Məhkəmə qərarları › İş №e-2(020)-55/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-55/2025

02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-55/2025 02.04.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması və vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19 mart 2024-cü il tarixli FAT-521 saylı Daxili lizinq müqaviləsi üzrə lizinq obyektinin geri qaytarıldığı 12 sentyabr 2024-cü il tarixə 1954,04 manat gecikdirilmiş əsas, 1260,67 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmıç 2213,03 manat dəbbə pulunu, lizinq obyekti olan avtomobilə 2414 manat dəymiş zərər, ümumilikdə 7841,74 manat borc və ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19 mart 2024-cü il tarixli FAT-521 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2022-ci il buraxılışlı, “Chevrolet Cobalt LTZ” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı, gümüşü metallik rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 18 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 648,21 manat, ümumilikdə isə 23336 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 23336 manatın 17930 manatı əsas məbləğ təşkil edir. Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün Cavabdeh FAT-521 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən 22 iyul 2024-cü il tarixə ümumilikdə 3311,20 manat borcu yaranmışdır. Daxili lizinq müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Lizinq obyekti olan “Chevrolet Cobalt” minik markalı **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobil 12 sentyabr 2024-cü il tarixdə təhvil-təslim aktı əsasında şirkətə yararsız vəziyyətdə qaytarılmış və "xxxx" MMC servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 2424 manat məbləğində maddi ziyan dəymişdir. Lizinq obyekti mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarıldığı üçün iddianın həmin hisssəsindən imtina etmişlər. Qeyd olunanlardan göründüyü kimi lizinq obyektinə dəymiş zərərin və avtomobilin şirkətə qaytarıldığı tarixə gecikdirilmiş məbləğin tələb olunması zərurəti yaranmışdır. Əlavə olaraq qeyd etmək istəyir ki, ərizədə göstərilən ümumilikdə 7841,74 manat borca görə ödənilməli olan 100 manat dövlət rüsumu iddia ərizəsi məhkəməyə müraciət olunarkən ödənilmişdir. İddiaçı MMC məhkəməyə ərizə göndərək, mülki işə iddiaçı tərəfin məhkəmə iclasında iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış FAT-521 nömrəli Daxili lizinq müqaviləsindən və X4 görünür ki, İddiaçı MMC illik 18% olmaqla, 36 ay müddətinə hər ay 648,21 manat ödəmək şərt ilə dəyəri 17930 manat olan “Chevrolet Cobalt LTZ” minik markalı nəqliyyat vasitəsi Cavabdeh müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqavilənin qüvvədə olduğu müddət ərzində və həmçinin bu müqavilə hər hansı bir səbəbdən ləğv və ya xitam edilərsə, lizinq obyektinə mülkiyyət hüququ lizinq verəndə qalır. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən. Təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski Lizinq Alana keçir. Həmin Müqavilənin 7.2-ci bəndinə əsasən, gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 1 % dəbbə pulu hesablanır və lizinq alan tərəfidən lizinq verənə ödənilir. “Daxili lizinq” müqaviləsinin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən “Chevrolet Cobalt LTZ” markalı, 77AL629 dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixdə Cavabdeh təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli Xəbərdarlıq (Pretenziya məktubu) və onun cavabdehə göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı xx.xx.2024-cü il tarixli müqavilədən irəli gələn öhdəlikləri ilə bağlı xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli Daxili lizinq müqavilə üzrə xx.xx.2024-cü il tarixə 1551,51 manat əsasborc, 1015 manat mükafat borcu və 744,69 manat cərimə borcu olmaqla, cəmi 3311,20 manat borcu vardır. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2024-cü il tarixli avtonəqliyyat vasitəsinin saxlanca verilməsi barədə Aktdan görünür ki, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 digər tərəfdən isə X5i akt tərtib etmişlər ondan ötrü ki, xx.xx.2024-cü il tarixdə "xxxx" MMC şirkətinə məxsus olan “Chevrolet Cobalt” minik markalı **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimini aparmışlar. Nəqliyyat vasitəsində əzilmiş hissələr: ön sağ qapı əzk, arxa sağ qapıda əzik var. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli Daxili lizinq müqavilə üzrə xx.xx.2024-cü il tarixə 1954,04 manat əsasborc, 1260,67 manat mükafat borcu və 2213,03 manat cərimə borcu olmaqla, cəmi 5427,74 manat borcu vardır. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, “Chevrolet Cobalt” minik markalı **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci 2414 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 fevral 2025-ci il tarixli 9/9931-9/10008 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2022-ci il buraxılışlı “Chevrolet Cobalt” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2050 manat müəyyən edimişdir. Eyni zamanda rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış 19 mart 2024-cü il tarixli FAT-521 nömrəli X8 Müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh maliyyə arayışında göstərilən tarixə yəni, 12 sentyabr 2024-cü il tarixinə İddiaçı MMC-yə olan borcu ödənilməli olan əsas borc üzrə 1954,05 manat, faiz borcu üzrə 1470,72 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X1 dair bildirşdən görünr ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə almaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Mülki Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Məcəllənin 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İşin materiallarından göründüyü kimi, Cavabdeh lizinq obyektini istifadəsinə qəbul edərək, iddiaçıya müvafiq ödənişləri həyata keçirməyi öz üzərinə öhdəlik götürmüş, lakin müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, ödənişləri gecikdirmiş və beləliklə də iddiaçı ilə bağladığı müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə işin müəyyən edilən hallarını və yuxarıda istinad edilən normaları nəzərdən keçirərək hesab edir ki, iddiaçı 19 mart 2024-cü il tarixli FAT-521 saylı daxili lizinq müqaviləsinə əsasən xx.xx.2024-ci il tarixə əsas üzrə 1954,04 manat və mükafat məbləği üzrə isə 1260,67 manat məbləğində borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmuşdur. Bununla belə məhkəmə, iddiaçının “cərimənin tutulması” tələbini qismən əsaslı hesab edir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə, borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından isə görünür ki, iddiaçı cavabdehdən 2213,03 manat məbləğində cərimə tələb etmişdir. Məhkəmənin qənaətinə görə, həmin məbləğ əsas borca mütənasib hesab oluna bilməz və cavabdehdən tutulmalı cərimə məbləğinin 200 (iki yüz) manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Eyni zamanda məhkəmə “ iddiaçının lizinq obyekti olan avtomobilə dəymiş 2414 manat məbləğində zərərin tutulmasına” dair iddia tələbi ilə isə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının istifadəsində avtomobilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76 və 88-ci maddələrinə əsasən ekspert rəyini sübut növü kimi qəbul edir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, lizinq müqaviləsi əsasında ona etibar edilmiş “Chevrolet Cobalt” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilə cavabdeh X6 tərəfindən maddi ziyan dəyməsi sübuta yetirildiyindən, iddia tələbi qismən təmin edilməli və cavabdehdən Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyi nəzərə alınmaqla, 2050 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 74,65 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaitinin 75 manatı Cavabdeh, 25 manatı isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1954,04 (min doqquz yüz əlli dörd manat 04 qəpik) manat məbləğində əsas borc, 1260,67 (min iki yüz altmış manat 67 qəpik) manat məbləğində gecikdirilmiş mükafat, 200 (iki yüz) manat məbləğində cərimə və 2050 (iki min əlli) manat məbləğində maddi ziyan olmaqla, cəmi 5464,71 (beş min dörd yüz altmış dörd manat 71 qəpik) manat məbləğində pul vəsaiti və 74,65 (yetmiş dörd manat 65) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaitinin 75 (yetmiş beş) manatı Cavabdeh və 25 (iyirmi beş) manatı isə İddiaçı MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar