Məhkəmə qərarları › İş №e-2(021)-1420/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-1420/2023

14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1420/2023 14.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı sığorta ödənişinin subroqasiya qaydasında tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı sığorta ödənişinin subroqasiya qaydasında tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 aprel 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi Vaz 21051 markalı ** NU *** dövlət nömrə nişanlı avotmobil Mingəçevir Bəhramtəpə yolunun 57-ci km-i ilə hərəkət edən zaman manevretmə qaydalarını pozmuş, nəticədə Vaz 20174 markal ** MJ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuş və həmin avtomobili idarə edən X1 yüngül dərəcəli xəsarət yetirmişdir. Beləki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Bərdə Rayon Məhkəməsi tərəfindən tərtib olunmuş 25 aprel 2022 –ci il tarixli 2(021)-601/2022 saylı qərarla Vaz 21051 markalı ** NU *** nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəllisinin 332.1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd edilən yol nəqliyyat hadisəsi nəticsində Vaz 21074 markalı ** MJ *** dövlət nömrə nişanlı avtomobilə 508 manat maddi zərər dəymiş, həmin avtomobili idarə edən X2 isə 750 manat müalicə xərci tələb edən xəsarət almışdır. PME********** saylı sığorta şəhadətnaməsinə, İAS221484 saylı 21 iyun 2022-ci il tarixli Sığorta ödənişiaktına və akta 1 saylı əlavəyə əsasən "xxxx" ASC tərəfindın cəmi 1258 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunanlardan da göründüyü kimi, Cavabdeh hadisə vaxtı Vaz 21051 markal ** NU *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmə hüququ olmadan idarə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan ... az olan iddialar (kiçik iddialar) üzrə işlərə ... sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata qəbul edilmiş və cavabdehə bildiriş göndərilərək, bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan PME********** saylı sığorta müqaviləsindən müəyyən olunur ki, “VAZ 21051” markalı ** NU *** dövlət qeydiyyat nişanlı avtomaşın "xxxx" Açıq Səhmdar Cəmiyyətində sığortalanmışdır. İş materiallarında olan sığorta ödənişi aktının surətindən müəyyən olunur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X1 750 manat və 508 manat sığorta ödənişi edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin YNH-ə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş müstəntiqi, polis mayoru X3 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 12 aprel 2022-ci il tarixli qərarı ilə Cavabdeh barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 3(021)- 601/2022 saylı qərarının surətindən müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.4-cü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 332.4-cü maddəsi ilə barəsində 400 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. İş materiallarında olan sığorta aktının surətindən müəyyən olunur ki, VAZ 21074 markalı ** MJ *** dövlət qeydiyyat nişanlı avtomobilə 508 manat maddi ziyan dəymişdir. İş materiallarında olan müstəqil ekspert Səfərov Rəşad oğlu tərəfindən tərtib edilmiş qüsur aktının surətindən müəyyən olunur ki VAZ 21074 markalı ** MJ *** dövlət qeydiyyat nişanlı avtomobilə ehtiyat hissələri üzrə dəymiş ziyan cəmi 178 manat, işçilik isə 330 manat, cəmi 508 manat qiymətləndirilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsində sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığı hallar göstərilib. Həmin qanunun 63.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasi Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsinə müvafiq olaraq, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəyə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh 1290,98 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 1, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 1258 (min iki yüz əlli səkkiz manat) manat borc və 32.98 (otuz iki manat doxsan səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar