Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-323/2025 24.02.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Mən, Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik iddia üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə xx.xx.2019-cu il tarixli müqaviləyə 360 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hüquqi şəxs "xxxx" MMC (VÖEN **********) “Ocean RO452 CS” markalı su tamizləmə sisteminin kreditlə satışı ilə əlaqədar olaraq Cavabdeh arasında xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə müvafiq olaraq "xxxx" şirkətinə məxsus olan və qiyməti 1690 manat məbləğində olan “Ocean RO452 CS” markalı su təmizləmə sistemi Cavabdeh yoxlanılaraq təhvil verilməklə quraşdırılmış və bu barədə xx.xx.2019-cu il tarixli müqavilə, müqaviləyə 1 saylı əlavə tərtib edilərək tərəflərin imzası ilə təsdiq edilmişdir. xx.xx.2019-cu il alqı-satqı müqavləsinin şərtlərinə görə cavabdeh olan Cavabdeh “Ocean RO452 CS” markalı su təmizləmə sistemini kredit üzə hesablanmış əsas borc məbləğini tam vaxtında ödəməyi öhdəsinə götürsə də, lakin kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbardar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzi olaraq yayınmışdır. Tərəflər arasında xx.xx.2019-cu il tarixi alqı-satqı müqaviləsinə görə, cavabdeh alqı-satqı müqavləsinin 1 saylı əlavəsinin 1-ci bəndinə əsasən ilkin ödəniş 90 manat, 1 saylı əlavəsinin 1-ci bəndinə göstərilən qaydada 20 ay müddətinə hər ayın 17-dən gec olmayaraq aylıq 80 manat olmaqla ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2019-cu il tarixi alqı-satqı müqaviləsi üzrə borcunun məbləği kreditə görə 360 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2025-ci il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarını araşdıraraq belə nəticəyə gəlirəm ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilədən və 1 saylı Əlavədən görünür ki, İddiaçı Cavabdeh 20 ay müddətinə, hər ay 80 manat ödəmək şərti ilə, dəyəri 1690 manat olan “Ocean RO452 CS” markalı su təmizləmə sistemini satmışdır və həmin tarixdə satıcı tərəfindən “Ocean RO452 CS” markalı su təmizləmə sistemi xx.xx.2019-cu il tarixdə Cavabdeh təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 360 manat borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli Pretenziyadan və onun cavabdehə göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı xx.xx.2019-cu i il tarixli müqavilədən irəli gələn öhdəlikləri ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -598.3-cü maddəsinə əsasən, əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. İşdə olan sübutlara məcmu halında qiymət verərək hesab edirəm ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, iddia tələbi təmin edilməli və Cavabdeh 360 manat borcu alınaraq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ M: İddia təmin edilsin. Cavabdeh 360 (üç yüz altmış) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 390 (üç yüz doxsan) manat məbləğində pul vəsaiti tutularaq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №e-2(020)-323/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-323/2025
24.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver