Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-1911/2024 05.12.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Mən, Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızı, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kiçik iddia üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə yaranmış 270 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu, 0,40 manat bank xidmət haqqı, 4.40 manat məktub pulu, cəmi 304,80 manat borcun Cavabdeh1 və Cavabdeh2 tutularaq «Sevgi Mebel» mağazasının müdiri İddiaçı hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “Sevgi Mebel» mağazası ilə сavabdeh Cavabdeh1 və Cavabdeh2 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, aldığı “X2» markalı uşaq dəstinin 50 manat ilkin ödəniş olmaqla 12 ay ödəniş cədvəli üzrə hər ay 30 manat olmaqla cəmi 410 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdehlər müqavilələrin şərtlərini pozaraq, 140 manat pul ödəyib və qalıq qalmış 270 manat borcu ödəməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 və Cavabdeh2 borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 2(iki) % dərəcəsi ilə dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Beləliklə cavabdeh «Sevgi Mebel» mağazasına olan borcu 270 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2024-cü il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarını araşdıraraq belə nəticəyə gəlirəm ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" MMC-nin direktoru İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış məişət mallarının nisyə alqı-satqısı müqaviləsindən görünür ki, Cavabdeh1 ilkin ödəniş 50 manat olmaqla, 12 ay müddətinə, hər ay 30 manat ödəmək şərti ilə, dəyəri 410 manat olan aldığı “X2» markalı uşaq dəsti satılmışdır. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, “X2» markalı uşaq dəsti Cavabdeh1 təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli Zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 Cavabdeh1 xx.xx.2023-cü il tarixdə bağlanmış məişət mallarının nisyə alqı-satqısı müqaviləsinin təminatı olaraq zamin qismindən öhdəlik götürmüşdür. MA 703 nömrəli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 29 iyul 2023cü il tarixli müqavilə üzrə ödənilməmiş 270 manat məbləğində əsas borcu vardır. xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, iddiaçı pretenziya qaydasına əməl edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -462.1-ci maddəsinə görə dəbbə pulu (faiz, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; -598.3-cü maddəsinə əsasən, əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 361-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda 21§alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. -470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İşdə olan sübutlara məcmu halında qiymət verərək hesab edirəm ki, alıcı Cavabdeh1 xx.xx.2023-cü il tarixli Alqı satqı müqaviləsi ilə, zamin Cavabdeh2 xx.xx.2023-cü il tarixli Zaminlik müqaviləsi ilə götürdükləri öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan əsas borcu ödəməmiş və bununla da, onlar iddiaçıdan alınan malın dəyərini müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişlər. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddia təmin edildiyindən, ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu və bank xidmət haqqınım əvəzi, 4,40 manat məbləğində poçt xərci cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ M: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 270 (iki yüz yetmiş) manat məbləğində əsas borcu, 30,40 (otuz manat 40 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu və bank xidmət haqqı və 4,40 (dörd manat 40 qəpik) manat məbləğində poçt xərci olmaqla, cəmi 304,8 (üç yüz dörd manat 80 qəpik) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı (Sevgi Mebel) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №e-2(020)-1911/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-1911/2024
05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver