Məhkəmə qərarları › İş №e-2(021)-2179/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-2179/2025

03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-2179/2025 03.06.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh Sadiq oğluna qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı "xxxx" MMC məhkəməyə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə müraciət edərək Cavabdeh Sadiq oğlundan xx.xx.2023-cü il tarixli KSK6532968 saylı borc müqaviləsinə əsasən 1076 manat əsas borc, 31 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1107 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh Sadiq oğlu İddiaçı MMC ilə müddəti 12 ay olmaqla xx.xx.2023-cü il tarixli borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1230 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1076 manat əsas borcu qalıb. Cavabdehin etirazı: Cavabdehə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən olunmuş qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən məhkəməyə iddiaya qarşı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər: xx.xx.2023-cü il tarixli KSK6532968 nömrəli "xxxx" MMC ilə Cavabdeh Sadiq oğlu arasında bağlanmış “Borc müqaviləsi”ndən görünür ki, 1230 manat dəyərində məişət avadanlığı ilkin ödəniş olaraq 54 manat ödənilməklə, 12 ay müddətində hissə-hissə hər ay 98 manat ödənilməsi şərtilə Cavabdeh Sadiq oğlu tərəfindən əldə edilmişdir. Təhvil-təslim aktından görünür ki, mal alıcıya təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh Sadiq oğlunun xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1076 manat borcu vardır. xx.xx.2025-ci il tarixli Pretenziya məktubundan görünür ki, Cavabdeh Sadiq oğlunun xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1076 manat borcu vardır. Cavabdehdən yaranmış borc məbləğinin ödənilməsi tələb olunmuş, əks təqdirdə İddiaçı MMC tərəfindən məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 31 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını təhlil edib, müəyyən etmişdir ki, İddiaçı MMC ilə Cavabdeh Sadiq oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Borc müqaviləsi” faktiki olaraq nisyə alqı-satqı müqaviləsi olmuşdur. Cavabdeh malı təhvil almış, bununla da iddiaçı müqavilə ilə nəzərdə tutulmuş öhdəliyini yerinə yetirmişdir. İş materiallarında olan Maliyyə arayışından görünür ki, cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə ödəniş etməmiş, yəni öhdəliyi lazımınca icra etməmişdir. Cavabdehə göndərilən pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi üçün xəbərdarlıq edib, bununla da pretenziya qaydalarına riayət etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Sadiq oğlundan xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1076 manat borc məbləği İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. İddia tələbi təmin edildiyindən ödənilmiş 31 manat məbləğində dövlət rüsumu Cavabdeh Sadiq oğlundan İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 233, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh Sadiq oğlundan xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1076 (min yetmiş altı) manat borc məbləği və iş üzrə ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar