Məhkəmə qərarları › İş №e-2(021)-1650/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-1650/2024

23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1650/2024 23.05.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X4 iclas kаtibliyi ilə, İddiаçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «subroqasiya qaydasında zərərin ödənilməsi» tələbinə dаir mülki işə sadələşdirilmiş icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehdan 235 manat məbləğində zərərin və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq xeyirinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “KİA PRİDE” markalı, 77–CM–390 dövlət nömrə nişanlı avtomobil xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2022-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2023-cü il martın 31-də Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “KİA PRİDE” markalı, 77–CM–390 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində “HYUNDAİ SANTA FE” markalı, 99–UZ–096 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Yasamal DYPŞ-i tərəfindən xx.xx.2023-cü il tarixində İXP ******* nömrəli X7 protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Yasamal DYPŞ-nin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci(nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə təqsirli bilnmişdir. Başqa sözlə desək, vurulmuş zərərin məhz cavabdehin təqsirli nəticəsində baş verməsi X7 qərarıilə müəyyən edilərək, təsdiqini tapmışdır. CARPOİNT AVTOSERVİCE tərəfindən xx.xx.2023cü il tarixində verilmiş akta əsasən hadisə nəticəsində “HYUNDAİ SANTA FE” markalı, 99– UZ–096 dövlət nömrə nişanlı avtomobilə 235 manat zərər dəymişdir. İddiaçı xx.xx.2023-cü il tarixində 235 manat məbləğində sığorta ödənişini zərərçəkmiş şəxs X2 ödəmişdir. Cavabdehə şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq bugünədək "xxxx" ASC-ə olan borcu ödəməmişdir. Odur ki, iddiaçı "xxxx" ASC Cavabdeh 235 manat məbləğində vurulmuş zərərin və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Cavabdeh iddia ərizəsinin və onun prosessual hüquq və vəzifələrinin izahı haqqında bildirişin surəti göndərilmiş, həmçinin, ona bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərə biləcəyi bildirilmiş və MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizənin məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacağı və həmin işin həllinə dair qətnamə çıxarılacağı barədə xəbərdar edilmişdir. Buna baxmayaraq Cavabdeh iddia tələbinə etirazının olub-olmaması ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə tərəfindən tədqiq edilmiş: X7 xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yol-nəqliyyat hadisəsi baş verməsi ilə əlaqədar Bakı şəhəri, Yasamal RPİ-nin DYPŞ inspektoru, X3 tərəfindən xx.xx.2023-cü il tarixində xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələri ilə X7 protokol tərtib edilmişdir. Bakı şəhəri, Yasamal RPİ-nin DYPŞ inspektoru, X3 tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli inzibati tənbeh vermə haqqında TP ******* saylı qərarından görünür ki, xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh idarə etdiyi “KİA PRİDE” markalı, **-CM-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.2-ci maddələri ilə təqsirli bilinib, barəsində 100 manat məbləğində inzibati cərimə tənbeh tətbiq edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə aktından müəyyən edilir ki, Yol-nəqliyyat hadisəsi nticəsində “Hyundai Santafe” markalı **-UZ-*** dövlət nömrə nişanlı avtomobilə 235 manat məbləğində ziyan dəymişdir. PXA********** saylı, xx.xx.2022-ci il tarixli, “Standart” növlü İcbari Sığorta müqaviləsinə dair məlumatdan görünür ki, Cavabdeh 66,41 manat ödəməklə mülkiyyətində olan “KİA PRİDE” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini 12 (on iki) ay müddətinə (xx.xx.2022-ci ildən xx.xx.2003-cü ilədək) AVSMMİS icbari sığorta növü ilə əmlaka vurulan zərərə görə 5000 manatadək sığortalanmışdır. Sığorta Aktı PXA138032 Sığorta şəhadətnaməsi üzrə ümumi məlumatdan görünür ki, Sığortalanmış “KİA PRİDE” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi “Hyundaı Santafe” markalı **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Şəmilzadə küçəsində toqquşmuş və 235 manat ziyan vurmuşdur. "xxxx" MMC tərəfindən təqdim olunan akta əsasən dəymiş 235 manat ziyan Ağayev Seyfəl Ağakişi oğluna ödənilmişdir. Sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının təhvil-təslim aktının surətindən görünür ki, Ağayev Seyfəl Ağakişi oğlu sığorta ödənişini almaq üçün "xxxx" ASC-dən ********** saylı plastik kartı və SEN zərfləri qəbul etmişdir. xx.xx.2024-cü il tarixli Kart hesabından çıxarışdan görünür ki, 235 manat vəsait 516974******2154 nömrəli MCHİP DEBİT STANDAİ növlü kartdan 235 manat vəsait çıxarılmışdır. AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiəqsi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1973-cü ildə Bərdə rayonu, Yenidaşkənd kəndində doğulmuşdur, Bərdə rayonu, Yenidaşkənd kəndində qeydiyyatdadır və yaşayır. AA1714795 saylı şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiəqsi məlumatlarından görünür ki, Ağayev Seyfəl Ağakişi oğlu xx.xx.1996-cı ildə Bakı şəhərində doğulmuşdur, Bakı şəhəri, Yasamal rayonu, Xıdır Mustafayev küçəsi ev 2-də qeydiyyatdadır və yaşayır. AE №092276 saylı Azərbaycan Respublikası Nəqliyyat X1 surətindən görünür ki, **-UZ- *** dövlət nömrə nişanlı HYUNDAİ SANTA FE minik markalı avtomobil Ağayev Seyfəl Ağakişi oğlunun mülkiyyətindədir. BA150404 saylı Azərbaycan Respublikası Nəqliyyat X1 surətindən görünür ki, **-CM-*** dövlət nömrə nişanlı KİA PRİDE minik markalı avtomobil X8 Konstantinoviç mülkiyyətindədir. "xxxx"-nın xx.xx.2023-cü il tarixli, xx/xx-1019 saylı Cavabdeh ünvanlanan məktubun surətindən görünür ki, 7 (yeddi) iş günü müddətində subroqasiya hüququ ilə əlaqədar 235 manat məbləğində pulu "xxxx"ya ödəməsi barədə məlumatlandırılmış, qeyd olunan müddət ərzində vəsaitin ödənilməyəcəyi halda ona qarşı məhkəmə qaydasında subroqasiya tələbi irəli sürüləcəkdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı "xxxx" ASC məhkəmədə iddia qaldırmaq üçün “expresspay” sistemi vasitəsi ilə 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “KİA PRİDE” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixində "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. xx.xx.2023-cü il tarixində Cavabdeh idarə etdiyi “KİA PRİDE” markalı, **- CM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsilə “Hyundaı Santafe” markalı **-UZ- *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etmişdir. xx.xx.2023-cü il tarixli "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə aktına əsasən “Hyundaı Santafe” markalı **-UZ-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş zərərin miqdarı 235 manat məbləğində müəyyən edilmiş və "xxxx"-nın PXA138032 saylı Sığorta aktı ilə 235 manat məbləğində sığorta ödənişi zərərçəkənə ödənilmişdir. Cavabdehə şifahi və yazılı xəbərdarlıq olunsa da o, "xxxx" ASC-ə olan borcunu ödəməmişdir. Cаvаbdeh "xxxx" ASC-ə olan bоrcunu ödəmədiyi üçün iddiаçının məhkəmədə subroqasiya hüququ yаrаnmışdır. Beləliklə, iddiaçı "xxxx" ASC Cavabdeh 235 manat məbləğində zərərin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən, yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmamalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən, bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəllənin (bunadan sonar MM) 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa zərər və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-nin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. MM-nin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-nin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. MM-nin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. ''Sığorta haqqında'' Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinə əsasən, sığortalının, təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-nin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “İcbari sığortalar haqqında” qanunun 19.1-ci maddəsinə əsasən, sığortaçı sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına dəymiş zərərin əvəzini digər şəxsi sığortaya aid sığorta növləri və (və ya) sosial sığorta üzrə verilən sığorta ödənişlərini, həmçinin fərdi qəza sığortası üzrə zərərvuran şəxs tərəfindən ödənilən hər hansı vəsaiti nəzərə almadan bu Qanunda nəzərdə tutulmuş qaydada ödəyir. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, bu qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin sağlamlığına dəyən zərərin əvəzini bu qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Həmin Qanunun 25.1.1-ci maddəsinə əsasən, sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən, bu qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. MM-nin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. MM-nin 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. MM-nin 925.2-ci maddəsinə görə sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirməlidir. MM-nin 925.3-cü maddəsinə uyğun olaraq, sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi sığorta qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. MM-nin 936.4-cü maddəsinə əsasən, faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Beləliklə məhkəmə hesab edir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Təqdim edilmiş iş materialları ilə müəyyən olunur ki, Cavabdeh “KİA PRİDE” markalı, **- CM-*** minik markalı avtomobili idarə edərkən xx.xx.2023-cü il tarixdə “Hyundaı Santafe” markalı **-UZ-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yol-nəqliyyat hadisəsi baş verməsi ilə əlaqədar Bakı şəhəri, Yasamal RPİ-nin DYPŞ inspektoru, X3 tərəfindən xx.xx.2023-cü il tarixində xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələri ilə X7 protokol tərtib edilmişdir. Həmçinin Bakı şəhəri, Yasamal RPİ-nin DYPŞ inspektoru, X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında TP ******* saylı qərarı ilə xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.2-ci maddələri ilə təqsirli bilinib, barəsində 100 manat məbləğində inzibati cərimə tənbeh tətbiq edilmişdir. Hadisə nəticəsində “Hyundaı Santafe” markalı **-UZ-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş 235 manat məbləğində ziyan sığorta müqaviləsi üzrə iddiaçı tərəfindən ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı həmin pulu subroqasiya qaydasında cavabdehdən tələb etməkdə haqlıdır və həmin pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Bundan başqa MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tam şəkildə təmin edildiyindən iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən ödənilən 30 manat məbləğində dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddiaçı tərəfindən dövlət rüsumu ödənilərkən ödənilmiş 0,40 manat xidmət haqqı iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 214, 216-220, 233, 284-1-284-6, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 235 (iki yüz otzu beş) manat məbləğində zərər və iddia tərəfindən ödənilmiş 30 (otuz manat) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddiaçı tərəfindən dövlət rüsumu ödənilərkən ödənilmiş 0,40 manat xidmət haqqı iddiaçının özünə aid edilməlsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, rəsmi qаydаdа verildiyi gündən 1 (bir) аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar