK5899739 saylı borc müqaviləsinə əsasən 684 manat əsas borc, müqavilə üzrə hesablanmış 20 manat cərimə, 25 noyabr 2020-ci il tarixli, BXK5899740 saylı borc müqaviləsinə əsasən 215 manat əsas borc, müqavilə üzrə hesablanmış 15 manat cərimə olmaqla cəmi 934 (dooquz yüz otuz dörd) manat borc və 32 (otuz iki) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınıb iddiaçı “Soliton LTD MMC-yə ödənilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar