Məhkəmə qərarları › İş №e-2(021)-1540/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-1540/2025

17.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1540/2025 17.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Məhərrəmov Bayram Yusif оğlu İddiаçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dаir iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı "xxxx" ASC Cavabdeh 120 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Mətbuat prospektində "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PXA********** saylı sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış Toyota Corolla markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə Honda Element minik markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Dövlət yol polis şöbəsinin əməkdaşı tərəfindən tərtib edilmiş İXP4393271 nömrəli İnzibati xəta haqqında protokola əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 327.6-cı maddələri (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. Təqdim edilmiş Qüsur aktında göstərilmişdir ki, Honda Element minik markalı, **-EA- *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 120 manat təşkil edir. Bununla əlaqədar "xxxx" ASC tərəfindən iş üzrə PXA104455 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 120 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdehin etirazı: Cavabdehə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən olunmuş qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən məhkəməyə iddiaya qarşı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına istinad: Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, hadisə xx.xx.2022-ci il tarixdə saat 11:50-də Bakı şəhərinə baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü toqquşmadır. Arayışın 1-ci hissəsindən görünür ki, nəqliyyat vasitəsi **- CF-*** dövlət qeydiyyat nişanlı Toyota Corolla minik markalı maşındır, nəqliyyat vasitəsinin mülkiyyətçisi X1, hadisə baş verdiyi anda sürücüsü Cavabdeh olmuşdur. Arayışın 2-ci hissəsindən görünür ki, zərərin növü əmlaka dəyən zərər olub, zərər vurulan nəqliyyat vasitəsi Honda Element minik markalı **-EA-*** qeydiyyat nişanlı maşın olub, maşının arxa hissəsinə zərər dəyib, onun mülkiyyətçisi və hadisə zamanı idarə edən şəxs İsayev Anar Hidayət oğlu olmuşdur. İXP ******* nömrəli xx.xx.2022-ci il tarixli Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən İnzibati xəta haqqında Protokoldan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixində saat 11:50-də Toyota Corolla minik markalı **-CF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edib, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. “AutoBox automobile services” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 81 nömrəli Qiymətləndirmə aktından görünür ki, **-EA-*** dövlət nişan nömrəli Honda Element markalı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün aparılmış yekun işin qiyməti 120 manat təşkil edir. xx.xx.2022-ci il tarixli Sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının Təhviltəslim Aktından görünür ki, "xxxx" ASC tərəfindən İsayev Anar Hidayət oğluna sığorta ödənişini almaq üçün plastik kart təhvil verilmişdir. PXA104455 nömrəli Sığorta aktından görünür ki, **-CF-*** qeydiyyat nişanlı Toyota Corolla 2006 nəqliyyat vəsitəsi PXA********** nömrəli sığorta şəhadətnaməsi ilə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək sığortalanmışdır. Həmin aktın 2-ci hissəsinə əsasən, Sığorta hadisəsinin təfərrüatı: xx.xx.2022-ci il tarixdə saat 11:50-də sığirtalanmış Toyota markalı 01CF986 dövlət qeydiyyat nişanlı avtomobil Honda markalı 99EA558 dövlət qeydiyyat nişanlı avtomobilə toqquşmuşdur. Dəymiş zərər və İsayev Anar Hidayət oğluna edilən sığorta ödənişi 120 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli 05/01- nömrəli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC tərəfindən zərərçəkənə ödəniləcək məbləğ daha sonra Cavabdeh subroqasiya qaydasında geri tələb ediləcəyindən sonuncuya 3 gün ərzində "xxxx" ASC-nin ofisinə yaxınlaşaraq qiymətləndirilmənin nəticələri ilə tanış olmaq tövsiyə olunmuşdur. xx.xx.2025-ci il tarixli 05/02-213 nömrəli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 120 manat sığorta ödənişinin subroqasiya qaydasında "xxxx" ASC-yə 7 iş günü ərzində könüllü ödənilməsi təklif edilmiş, əks halda qeyd olunan məbləğin məhkəmə qaydasında geri tələb ediləcəyi və bu zaman yaranacaq əlavə məhkəmə və vəkil xərclərinin də tutulacağı bildirilmişdir. Dövlət rüsumu haqqında məlumatdan görünür ki, xx.xx.2025-ci il tarixində "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir, qəbzin nömrəsi – **********52. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin:

327. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması 327.1. Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə - qırx manat məbləğində cərimə edilir. 327.6. Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə - yüz manat məbləğində cərimə edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun: 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə müvafiq olaraq, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə görə, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən şəxsə qarşı istifadə edə bilər. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1-ci maddəyə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını təhlil edib müəyyən etmişdir ki, Toyota Corolla markalı **- CF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 12 ay müddətinə iddiaçı "xxxx" ASC tərəfindən sığortalanmışdır. Cavabdeh tərəfindən idarə olunan Toyota Corolla markalı **-CF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixdə Honda Element markalı **-EA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində Honda Element markalı **-EA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş maddi zərər qiymətləndirmə aktında öz əksini tapmış və həmin məbləğ "xxxx" ASC tərəfindən zərərçəkmiş şəxs İsayev Anar Hidayət oğluna ödənilmişdir. İnzibati xəta haqqında protokola əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinmişdir. Sürücünün yol nəqliyyat qaydalarını pozduqdan sonra hadisə yerindən yayındığına görə sığortaçı, etdiyi 120 manat məbləğində ödənişi “İcbari sığorta haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən cavabdehdən tələb etməyə haqlıdır, yəni sığortaçının subroqasiya hüququ yaranmışdır. İddiaçı cavabdehə xəbərdarlığı göndərməklə pretenziya qaydalarına riayət etmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 120 manat Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 233, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 120 (yüz iyirmi) manat tutulаrаq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutulаrаq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar