Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-239/2024 26.04.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İddiaçı “X4 Kompleksi" MMC "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X4 Kompleksi" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əsas borca görə 3787,49 manat, hesablanmış cərimə borcuna görə 757,50 manat və ödənilmiş dövlət rüsumuna görə 65,85 manat olmaqla cəmi 4610,84 manat pulun Cavabdeh tutularaq “X4 Kompleksi” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “X4 Kompleksi" MMC-nin vəkalətli nümayəndəsi X2 məhkəməyə ərizə gönədərərək işə onların iştirakı olmadan baxılıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “X4 Kompleksi" MMC iddia ərizəsinin onunla əsaslandırmışdır ki, alıcı qismində “X4 Kompleksi” MMC, tədarükçü qismində “X4 Kompleksi” MMC-nin” X1 və Emalı Zavodu” filialı və fermer (Cavabdeh) Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 594 saylı xam-pambığın alğı-satqı müqaviləsinə əsəsən Cavabdeh öhdəsində olan 3.85 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya (Alıcıya) satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 5719,78 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin Cavabdeh yaranmış borcdan 1932,29 manat ödəniş etmişdir. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, 594 saylı müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 3787,49 manat borcu qalmışdır. Bundan əlavə, Müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam-pambığın 1 tonunun qiyməti 650 manatdır.) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 3787,49 manat x 20% = 757,50 manat təşkil edir. Bununla yanaşı, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə rəsmi pretenziya məktubu göndərilməklə 3 iş günü müddətində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə isə müqavilə öhdəliyini yetirilməməsinə görə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq məsələnin cavabdeh tərəfindən məhkəmədən kənar həllinə heç bir təşəbbüs göstərilməmişdir. Beləliklə cavabdeh, Müqavilə üzrə borcunu ödəmədiyindən iddiaçı borcu qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir. Ona görə də əsas borca görə 3787,49 manat, hesablanmış cərimə borcuna görə 757,50 manat və ödənilmiş dövlət rüsumuna görə 65,85 manat olmaqla cəmi 4610,84 manat pulun Cavabdeh tutularaq “X4 Kompleksi” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh cəza çəkdiyi müəssisəyə iddia ərizəsi və ona əlavə edilən sənədlərin surətləri ona çatdırılması və iddiaya münasibət bildirilməsi üüçn gönədərilmişdir. Cavabdeh məhkəməyə göndərdiyi etiraz ərizəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixli, 594 nömrəli xam pambığın alğı satqı müqaviləsində göstərilən öhdəliyinin yerinə yetirilməmə səbəbi başlıca olaraq həmin ildə X3 sahələrində pambığın suvarılması üçün su təminatının kifayət etməməsi olmuşdur. Bunu onunla yanaşı həmin ildə Pambıq becərilməsi üçün torpaqlardan istifadə edən fermerlərdə təsdiq edə bilər. Su təminatının olmaması barədə mütəmadi olaraq Zavodun aqronom və digər vəzifəli şəxslərinə xəbərdaredici məlumatlar göndərməyimə və vəziyyətin belə davam edəcəyi təqdirdə məhsuldarlığın digər illərə nisbətən qat-qat aşağı olması haqqında məlumatlandırmağına baxmayaraq bu sahədə heç bir əməli tədbir görülməmişdir. Aparılan monitorinqlər zamanı pambığa düzgün aqrotexniki qulluq etməyi və götürdüyü avans məbləğin təyinatına uyğun sərf edildiyi təsdiq edilmişdir. Su təminatının çatışmazlığı ilə müqavilədə üzərinə götürdüyü öhdəliyin (1 hektar üçün 30 sentiner) icra edilməsinin mümkünsüzlüyü arasında birbaşa səbəbli əlaqə vardır. Belə ki, kəndə verilən su təminatının zəif və suvarılma zamanı heç olmaması barədə qonşu kəndlər də daxil olmaqla dəfələrlə əhali aidiyyəti orqanlara (Zavod, Kənd soveti, İcra hakimiyyəti və digər) rəsmi müraciət etməsinə baxmayaraq bu barədə səlahiyyətli Dövlət Qurumları tərəfindən heç bir tədbir görülməmişdir. Kənddə su təsərrüfatının təşkili ayrı-ayrı fiziki şəxslər tərəfindən deyil dövlətin təyin etdiyi ixtisaslaşmış qurumlar tərəfindən təmin edilməlidir. Öhdəliyini yerinə yetirə bilməmək səbəbi birbaşa Su çatışmazlığı ilə bağlı olduğuna görə fors major və ya buna bərabər tutulan digər hallar kimi qiymətləndirilməsi alğı satqı müqaviləsində nəzərdə tutulmamışdır. Bu səbəbdən satıcının hüquq və mənafelərini müdafiə edən müddəaların dolğun olmaması və müqavilənin bütövlükdə alıcının mənafeyinə xidmət etməsi müqavilənin ilkin bağlanılan zaman ədalətlilik prinsipinin pozulması anlamına gəlir. Bu mənada su çatışmazlığı nəticəsində məhsuldarlığın zəif olması və ya heç olmaması satıcının müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklərinin icrasından azad etməli idi. Su təchizatının zəif və ya ümumiyyətlə olmaması satıcının təqsiri ucbatından başverməməsinin satıcının müqavilədə nəzərdə tutulmuş öhdəlikdən azad olması hüququnun göstərilməməsi məhkəmə mübahisəsi zamanı satıcının müdafəsiz qalmasına səbəb olur. Onun kimi digər fermerlərdə həmin ildə nəinki mənfəət götürmüş hətta özünün ailə üzvlərinin və digər şəxslərin əməyindən istifadə edərək ziyana düşmüşdür. Belə ki, pambığın hər hektarının becərilməsi üçün 1800 manat, ümumi olaraq 7200 manat pul vəsaiti sərf etmişdir. 7200 manatdan 5720 manat avans götürmüşdür. Öhdəliyini yerinə yetirmək üçün bütün vasitələrdən istifadə etməyinə baxmayaraq “X4 Kompleksi” MMC-nin X1 və Emalı Zavodu və digər Su təminatından məsul qurumların yarıtmaz işi sayəsində onun kimi yüzlərlə fermer süni formada borclandırılmışdır. “X4 Kompleksi” MMC-nin X1 və Emalı Zavodunun onun ünvanına göndərdiyi pretenziya məktubuna rəsmi cavab verməyisinə baxmayaraq Ağır şəkər və təzyiqi xəstəsidir, ürək damarlarına stend qoyulmuşdur. Beyin qan sızması keçirmişdir. Gündəlik həyat faliyyətini davam etmək üçün müəyyən dərman preparatlarına ehtiyacı olur və bu preparatları almaq üçün maddi durumu aşağı olduğuna görə aldığı təqaüd yetmir. 27 dekabr 2022-ci il tarixdən barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlandığına görə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. Hazırda istintaq təcridxanasında saxlanıldığı və bu səbəbdən yuxarıda qeyd etdiyi faktlarla bağlı təsdiq edici sənədləri təqdim etməyinin mümkünsüzlüyünü, müqavilənin bütövlükdə “X4 Kompleksi” MMC -nin X1 və Emalı Zavodunun mənafeyindən çıxış etməsi ilə formal olaraq bağlandığını nəzərə alaraq X4 Kompleksi” MMC -nin X1 və Emalı Zavodu ilə aralarında bağlanılmış xx.xx.2021-ci il tarixli 594 nömrəli xam pambığın alğı satqı müqaviləsinin əhəmiyyətsiz əqd olduğu üçün etibarsız hesab edilməsi barədə qərar verilməsi üçün təsdiq edici sənədləri təqdim edənədək, su çatışmazlığını sübut edəcək sənədləri təqdim etməyi üçün şərait yarananadək iddianı baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarna əlavə edilmiş müqavilədən görünür ki, alıcı qismində “X4 Kompleksi” MMC, tədarükçü qismində “X4 Kompleksi” MMC-nin” X1 və Emalı Zavodu” filialı və fermer (Cavabdeh) Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 594 saylı xam-pambığın alğısatqı müqaviləsinə əsəsən cavabdeh öhdəsində olan 3.85 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya (Alıcıya) satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 5719,78 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xampambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam-pambığın 1 tonunun qiyməti 650 manatdır.) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 3787,49 manat x 20% = 757,50 manat təşkil edir. İş materiallarına əlavə edilmiş bildirişdən görünür ki, cavabdehə borcunu cəmiyyətə ödəməsi barədə pretenziya göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449, 450 və 462-ci maddələrinə müvafiq olaraq pul öhdəliyinin icra edilməməsinə görə borclu kredit müqaviləsi üzrə borcun, onun faizlərinin və dəbbə pulunun əvəzini ödəməlidir. Bu baxımdan məhkəmə iddianın əsas borca görə tam təmin edilməsini əsaslı hesab edir. Məhkəmə cavabdehin iddiaya qarşı göstərdiyi faktları, yəni su çatışmamazlığına görə müqavilə şərtlərinə əməl edə bilməməsi barədə göstərdiklərini iddianın rədd edilməsi üçün əsaslı hesab etmir. Cavabdeh su çatışmazlığının olması ilə bağlı məhkəməyə kifayət qədər sübut təqdim etməmiş, həmçinin tərəflər arasında bağlanmış müqabilədə həmin hal fors major halı kimi qeyd edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1–ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli qərarında belə bir hüquqi mövqe müəyyən edilmişdir ki, kredit borcunun qaytarılmaması kimi işlərə baxılarkən borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərinin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. «Zvierzinski Polşaya qarşı» iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «Ədalətli tarazlığa» cavab verməlidir. Mülki qanunvericiliklə öhdəliklərin icrasının təminatı üsulu və mülki hüquq məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz və buna yol verilməməlidir. Bu mənada məhkəmə hesab edir ki, 757.50 manat məbləğində cərimə borcu tənasübsüz surətdə yüksəkdir. Ona görə də məhkəmə cərimə borcunun 80 manat saxlanmasını daha məqsədə müvafiq hesab edir. Beləliklə məhkəmə toplanmış sübutlara hüquqi cəhətdən qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh əsas borca görə 3787,49 manat, cərimə borcuna görə 80 manat tutularaq “X4 Kompleksi” MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qismən təmin olunduğu üçün məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq tərəflərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3787,50 manat əsas borc və 80 manat cərimə borcu olmaqla ümumilikdə 3 867,50 (üç min səkkiz yüz altmış yeddi manat əlli qəpik) manat borc və 58,67(əlli səkkiz manat altmış yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub “X4 Kompleksi” MMC-nin hesabına ödənilsin. Ödənilmiş 7,18 (yeddi manat on səkkiz qəpik) manat dövlət rüsumu iddiaçı “X4 Kompleksi” MMC-yə aid edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №e-2(020)-239/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-239/2024
26.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver