Məhkəmə qərarları › İş №e-2(020)-85/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-85/2025

17.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-85/2025 17.01.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh alğı-satqı müqavilələri arasındakı fərq şəklində vurulmuş zərərin əvəzi olaraq 1560 manat məbləğində pul vəsaiti, avtomobilin cavabdehin istifadəsində olduğu müddətdə vurulmuş 323 manat zərər məbləği, işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilmiş 38,83 manat məbləğində dövlət rüsumu və dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş 1.00 manat komissiyanın, ümumilikdə 1.922,83 (bir min doqquz yüz iyirmi iki manat, 83 qəpik) manat vəsaitin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında avtomobilin alğı-satqısına dair B-003-SA-24 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilə bağlanmış, müqaviləyə əsasən satıcı (hazırkı iş üzrə iddiaçı) “Skoda Octavia 1.6 MPİ” markalı (VİN: TMBAN7NX5RY039038) avtomobili dəyəri tam ödənilənədək alıcının (iş üzrə cavabdeh) sahibliyi və istifadəsinə verməyi, alıcı isə müqavilənin qiymətini həmin müqavilə ilə razılaşdırılmış qaydada satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin qiyməti 83.220 (səksən üç min iki yüz iyirmi) manat müəyyən edilməklə, həmin məbləğdə pul vəsaitinin xx.xx.2024-cü il tarixindən başlayaraq 60 (altmış) ay müddətinə, ayda 1387 (bir min üç yüz səksən yeddi) manat olmaqla satıcıya ödənilməsi razılaşdırılmışdır. Lakin cavabdeh müqavilə üzrə 2 aylıq ödənişini ödədikdən sonra iddiaçıya qabaqcadan məlumat vermədən və heç bir əsas olmadan xx.xx.2024-cü il tarixində avtomobili iddiaçıya təhvil verərək müqavilənin icrasından imtina etdiyini bildirmişdir. Avtomobil iddiaçıya məxsus servis-təmir müəssisəsinə gətirilmiş, avtomobilə baxış keçirilmiş və baxışın nəticəsinə dair akt tərtib olunmuşdur. Həmin akta əsasən, cavabdehin istifadəsinə verilmiş “Skoda Octavia 1.6 MPİ” markalı (VİN: TMBAN7NX5RY039038) avtomobilin müqavilənin bağlanmasından əvvəlki vəziyyətə gətirilməsi üçün çəkilməli olan xərclərin ümumi dəyəri 323 (üç yüz iyirmi üç manat) manat müəyyən edilmişdir. Müqavilə üzrə öhdəliklərin icra edilməsi tələbinə dair iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində cavabdehə pretenziya məktubu göndərilməsinə baxmayaraq tələb üzrə hər hansı ödəniş daxil olmamışdır. Avtomobillə bağlı qeyd olunan xərclər tərəfimizdən ödənildikdən sonra yenidən satışa çıxarılmış, İddiaçı MMC ilə X4 arasında bağlanmış B-063-SA-24 nömrəli, xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən “Skoda Octavia 1.6 MPİ” markalı (VİN: TMBAN7NX5RY039038) avtomobil dəyəri tam ödənilənədək alıcının müvəqqəti istifadəsinə verilmiş, sonuncu isə müqavilənin qiymətini həmin müqavilə ilə razılaşdırılmış qaydada satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin ümumi qiyməti 81.660 (səksən bir min altı yüz altmış) manat müəyyən edilmişdir. Hal-hazırda sonuncu müqavilə qüvvədə olmaqla “Skoda Octavia 1.6 MPİ” markalı (VİN: TMBAN7NX5RY039038) avtomobil X1. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli, B-068-SA- 23 nömrəli müqavilənin 3.2.2, 3.2.5, 3.2.6 və 3.2.7-ci bəndlərinə əsasən, müqavilə bağlandığı tarixdən etibarən Alıcı Müqavilə üzrə öhdəlikləri, o cümlədən müqavilənin qiymətini razılaşdırılmış qaydada Satıcıya tam və vaxtında ödəməzsə, yaxud Satıcıya Müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübut təqdim etməzsə, Satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Alıcı bundan imtina etdiyi təqdirdə Satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Müqavilənin 2.5-ci bəndinə əsasən “Alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “Satıcı”ya ödəməlidir. Gecikdirilən hər gün üçün X3 aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir. Pretenziya qaydasında müqavilə öhdəliklərinin icrası tələbinə baxmayaraq Cavabdeh tərəfindən hər hansı vəsait ödənilmədiyinə görə iddiaçının alğı-satqı müqaviləsinin müddəalarına və Azərbaycan Respublikası MM-nin 21.2, 399.4 və 645.2-ci maddələrinə uyğun olaraq, cavabdehdən avtomobilin yenidən satılmasına görə ikinci müqavilə ilə birinci arasındakı qiymətin fərqi şəklində zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. İşin yuxarıda qeyd olunan faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsaslanaraq, hesab edirik ki, iş üzrə Cavabdeh alğı-satqı müqavilələri arasındakı fərq şəklində vurulmuş zərərin əvəzi olaraq 1.560 (bir min beş yüz altmış) (83220-81660=1560) manat pul vəsaiti və avtomobilin cavabdehin istifadəsində olduğu müddətdə vurulmuş 323 manat zərər məbləği olmaqla ümumilikdə 1883 (bir min səkkiz yüz səksən üç manat) manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Ona görə də, 1883 manat məbləğində pul vəsaitinin, işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 38,83 manat məbləğində dövlət rüsumunun və dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş 1.00 manat komissiyanın Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamənin çıxarılması üçün tərəfimizdən məhkəməyə müraciət edilməsinə əsas yaranmışdır. İddiaçı elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, işə mahiyyəti üzrə baxılmasını, təqdim edilmiş sənədlərin sübut kimi nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli B-003-SA-24 nömrəli avtomobil alqı-satqısı müqaviləsindən görünür ki, “Skaz Autohouse MMC”-satıcı, Cavabdeh -alıcı olmaqla aralarında bağlanmış müqaviləyə əsasən, satıcı dəyəri 83.220 manat olan “Skoda Octavia 1.6MPİ” buraxılış ili 2023 olan (VİN TMBAN7NX5RY039038) rəng qara metal) avtomobili dəyəri tam ödənilənədək texniki saz halda alıcının istifadəsinə verməyi, o cümlədən avtomobilin dəyəri tam ödənildikdən sonra alıcının mülkiyyətinə verməyi, alıcı isə təhvil verilmiş avtomobili qəbul etməyi və onun qiymətini hazırkı müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, müqavilənin 1.1-ci bəndində göstərilən avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxil 83.220(səksən üç min iki yüz iyirmi) manat müəyyən edilir. Tərəflərin razılığı ilə ilkin ödəniş 0 manat müəyyən edilmiş və qalıq borc sayılacaq 83.220(səksən üç min iki yüz iyirmi) manat məbləği isə alıcı xx.xx.2024-cü il tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 1387 manat ödəməyi Satıcı qarşısında öz öhdəsinə götürür. Həmin Müqavilənin 3.2.5 (b) bəndinə əsasən, hazırkı müqaviləyə istənilən əsaslarla xitam verilən zaman Alıcı Satıcıdan avtomobilin və yaxud ödədiyi vəsaitlərin ona verilməsini tələb etmək hüququna malik deyil, bu zaman satıcı tərəfindən üçüncü şəxslərə satıldıqdan sonra satış məbləği alıcının borcunu tam bağladıqda, yerdə qalan məbləği bu Müqavilənin 3.2.5-ci maddəsinin a bəndində nəzərdə tutulmuş qaydada Alıcıya geri qaytarır. Bu məbləğ alıcının borcunu ödəmədiyi təqdirdə alıcı qalıq borc məbləğini satıcıya ödəməlidir. Alıcı bundan imtina etdiyi təqdirdə satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Həmin Müqavilənin 4.1.1 və 4.1.4-cü bəndlərinə əsasən,müqavilənin ümumi məbləğini Müqavilə ilə müəyyən edilmiş müddət və qaydada ödəmək, avtomobilin istismarı zamanı istehsalçı zavod tərəfindən müəyyən edilmiş istismar qaydalarına riayət etmək alıcının öhdəliklərindədir. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Skoda Octavia 1.6 MPİ markalı nəqliyyat vasitəsi qüsursuz və texniki saz vəziyyətdə alıcı Cavabdeh təhvil verilmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş Arayışdan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli B-003-SA-24 nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdə DQN alınması və icbari sığorta ödənişi üzrə 580 manat, xx.xx.2024-cü il tarixdə 1387 manat və xx.xx.2024-cü il tarixdə 1387 manat ödəniş edilmişdir. Qalıq borc məbləği 80.446 manat təşkil edir. İddiaçı MMC tərəfindən tərtib edilmi təmir aktından görünür ki, “Skoda Octavia1.6 MPİ” markalı avtomobilin təmir və bərpa xərcləri 323 manat təşkil edir. xx.xx.2024-cü il tarixli B-063-SA-24 nömrəli avtomobil alqı-satqısı müqaviləsindən görünür ki, İddiaçı MMC-satıcı ilə X4 -alıcı olmaqla aralarında bağlanmış müqaviləyə əsasən, satıcı dəyəri 81.660 manat olan Skoda Octavia1.6 MPİ buraxılış ili 2023 olan (VİN TMBAN7NX5RY039038) rəng qara metal) avtomobili dəyəri tam ödənilənədək texniki saz halda alıcının istifadəsinə verməyi, o cümlədən avtomobilin dəyəri tam ödənildikdən sonra alıcının mülkiyyətinə verməyi, alıcı isə təhvil verilmiş avtomobili qəbul etməyi və onun qiymətini hazırkı müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, iddiaçı tərəfindən cavabdehə 11.608,20 manat məbləğində dəymiş zərərin ödənilməsi barədə xəbərdarlıq edilmiş və eləcə də həmin pretenziyada qeyd edilmişdir ki, cabadeh tərəfindən avtomobil xx.xx.2024-cü il tarixdə iddiaçıya geri qaytarılmışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, “Skoda Octavia 1.6 MPİ” markalı avtomobil 83.220 manata cavabdehə satılmışdır. Cavabdeh ümumilikdə həmin avtomobilə görə 2774 manat məbləğində ödəniş etmiş, daha sonra həmin avtomobilə görə 80.446 mnat borc qalmış və xx.xx.2024-cü il tarixdə avtomobil iddiaçıya geri qaytarılmışdır. İddiaçı həmin avtomobili başqa şəxsə 81.660 manata satmışdır. Halhazırda iddiaçı məhkəməyə müraciət edərək, avtomobil qaytarıldıqdan sonra onun əvvəlki vəziyyətinə gətirilməsi ilə bağlı çəkdikləri 323 manat məbləğində xərcin və eləcə də müqavilələr arasında olan 1560 manat məbləğində fərqin cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -598.3-cü maddəsinə əsasən, əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Yuxarıda göstərilənlərə əsasən, məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh tərəfindən avtomobil qaytarıldıqdan sonra onun əvvəlki vəziyyətinə gətirilməsinə dair təmir xərci olan 323 manat məbləğində pul vəsaitinin tutulması hissəsində iddia tələbi əsaslıdır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş aktla müəyyən edilmişdir ki, mübahisəli avtomobilin təmiri üçün iddiaçı tərəfindən 323 manat məbləğində xərc çəkilmiş, lakin cavabdeh tərəfindən həmin halın mübahisə edilməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbinin “alqı-satqı müqavilələri arasındakı fərq şəklində vurulmuş zərərin əvəzi olaraq 1560 manat məbləğində pul vəsaitinin tutulması” hissəsində iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki,tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən, satıcı tərəfindən üçüncü şəxslərə satıldıqdan sonra satış məbləği alıcının borcunu tam bağladıqda, yerdə qalan məbləğ Alıcıya geri qaytarılır. Bu məbləğ alıcının borcunu ödəmədiyi təqdirdə alıcı qalıq borc məbləğini satıcıya ödəməlidir. Alıcı bundan imtina etdiyi təqdirdə satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya 80.446 manat borcu qalmış, iddiaçı isə avtomobili üçüncü şəxsə 81.660 manata satmışdır. Göründüyü kimi, cavabdeh tərəfindən həmin avtomobilin iddiaçıya geri qaytarılması ilə bağlı hər hansı bir ziyan dəyməmiş, əksinə 1214 manat məbləğində əlavə olaraq gəlir əldə etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş materiallarında olan sübutlara məcmuu halda qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh 323 manat məbləğində zərər tutularaq, iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 38,83 manat məbləğində dövlət rüsumunun 30 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 8,83 manat hissəsi və eləcə də dövlət rüsumunun ödənilməsi ilə bağlı 1 manat xidmət haqqı iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 323 (üç yüz iyirmi üç) manat məbləğində pul vəsaiti və 30(otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar