Məhkəmə qərarları › İş №e-2(021)-1611/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-1611/2023

19.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1611/2023 19.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Abbasov Gündüz Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh və ya Cavabdeh İB) qarşı “Cərimə məbləğinin silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh İB tərəfindən ona əsassız olaraq yazılmış 1036,80 (bir min otuz altı manat 80 qəpik) manat borc məbləğinin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh idarənin əməkdaşları ona 1036.80 (bir min otuz altı manat 80 qəpik) manat məbləğində borc yazılmışdır. Ancaq o, bu borcu əsaslı hesab etmir. Ona məxsus olan smartkart olmayan işıq sayğacını sökərək yeni sayğac quraşdırarkən cavabdeh idarənin əməkdaşlarından sayğacda problem olub-olmamasını soruşmuş, onlar sayğacda problem olmadığını, sayğacı dəyişdiklərini bildirmişlər. Sayğacı dəyişdikdən beş ay sonra isə ona 31.01. 2023-cü il tarixli 03527733 saylı Akt əsasında cərimə yazmışlar və adını da qoymuşlar ki, guya o, sayğaca müdaxilə etmişdir. Həmin Akta imza etməmiş, cavabdeh orqanın əməkdaşları 31 avqust 2022-ci il tarixdə sayğacı yeniləmişlər. Beş ay sonra isə gəlmişlər ki, sayğaca müdaxilə etmişdir. Müəyyən edilmiş borcun heç bir əsası yoxdur. Sayğaca nəzarəti də qaz idarəsi əməkdaşları həyata keçirir, qiymətləndirmə də özlərinə aiddir. İkincisi, qaz sayğacı həyətdən çöldə quraşdırılmış və gecə saatlarında, yaxud da gündüz vaxtlarda ona davamlı nəzarət edə bilmək imkanına sahib deyil və ümumiyyətlə vətəndaşın borcu deyil ki, onun imkanları xaricində olan işlər üçün özünü məsuliyytli hesab etsin. Vaxtında həmin sayğacı həyətin daxilində quraşdırsaydılar, onlar da bilərdilər ki, həmin sayğaca nəzarət barəsində məsuliyyət tamamilə onların üzərindədir. Azəriqaz ilə onun təqsirinə dair təkzibedilməz dəlillərin olmadığına baxmayraq, təqsirsizliyi üzərindən ona hüquqi əsası olmayan öhdəlik yaratmaq istəyi ilə, əsassız borc yazmışlar. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh İB-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzrlü səbəb olmadan Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1971-ci ildə Bərdə rayonunda anadan olmuşdur, Bərdə şəhəri M.Cəfərov küçəsi 6-da qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 fevral 2023-cü il tarixli 958 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə şəhəri M.Cəfərov küçəsi 6 nömrəli evdə yaşayır. “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 30 yanvar 2023-cü il tarixli müqavilədən görünür ki, paylayıcı-Cavabdeh İB Tərtər RQİS-nin Bərdə rayon filialı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçı- İddiaçı Bərdə şəhəri S.Vurğun küçəsində yerləşən fərdi yaşayış evini keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. 31 yanvar 2023-cü il tarixli ******* nömrəli Aktdan görünür ki, İddiaçı Bərdə şəhəri S.Vurğun küçəsində yerləşən yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, sayğacın çıxış plastmas borusu deşilib. Xətalar normadan artıqdır. Sayğac minimal sərfiyyatda 100% nisbi xətayla işləyir. Kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirilmiş, plastmas boruda deşik aşkar olunmuşdur. Hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. Abonentin saldosundan görünür ki, Bərdə şəhəri S.Vurğun küçəsində yaşayan İddiaçı 2023-cü ilin yanvar ayında 1036,80 manat cərimə hesablanmışdır. İşin hallarından görünür ki, tərəflər arasında mübahisə iddiaçının maye qazın haqqını ödəməməklə müqavilə öhdəliklərini pozması ilə deyil, baxış zamanı sayğacın çıxış plastmas borusunun deşilməsi və bunun müvafiq aktla rəsmiləşdirilərək iddiaçıya əlavə sərfiyyatın hesablanması ilə, yəni iddiaçının deliktə (mülki hüquq pozuntusuna) yol verməsi ilə əlaqədar vurulmuş ziyanın ondan tutulması ilə bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının 4.8-ci maddəsinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarının 4.9-cu maddəsinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İşin hallarından görünür ki, abonent İddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi göstərilsə də, həmin sayğaca konkret olaraq iddiaçı tərəfindən müdaxilə edilməsi barədə hər hansı bir sübut işə əlavə edilməmişdir. Qanunvericiliyin tələbinə görə isə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Yəni, sayğacda müəyyən edilə zədənin istehlakçı tərəfindən yetirlməsi sübut edilməmişdirsə, istehlakçının məsuliyyət daşıması istisna olunur. Azərbaycan Respublikasının MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz tələblərini mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi öz təsdiqini tapmadığından və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş akt əsasında yazılmış cərimə borcu silinməlidir. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227 və 233-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddiaçı Cavabdehnə qarşı “Cərimə məbləğinin silinməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 31 yanvar 2023-cü il tarixli ******* nömrəli Aktı əsasında İddiaçı yazılmış 1036,80 (bir min otuz altı manat 80 qəpik) manat məbləğində cərimə silinsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar