Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-592/2025 01.04.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Mən, Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı MMC Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 12 may 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1440 manat əsas borcun, 115,20 manat cərimə borcu, 35,96 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 12 may 2021-ci il tarixdə Kazimoff markalı Su təmizləyici sisteminin alqı-satqısına dair “Nisyə alqı-satqı” müqaviləsi (Müqavilə) bağlanmışdır. Həmin Müqaviləyə əsasən İddiaçı MMC, ümumi dəyəri 1690 manat olan həmin malı cavabdehə nisyə satmağı, cavabdeh isə ona satılmış malı qəbul edib razılaşdırılmış formada - ödəniş cədvəlinə uyğun, “Malın” dəyərini ödəməsini öhdəsinə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etmir, Müqavilənin şərtlərini qəsdən kobud şəkildə pozur. Belə ki, Müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçməsinə və ödəniş barədə dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, borclu öhdəliyində olan borclarını ödəməkdən yayınır. Hazırda onun əsas borc üzrə 1440 manat, cərimə üzrə 115,20 manat borcu vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2025-ci il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarını araşdıraraq belə nəticəyə gəlirəm ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış KG-BM1/2021 nömrəli Nisyə alqı-satqı müqaviləsindən və müqaviləyə 1 saylı əlavədən görünür ki, İddiaçı MMC Cavabdeh 200 manat ilkin ödəniş olmaqla 15 ay müddətinə, hər ay 100 manat ödəmək şərti ilə, dəyəri 1690 manat olan KSR-006 su təmizləyici sistemi satmışdır. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən dəyəri 1690 manat olan KSR-006 su təmizləyici sistemi Cavabdeh təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, KG-BM1/2021 nömrəli müqavilə üzrə İddiaçı MMC-yə 1440 manat əsas borc və 115,20 manat cərimə borcu olmaqla, cəmi 1555,20 manat borcu vardır. xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; -445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; -598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. İşdə olan sübutlara məcmu halında qiymət verərək hesab edirəm ki, 12 may 2021-ci il tarixli, KG-BM1/2021 nömrəli müqavilə üzrə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən iddia tələbi təmin edilməli və Cavabdeh 1440 manat məbləğində əsas borc və 115,20 manat mələğində cərimə borcu tutulmalıdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, ödənilmiş 35,96 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ M: İddia təmin edilsin. Cavabdeh 1440 (min dörd yüz qırx) manat məbləğində əsas borc, 115,20 (yüz on beş manat 20 qəpik) manat məbləğində cərimə və 35,96 (otuz beş manat 96 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1591,16 (min beş yüz doxsan bir manat 16 qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №e-2(020)-592/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-592/2025
01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver