Azərbaycan Respublikası adından Qətnamə Beyləqan rayon İş № e-2(020)-1783/2025 29.01.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSI Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Beyləqan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: TƏSVİRİ HİSSƏ: İşin halları:
1. İddiaçı İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Cavabdeh bir ədədinin qiyməti 500 (beş yüz) manat olan 4 ədəd xırda buynuzlu heyvanın ödənilməmiş qalıq qalan 1700 (min yeddi yüz) manat, göstərilmiş hüquqi yardıma görə ödəmiş olduğu 200 (iki yüz) manat və dövlət rüsumunun əvəzi olaraq 40 (qırx) manat pulun alınıb ona verilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir.
İddiaçının əsaslandırması:
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tanışı Cavabdeh ondan dəyərini iki həftə ərzində ödəmək şərtilə birinin qiyməti 500 manat olmaqla, 4 baş xırda buynuzlu heyvan almış, həmin məbləğdən 300 manat pul ödəsə də, qalan 1700 manat borcunu bu vaxtadək qaytarmamışdır. Dəfələrlə həmin məbləğin ödənilməsi ilə bağlı aralarında telefon danışıqları baş tutmuş və cavabdeh müxtəlif bəhanələr gətirməklə pulu ödəməmiş və bununla da üzərinə düşən öhdəliyi icra etməmişdir. Onda artıq əminlik yaranıb ki o öhdəliyini icra etmək istəmir. Belə olan halda o, pulu məhkəmə qaydasında geri tələb etmək məcburiyyətində qalmışdır. Qeyd olunanları nəzərə alaraq, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
Cavabdehin etirazı:
3. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir.
Tərəflərin izahatları:
4. İddiaçı və nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə etdiklərini bildirərək, təmin olunmasını xahiş etmişlər.
5. Cavabdeh məhkəmə iclaslarına vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası MPM-in) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDIRICI HİSSƏ:
Faktiki hallar və sübutlar:
6. İş materiallarında olan diskə baxış zamanı 4 ədəd fayl açılmış və həmin fayllarda iddiaçı İddiaçı ilə həm cavabdeh Cavabdeh və həm də sonuncunun atası arasında baş tutmuş telefon danışıqları öz əksini tapmışdır. Həmin danışıqlar zamanı sonuncular iddiaçıdan 4 baş xırda buynuzlu heyvan aldıqlarını və borclu qaldıqları pulu ödəyəcəklərini təsdiq etmişlər.
7. İş materiallarında olan ## #### 2025-ci il tarixli, ***********/********** nömrəli qəbzdən görünür ki, hüquqi yardımın göstərilməsi məqsədli Beyləqan rayon Vəkil Bürosunun vəkili Nümayəndə iş üzrə iddiaçı İddiaçı tərəfindən 200 manat məbləğində ödəniş həyata keçirilmişdir.
8. İş materiallarında olan ## ######## 2025-ci il tarixli, ***** nömrəli “mpay” ödəniş sistemi vasitəsilə icra edilmiş qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 40 manat məbləğində dövlət rüsumu ödəmişdir.
Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 465.2. Əgər boclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 571.1. Əgər Alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir. Maddə 600.1 və 601.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, Alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 115.0 və 115.0.5. Nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir: Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
13. Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir.
14. Belə ki, cavabdeh aralarında olan razılaşmaya uyğun olaraq iddiaçıdan nisyə mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəmək vəzifəsini yerinə yetirməmişdir.
15. Odur ki, iddiaçı müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. İddia bu hissədə təmin edilərək, 1700 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
16. Məhkəmə iddianın nümayəndəyə etdiyi kömək üçün ödənilmiş 200 manat və dövlət rüsumu kimi ödənilmiş 40 manat pulun da cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan nümayəndəyə etdiyi kömək üçün ödənilmiş pul və dövlət rüsumu cavabdehə aid edilməli cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
NƏTİCƏ HİSSƏ:
17. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 76, 77, 88, 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq,
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh Cavabdeh 1700 (bir min yeddi yüz) manat pul, nümayəndəyə etdiyi kömək üçün ödənilmiş 200 manat və dövlət rüsumu kimi ödənilmiş 40 manat pul alınaraq iddiaçı İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən isdifadə etməklə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədiyi təqdirdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Səbuhi Səfərov