Məhkəmə qərarları › İş №e-2(021)-235/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-235/2025

08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-235/2025 08.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, Paket xxxl üçün 93.74 manat ödənilməmiş hissə, 9.26 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kod **********73679 Samsung Galaxy S22 markalı telefon, Samsung Charger, Case, Samsung Buds 2 qulaqlıq üçün 1250.31 manat ödənilməmiş hissə,125,69 manat cərimə borcu olmaqla, ümumilikdə 1479 manat borc və 34,79 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən PAKET XXXL, İmei kod **********73679 SAMSUNG GALAXY S22 markalı telefon, SAMSUNG CHARGER, CASE, SAMSUNG BUDS 2 qulaqlıq almış və nəticədə 1479 (min dörd yüz yetmiş doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 150 (yüz əlli) manat (24 ay x 6.25 manat + 0 manat ilkin ödəniş) PAKET XXXL üçün ümumilikdə, 103 (yüz üç) manat olmaqla ondan, 93.74 (doxsan üç manat yetmiş dörd qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 9.26 (doqquz manat iyirmi altı qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı 2813.4 (iki min səkkiz yüz on üç manat qırx qəpik) manat (18 ay x 156.3 manat + 0 manat ilkin ödəniş) İmei kod **********73679 SAMSUNG GALAXY S22 markalı telefon, SAMSUNG CHARGER, CASE, SAMSUNG BUDS 2 qulaqlıq üçün ümumilikdə, 1376 (min üç yüz yetmiş altı) manat olmaqla ondan, 1250.31 (min iki yüz əlli manat otuz bir qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 125.69 (yüz iyirmi beş manat altmış doqquz qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1619.35 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli Müqaviləyə əsasən 150 manat məbləğində əşya ilkin ödənişsiz 24 ay müddətinə hissə-hissə olmaqla hər ay 6.25 manat ödənilməsi şərtilə Cavabdeh satılmışdır. xx.xx.2023-cü il tarixli Müqaviləyə əsasən 2813.4 manat məbləğində əşyalar ilkin ödənişsiz 18 ay müddətinə hissə-hissə olmaqla hər ay 156.3 manat ödənilməsi şərtilə Cavabdeh satılmışdır. Sonradan aldığı "xxxx" markalı telefonu ABC Telecom MMC-də “İpone” markalı telefon ilə dəyişmiş, telefonu geri qaytararkən müqavilənin şərtlərinə əsasən qiyməti telefonun satış dəyərinin 75 faiz məbləğində qiymətləndirilmişdir. Lakin Cavabdeh öhdəliklərini yerinə yetirməmiş, cəmi 1619.35 manat ödəniş etmişdir. Hazırda cavabdehin ümumilikdə 1479 manat borcu vardır. Cavabdeh məhkəməyə ərizə verərək, səhətində yaranan problemlə (xəstəliyi ilə) əlaqədar 08 yanvar 2025-ci il tarixdə saat 15:50-də təyin edilən baxış iclasına gələ bilməyəcəyinin məhkəmə tərəfindən nəzərə alınmağını xahiş etmişdir. Həmçini qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-dən 15962456 nömrəli müqavilə əsasında SAMSUNG GALAXY S22 mobil telefonuna, 149.99 AZN məbləğində XXXL paketinə borcu olmadığı üçün həmin iddianın əsassız olmasının nəzərə alınmasını, eləcə də xx.xx.2023cü il tarixli 03763977 nömrəli müqavilədə qeyd edilən məhsullara olan borcunun nəzərə alınmağını və iddiaçıya 169.74 AZN borcunun olmağının nəzərə alınmağını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, lakin buna baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 03763977 nömrəli Müqaviləyə əsasən 149.99 manat məbləğində əşya ilkin ödənişsiz 24 ay müddətinə hissə-hissə olmaqla hər ay 6.25 manat ödənilməsi şərtilə Cavabdeh satılmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 15962456 nömrəli Müqaviləyə əsasən 2813.39 manat məbləğində əşyalar ilkin ödənişsiz 18 ay müddətinə hissə-hissə olmaqla hər ay 156.3 manat ödənilməsi şərtilə Cavabdeh satılmışdır. Mülki işə əlavə edilmiş Maliyyə və Ödəniş Cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 93.74 manat əsas borc, 9.26 manat cərimə borcu olmaqla, cəmi 103 manat borc, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1250,31 manat əsas borc, 125,69 manat cərimə borcu olmaqla, cəmi 1376 manat ümumilikdə 1479 manat borcu vardır. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli Xəbərdarlıqdan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh borcunun ödənilməsi üçün xəbərdarlıq olunmuşdur. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 34,79 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli Müqaviləyə əsasən 149,99 manat məbləğində əşya ilkin ödənişsiz 24 ay müddətinə hissə-hissə olmaqla hər ay 6.25 manat ödənilməsi şərtilə, xx.xx.2023-cü il tarixli Müqaviləyə əsasən 2813.4 manat məbləğində əşyalar ilkin ödənişsiz 18 ay müddətinə hissə-hissə olmaqla hər ay 156.3 manat ödənilməsi şərtilə Cavabdeh satılmışdır. Sonradan Cavabdeh aldığı "xxxx" markalı telefonu ABC Telecom MMC-də “İpone” markalı telefon ilə dəyişmiş, telefonu geri qaytararkən müqavilənin şərtlərinə əsasən qiyməti telefonun satış dəyərinin 75 faiz məbləğində qiymətləndirilmişdir. Lakin Cavabdeh öhdəliklərini yerinə yetirməmişdir. Buna görə də iddiaçının məhkəmə müdafiəsindən istifadə hüququ yaranmışdır. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh əvvəlki məhkəmə iclasında iştirak etmiş və bildirmişdir ki, xx.xx.2023-cü il tarixde "xxxx" MMC-dən 15962456 nömrəli müqavilə əsasında SAMSUNG GALAXY S22 mobil telefonu, SAMSUNG 25W CHARGER şarj qida bloku, SAMSUNG GALAXY BUDS 2 va AKAMİ JAM CASE məhsullarını kredit vasitəsi və 412.50 AZN dəyərində sığorta ilə əldə etmişdir. xx.xx.2023-cü il tarixde Kontakta mağazalar şəbəkəsinin Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən mağazalarına yaxınlaşaraq sığorta hesabına SAMSUNG GALAXY S22 mobil telefonunu geri qaytarmışdır. Qeyd etdiyi telefonu geri qaytardığı günü sığorta hesabına müqavilədə qeyd edilən məbləğin (1888.92 AZN) 25 faizini çıxaraq 75 faiz məbləği - 1322.24 AZN geri qaytarmamışdırlar. O da nəticədə 952.47 AZN ödəniş edərək nəğd qiymətə İphone 14 modeli olan telefonu əldə etmişdir. Əlavə olaraq 1500 AZN ödəniş edərək xx.xx.2023-cü il tarixdə 15962456 nömrəli müqavilə əsasında SAMSUNG GALAXY S22 mobil telefonuna olan kredit borcundan azaltmışdır. O, yalnız 15962456 nömrəli müqavildə göstərilən SAMSUNG 25W CHARGER şarj qida bloku, SAMSUNG GALAXY BUDS 2 ve AKAMİ JAM CASE məhsullarına va xx.xx.2023-cü il tarixli 03763977 nömrəli müqavilədə qeyd edilən məhsulları qəbul edir. Həmçinin qeyd etmişdir ki, "ABC-TELECOM MMC-nin iddia ərizəsində qeyd etdiyi 1619.35 AZN ödənişlərin onun tərəfindən olunması iddiasını rədd edir. Tərəfindən Kontakt mağazalar şəbəkəsinə ümumilikde 2000 AZN qədər kredit ödənişi etmişdir. Həmçini məhkəməyə xx.xx.2023-cü il tarixdə ABB proqramı vasitəsi ilə Kontakt Home hesabına 1500 manat və 952,47 manat ödənişlər etməsinə dair 2 ədəd qəbz təqdim etmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin məhkəməyə təqdim etdiyi həmin qəbzlərdən ödənişlərin "ABC-TELECOM MMC-yə ödənilməsi sübut olunmur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-ci maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 523.1-ci maddəsinə əsasən, Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, cranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları Cavabdeh oğlunun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2023-ci il tarixli №03763977 saylı Müqavilə üzrə 93.74 manat əsas borc, 9.26 manat cərimə borcu olmaqla, cəmi 103 manat,xx.xx.2023-cü il tarixli №15962456 saylı müqavilə üzrə 1250.31 manat əsas borc, 125.69 manat cərimə borcu olmaqla cəmi 1376 manat ümumilikdə 1479 manat iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 34.79 manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-ci il tarixli №03763977 saylı Müqavilə üzrə 93.74 manat əsas borc, 9.26 manat cərimə borcu olmaqla, cəmi 103 manat,xx.xx.2023-cü il tarixli №15962456 saylı müqavilə üzrə 1250.31 manat əsas borc, 125.69 manat cərimə borcu olmaqla cəmi 1376 manat ümumilikdə 1479 manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Cavabdeh iş üzrə ödənilmiş 34.79 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMCnin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar