Məhkəmə qərarları › İş №e-2(021)-1465/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-1465/2023

11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1465/2023 11.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X1 iclas kаtibliyi ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dаir iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı «borc» tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 328,00 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Bərdə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 067 saylı alqı-satqı müqaviləsinə əsasən Bərdə rayonu, Məmmədli kəndi ərazisində 1,0 ha sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “İddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar “Cavabdeh” “İddiaçı”dan 328,00 manat məbləğində vəsaiti avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 24,00 manat məbləğində kultivasiya, 30,00 manat məbləğində şum, 10,00 manat məbləğində səpin, 36,00 manat məbləğində şirvan malası, 10,00 manat məbləğində arx çəkmə, 128,00 manat məbləğində toxum, 90,00 manat məbləğində pambığın becərilməsinə görə ödənilən vəsait nəzərə alınmaqla ümumilikdə, 328,00 manat dəyərində işlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. Lakin “Cavabdeh” müqavilənin şərtlərini pozaraq mövsum başa çatsa da xam-pambıq təhvil verməmiş, “İddiaçı”ya 328,00 manat məbləğində borcu qalmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə və ödəmə tapşırıqları, üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq “Cavabdeh” “İddiaçı”ya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Cavabdeh iddia ərizəsinin, müqavilənin və onun prosessual hüquq və vəzifələrinin izahı haqqında bildirişin surəti göndərilmiş, həmçinin, ona bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərə biləcəyi bildirilmiş və MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizənin məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılacağı və həmin işin həllinə dair qətnamə çıxarılacağı barədə xəbərdar edilmişdir. Cavabdeh iddia tələbinə etirazının olub-olmaması ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İddiaçı MMC –nin Bərdə Filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 067 saylı müqavilədən görünür ki, Müqavilənin 1.1-ci bəndində müqavilənin predmetini İddiaçı MMC-nin Bərdə filialı tərəfindən “Fermer” Cavabdeh məxsus (və ya icarədə olan) Bərdə rayonu Məmmədli kəndində yerləşən 1 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət və həcmdə keyfiyyətlə yerinə yetirilməsi, “Fermer” tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində, “Filiala” təhvil verilməsi və “Filial” tərəfindən “Fermerin” borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi təşkil edilir. İddiaçı MMC-nin Bərdə filialının direktoru tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli aktından görünür ki, Cavabdeh Bərdə rayonu, Məmmədli kəndində yerləşən 1,0 ha torpaq sahəsinə 1 kultivasiya aparılmışdır. İddiaçı MMC-nin Bərdə filialının direktoru tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli aktından görünür ki, , Cavabdeh Bərdə rayonu, Məmmədli kəndində yerləşən 1,0 ha torpaq sahəsinə 2-ci kultivasiya aparılmışdır. İddiaçı MMC-nin Bərdə filialının direktoru tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli aktından görünür ki, Cavabdeh oğunun Bərdə rayonu, Məmmədli kəndində yerləşən 1,0 ha pambıq sahəsinə 1-ci şum əkilmişdir. İddiaçı MMC-nin Bərdə filialının direktoru tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli aktından görünür ki, Cavabdeh oğunun Bərdə rayonu, Məmmədli kəndində yerləşən 1,0 ha pambıq sahəsinə çiyid səpilmişdir. İddiaçı MMC-nin Bərdə filialının direktoru tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli Malların təhvil-təslim aktından görünür ki, Cavabdeh 2,0 ha pambıq sahəsinə Şirvan malası çəkilmişdir. İddiaçı MMC-nin Bərdə filialının direktoru tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli aktında görünür ki, Cavabdeh oğunun Bərdə rayonu, Məmmədli kəndində yerləşən 1,0 ha pambıq sahəsinə arx çəkilmişdir. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1975-ci il tarixdə Bərdə rayonu, Məmmədli kəndində doğulmuşdur, Bərdə rayonu Qazıqurdalı kəndində yaşayır. xx.xx.2019-cu il tarixli PAM00011898 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı MMC Arat suvarması üçün Cavabdeh 20 AZN pul ödəmişdir. xx.xx.2019-cu il tarixli PAM00010533 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı MMC kətmənləmə və seyrəltmə üçün Cavabdeh 70 AZN pul ödəmişdir. Maliyyə arayışından görünür ki, Fermer Cavabdeh təhvil verdiyi xam pambığın və qaytardığı nağd vəsait nəzərə alınmaqla İddiaçı MMC-yə qalıq borcu 328,00 manatdır. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, cəmiyyət Cavabdeh 328,0 manat məbləğində borcun qısa müddətdə ödənilməsini, əks təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyi bildirilir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC məhkəmədə iddia qaldırılması üçün 30,0 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir. Məhkəmə tərəfindən müəyyən olunur ki, İddiaçı MMC Cavabdeh iddiaçının xeyrinə 328,00 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. MM-in 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. MM-in 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi (vаxtındа icrа edilməməsi, mаllаrdа, işlərdə və xidmətdə qüsurlаrlа və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmаqlа icrа edilməsi) bаşа düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icrа etməyən bоrclu kreditоrа dəymiş zərərin əvəzini ödəməyə bоrcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslıdır. Belə ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi qismən əsaslıdır. Belə ki, İddiaçı MMC Cavabdeh Bərdə rayonu, Məmmədli kəndində yerləşən 1,0 ha torpaq sahəsinə 1-ci şum əkilməsi, Bərdə rayonu, Məmmədli kəndində yerləşən 1,0 ha torpaq sahəsinə 2-ci şum əkilməsi, Bərdə rayonu, Məmmədli kəndində yerləşən 1,00 ha torpaq sahəsinə çiyid səpilməsi, Bərdə rayonu, Məmmədli kəndində yerləşən 2,0 ha torpaq sahəsinə ziqzaq mala çəkilməsi, Bərdə rayonu, Məmmədli kəndində yerləşən 2,0 ha torpaq sahəsinə təkrar çiyid səpilməsini iddia edir. Lakin iddiaçı həmin çəkilmiş xərclərə dair hər hansı bir sübutu (iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə, həmçinin Cavabdeh məxsus Bərdə rayonu, Məmmədli kəndində yerləşən 1,0 ha, 1,0 ha, 1,0 ha, 2,0 ha və 2,0 ha torpaq sahələrinə çəkilmiş xərclərin ödənişinə dair qəbzləri) ərizəsinə əlavə etməmişdir. Yalnız ödəniş tapşırıqlarını əlavə etmişdir ki, məhkəmə həmin hissədə yəni iki ödəniş tapşırığının cəmi olan 90 manat hissədə iddianın təmin edilməsini doğru hesab edir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya 328,00 manat məbləğində borcunun olması sənədlərlə təsdiq edilmir. Belə ki, cavabdeh və iddiaçının nümayəndəsi görülmüş işlərə dair aktları imzalamışlar. Lakin, həmin aktlarda görülmüş işlərin dəyəri öz əksini tapmadığından həmin hissədə iddia təmin edilə bilməz. Yalnız ödənilmiş 90 manat avansın cavabdehdən tutulması hissəsində iddia təmin edilə bilər. Buna görə də, məhkəmə hesab edir ki, cavabdehdən 90,00 (doxsan) manat məbləğində pul tutularaq iddiаçı İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. MPM-in 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödəmişdir. MPM-in 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qismən təmin edildiyindən iddia verilməsi üçün ödənilmiş 30 mаnаt məbləğində dövlət rüsumundan 28 manatı cavabdehə, dövlət rüsumunun geri qalan 2 manat hissəsi və rüsum ödənilməsi ilə bağlı ödənilmiş 0,40 manat bank xidmət haqqı isə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 284-1-284-6, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 90,00 (doxsan) manat və 28 (iyirmi səkkiz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Dövlət rüsumunun 2 manat hissəsi və rüsum ödənilməsi ilə bağlı ödənilmiş 0,40 manat bank xidmət haqqı iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar