Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-134/2023 30.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçının nümayəndəsi X1 iştirakları ilə, İdiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxracı İdarəsinin Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi tələbi barədə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxracı İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qaz İxrac” İdarəsi, X5 Sahəsinin istismarında olan Bərdə rayonu, dəmir yolun yaxınlığından, keçmiş Meşəçilik institutu adlanan ərazidən keçən “Yevlax-Naxçıvan yüksək təzyiqli (12 atm) qaz kəmərinin 27-ci km-də, 7 metr məsafədə yerləşən, Cavabdeh məxsus fərdi yaşayış evinin öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxracı İdarəsi iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının tələbləri pozularaq Bərdə rayonu, Dəmir yolunun yaxınlığından keçmiş Meşəçilik institutu adlanan ərazidən keçən “Qaz İxrac İdarəsinin X8 Kəmərləri Sahəsinin balans və istismarında olan 720 mm diametrli “Yevlax-Naxçıvan” yeraltı yeksək təzyiqli qaz kəmərinin 27-ci km-də qaz kəmərindən 7 metr məsafədə Cavabdeh məxsus fərdi yaşayış evi tikilmişdir. Magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikili ilə əlaqədar Bərdə Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidmətinə məlumat verilmiş və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyatı üzrə müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Cavabdehə məxsus, buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa olunan tikili, eyni zamanda fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır, bu səbəbdən də sökülməlidir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxracı İdarəsinin nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsini, xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 14 mart 2022-ci il tarixli, 220 ********* nömrəli məktubundan müəyyən olunur ki, Cavabdeh torpaq sahəsinə dair qanunvericilikdə nəzərdə tutulan qaydada mülkiyyət, istifadə və ya icrə hüququ olmadan tikinti işləri aparmışdır. İş materiallarında olan 31 yanvar 2022-ci il tarixli aktın surətindən müəyyən olunur ki, Cavabdeh Bərdə rayonu, Dəmir yolunun yaxınlığından keçmiş Meşəçilik institutu adlanan ərazidən keçən “Qaz İxrac İdarəsinin X8 Kəmərləri Sahəsinin balans və istismarında olan 720 mm diametrli “Yevlax-Naxçıvan” yeraltı yüksək təzyiqli qaz kəmərinin 27-ci km-də qaz kəmərindən 7 metr məsafədə bir mərtəbəli yaşayış evi tikməsi aktlaşdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin MAPS Şöbəsinin arayışından müəyyən olunur ki, Cavabdeh 01 avqust 1987-ci ildə Bərdə rayonunda doğulmuşdur, ünvan 1i ünvanında qeydiyyatdadır. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən müəyyən olunur Cavabdeh onun tərəfindən tikilən evin ərazisindən Qaz İxrac İdarəsinin X8 Kəmərləri Sahəsinin balans və istismarında olan 720 mm diametrli “Yevlax-Naxçıvan” yeraltı yüksək təzyiqli qaz kəmərinin keçməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən iş üzrə 20 sentyabr 2022-ci il tarixli, e-2(021)-1442/2022 saylı qərardadla məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 08 fevral 2023-cü il tarixli, 10/7436 nömrəli ekspert rəyi ilə Cavabdeh tərəfindən tikilmiş yaşayış evinin Bərdə rayonu, Dəmir yolunun yaxınlığından keçmiş Meşəçilik institutu adlanan ərazidən keçən “Qaz İxrac İdarəsinin X8 Kəmərləri Sahəsinin balans və istismarında olan 720 mm diametrli “Yevlax-Naxçıvan” yeraltı yüksək təzyiqli qaz kəmərinin 27-ci km-də qaz kəmərindən 7 metr məsafədə inşa edildiyi müəyyən edilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 19 may 2023-cü il tarixli, 3-21-2-46/2-2319/2023 saylı məktubdan müəyyən olunur ki, Cavabdeh adına daşınmaz əmlakıln dövlət reyestrində əmlak qeydiyyata alınmamışdır. İş materiallarında olan mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdehin istifadəsində olan torpaq sahəsi və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində hər hansı hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Mübahisəli tikili, "Yevlax-Naxçıvan" yüksək təzyiqli (12 atm) qaz kəmərinin 27-ci kilometrliyində qaz kəmərinin 7 metr məsafədə yerləşir. Bununla da mühafizə zonasını pozmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə iş üzrə ekspert rəyini əsas götürərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, kspert rəyində qeyd olunmuşdur ki, Cavabdeh istifadəsində olan torpaq sahəsi və fərdi yaşayış evinin, daş hasarın yerləşdiyi torpaq sahəsi üzərində hər hansı hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Mübahisəli tikili, "Yevlax-Naxçıvan" yüksək təzyiqli qaz kəmərinin 27-ci kilometrliyində qaz kəmərinin 7 metr məsafədə yerləşir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən . Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir.Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları"na yeraltı qaz kəmərlərindən binalara və tikililərə qədər olan məsafəyə aid 2 nömrəli əlavədə orta təzyiqli qaz kəmərlərinin bina və qurğuların özüllərinə qədər məsafəsi 4 metr, aşağı təzyiqli qaz kəmərlərinin məsafəsi isə 2 metr müəyyən edilmişdir. Həmin “Qaydaları"ın 2.13-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. Həmin “Qaydaları"ın 2.7-ci bəndinə əsasən Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq,istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: Həmin “Qaydaları"ın 2.11-ci bəndinə əsasən Boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərin aparılması qadağandır. Həmin “Qaydaları"ın 2.23-ci bəndinə əsasən Magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Azərbaycan Respublikasının Qaz təchizatı haqqında Qanunun 6-cı maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Həmin Qanunun 19-cu maddəsinə əsasən mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilədə binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri sənaye qaz qurğusunun istismarına icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Həmin Qanunun 22-ci maddəsinə əsasən Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikası Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar,dövlət obyektlərinin-dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının,mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar, yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları, meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla), Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar, təbiəti mühafizə, təbii-qoruq,sağlamlaşdırma, istirahət, tarixi-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan ərazilərin torpaqları, dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları,dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar, dövlət ehtiyat fondu torpaqları dövlətin müstəsna mülkiyyətindədir, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin Məcəllənin 110-cu maddəsinə əsasən bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin istifadəsində olan torpaq sahəsi və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində hər hansı hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, həmin torpaq sahəsi dövlət mülkiyyətində olmaqla X9 torpaqlarına aid olduğundan, mübahisəli tikili, "Yevlax-Naxçıvan" yüksək təzyiqli qaz kəmərinin 27-ci kilometrliyində qaz kəmərinin 7 metr vəsafəsində yerləşdiyindən Bərdə rayonu, dəmir yolun yaxınlığında, keçmiş Meşəçilik institutu adlanan ərazidən keçən «Yevlax-Naxçıvan» yüksək təzyiqli (12 atm) qaz kəmərinin 27-ci km-də qaz kəmərinin 7 metr məsafəsində yerləşən, Cavabdeh məxsus fərdi yaşayış evi cavabdehin öz vəsaiti hesabına sökülməli və mühafizə zonası boşaldılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 6.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bundan başqa Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya, 100 manat məbləğində ekspertiza xərci cavabdehdən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxracı İdarəsinin Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi və mühafizə zonasının boşaldılması tələbinə dair iddiası təmin edilsin. Bərdə rayonu, dəmir yolun yaxınlığında, keçmiş Meşəçilik İnstitutu adlanan ərazidən keçən «Yevlax-Naxçıvan» yüksək təzyiqli (12 atm) qaz kəmərinin 27-ci kmdə qaz kəmərinin 7 metr məsafəsində yerləşən, Cavabdeh məxsus fərdi yaşayış evi cavabdehin öz vəsaiti hesabına sökülsün və mühafizə zonası boşaldılsın. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatlarının 100 (yüz) manat dəyəri Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ( keçiriləcək hesab: Büdcə təsnifatı kodu 141319, büdcə cəviyyəsinin kodu 3, SAP( XİİS) hesabı Dövlət Xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ ********************,SFİFTBİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE********************) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №e-2(021)-134/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-134/2023
30.05.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver