Məhkəmə qərarları › İş №e-2(020)-697/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-697/2024

16.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-697/2024 16.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İddiaçı “X2 Kompleksi” MMC-nın Cavabdeh qarşı pul tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X2 Kompleksi” MMC-nin ”X1 və Emalı Zavodu” filialı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli 193 saylı xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən, 1565.42 (bir min beş yüz altmış beş manat qırx iki qəpik) manat əsas borc, 313.08 (üç yüz on üç manat səkkiz qəpik) manat cərimə borcu, cəmi 1878.50 (bir min səkkiz yüz yetmiş səkkiz manat əlli qəpik) manat borcun və 39.19 (otuz doqquz manat on doqquz qəpik) manat ödənilmiş dövlər rusumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, İddiaçı “X2 Kompleksi” MMC, tədarükçü qismində “X2 Kompleksi” MMC-nin ”X1 və Emalı Zavodu” filialı və fermer (Cavabdeh) Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 193 saylı xam-pambığın alğı-satqı müqaviləsinə əsəsən Cavabdeh öhdəsində olan 2.70 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya (Alıcıya) satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 3257.71 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin Cavabdeh yaranmış borcdan 1662.29 manat ödəniş etmişdir. Beləliklə, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli 193 saylı müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 1565.42 manat borcu qalmışdır. Bundan əlavə, Müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam-pambığın 1 tonunun qiyməti 650 manatdır.) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 1565.42 manat x 20% =313.08 manat təşkil edir. Bununla yanaşı, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə rəsmi pretenziya məktubu göndərilməklə 3 iş günü müddətində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə isə müqavilə öhdəliyini yetirilməməsinə görə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq məsələnin cavabdeh tərəfindən məhkəmədən kənar həllinə heç bir təşəbbüs göstərilməmişdir. Beləliklə cavabdeh, Müqavilə üzrə borcunu ödəmədiyindən iddiaçı borcu qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci və 14.2.1 -ci maddələrinin tələblərinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. AR MM-nin 425.1.-ci maddəsinə əsasənöz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Ona görə də iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Cavabdeh məhkəmə bildirişini almış, lakin onun iddiaya qarşı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş üzrə toplanmış sənədləri nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş müqqavilədən görünür ki, tərəflər xam-pambığın alqı-satqısına dair xx.xx.2021-ci il tarixli 193 saylı müqavilə bağlamışlar. Müqaviləyə əsasən cavabdeh 2.70 ha torpaq sahəsində pambıq əkməklə hər hektara görə 30 sentnerdən az olmamaqla iddiaçı təşkilata pambıq təhvil verməyi öhdəsinə götürmüşdür. Cavabdeh nüqavilə şərtlərinə əməl etməmiş və işə əlavə edilən maliyyə arayışından görünür ki, onun iddiaçı təşkilata 1565.42 manat əsas borcu, 313.08 manat cərimə borcu yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Cavabdehin iddiaçı ilə arasında olan müqavilənin şərtlərinə əməl etməməsi və bunun nəticəsində hazırkı borcun yaranması iş materialları ilə kifayət qədər sübuta yetdiyindən məhkəmə iddianın qismən təmin edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1–ci maddəsinəəsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinəəsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki qanunverciliklə öhdəliklərin icrasının təminatıüsulu və mülki hüquq məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz və buna yol verilməməlidir. Bu mənada məhkəmə hesab edir ki, 313.08 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Ona görə də məhkəmə dəbbə pulunun 50 manat saxlanmasını daha məqəsədə müvafiq hesab edir. Beləliklə məhkəmə hesab edur ki, iddia qısmən təmin edilməli, cavabdehdən müqavilə üzrə əsas borca görə 1565.42 manat, cərimə borcuna görə 50 manat alınıb iddiaçı təşkilata verilməlidir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-cı maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən iddia qismən təmin edildiyindən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30.40 manat dövlət rüsumu da iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 193 saylı xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən, 1565.42 (bir min beş yüz altmış beş manat qırx iki qəpik) manat əsas borc, 50 (əlli) manat cərimə borcu, cəmi 1615.42 (bir min altı yüz on beş manat qırx iki qəpik) manat borcun və 39.19 (otuz doqquz manat on doqquz qəpik) manat dölət rusumu alınaraq “X2 Kompleksi” MMC-nin hesabına ödənilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar