Məhkəmə qərarları › İş №e-2(021)-2557/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-2557/2025

21.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-2557/2025 21.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏTNAMƏ Açar sözlər: borc, alqı-satqı, nisyə Hаkim Abdullayev Fərman Firidun оğlunun sədrliyi X1 iclas katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İ. Mülki işin mahiyyəti: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 3006.96 manat ödənilməmiş hissə, 300.70 manat dəbbə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən 1244.52 manat ödənilməmiş hissə, 124.45 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 846 manat ödənilməmiş hissə, 84.60 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 780.70 manat ödənilməmiş hissə, 78.07 manat dəbbə borcu olmaqla, ümumilikdə 6466 manat borc, 84.66 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, ZƏMANƏT + 3 İL xidməti 2 ədəd, QABYUYAN LG, LG kondisioner, ZƏMANƏT + 3 İL xidməti 2 ədəd, PLİTƏ ELECTROLUX, ASPİRATOR GORENJE, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PALTARYUYAN LG, YUPİTER YP TVasqıqı, HİSENSE TValmış və nəticədə 6466 (altı min dörd yüz altmış altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 3616.96 (üç min altı yüz on altı manat, 96 qəpik) manat (24 ay x 125.29 manat + 610 manat ilkin ödəniş) olan ZƏMANƏT + 3 İL xidməti 2 ədəd, QABYUYAN LG, LG kondisioner üçün ümumilikdə, 3307.66 (üç min üç yüz yeddi manat, 66 qəpik) manat olmaqla ondan, 3006.96 (üç min altı manat, 96 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 300.70 (üç yüz manat, 70 qəpik) manat dəbbə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1625.52 (min altı yüz iyirmi beş manat, 52 qəpik) manat (18 ay x 69.14 manat + 381 manat ilkin ödəniş) olan ZƏMANƏT + 3 İL xidməti 2 ədəd, PLİTƏ ELECTROLUX, ASPİRATOR GORENJE üçün ümumilikdə, 1368.97 (min üç yüz altmış səkkiz manat, 97 qəpik) manat olmaqla ondan 1244.52 (min iki yüz qırx dörd manat, 52) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 124.45 (yüz iyirmi dörd manat, 45 qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1116 (min yüz on altı) manat (15 ay x 56.40 manat + 270 manat ilkin ödəniş) olan QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti, PALTARYUYAN LG üçün ümumilikdə, 930.60 (doqquz yüz otuz manat, 60 qəpik) manat olmaqla ondan, 846 (səkkiz yüz qırx altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 84.60 (səksən dörd manat, 60 qəpik) manat dəbbə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1073.70 (min yetmiş üç maant, 70 qəpik) manat (18 ay x 43.40 manat + 292.50 manat ilkin ödəniş) olan YUPİTER YP TVasqıqı, HİSENSE TV üçün ümumilikdə, 858.77 (səkkzi yüz əlli səkkiz manat, 77 qəpik) manat olmaqla ondan, 780.70 (yeddi yüz səksən manat, 70 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 78.07 (yetmiş səkkiz manat, 07 qəpik) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 944 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, Cavabdeh ilə xx.xx.2024-cü il tarixdə 10 il müddətinə müqavilə bağlanıb. Həmin müqaviləyə əsasən daha sonra ona yeni əşyalar nisyə satıldıqda yenidən müqavilə bağlanmır, yalnız götürdüyü əşyalara dair təhvil təslim aktı tərtib olunur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, lakin buna baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. İİİ. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli №05721301 saylı Müqavilədən və müqaviləyə Əlavədən görünür ki, müqaviləyə əsasən ümumilikdə alqısatqı qiyməti 3616.96 manat olan ZƏMANƏT + 3 İL xidməti 2 ədəd, QABYUYAN LG, LG kondisioner 610 manat ilkin ödənişlə 24 ay müddətinə hissə-hissə olmaqla hər ay 125,29 manat ödənilməsi şərtilə Cavabdeh satılmışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli №09647964 saylı Müqavilədən və müqaviləyə Əlavədən görünür ki, müqaviləyə əsasən alqı-satqı qiyməti alqı-satqı qiyməti 1116 manat olan QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti, PALTARYUYAN LG 270 manat ilkin ödənişlə 15 ay müddətinə hissə-hissə olmaqla hər ay 56.4 manat ödənilməsi şərtilə Cavabdeh satılmışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli №04256273 saylı Müqavilədən və müqaviləyə Əlavədən görünür ki, müqaviləyə əsasən alqı-satqı qiyməti alqı-satqı qiyməti 1073.70 manat olan YUPİTER YP TVasqıqı, HİSENSE TV 292.50 manat ilkin ödənişlə 18 ay müddətinə hissə-hissə olmaqla hər ay 43.40 manat ödənilməsi şərtilə Cavabdeh satılmışdır. xx.xx.2024-cü il tarixli Bildirişdən və X3 görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli Müqavilə əsasında alqı-satqı qiyməti 1368.97 manat olan YUPİTER YP TVasqıqı, HİSENSE TV 292.50 manat ilkin ödənişlə 18 ay müddətinə hissəhissə olmaqla hər ay 43.40 manat ödənilməsi şərtilə Cavabdeh satılmışdır. Maliyyə və Ödəniş Cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 3006.96 manat əsas borc, 300.70 manat cərimə borcu olmaqla, cəmi 3307.66 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1244.52 manat əsas, 124.45 manat cərimə borcu olmaqla, cəmi 1368.97 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 846 manat, 84.60 manat cərimə borc olmaqla, cəmi 930.60 manat, 3xx.xx.2024-cü il tarixli müqavilə üzrə 780.7 manat, 78.07 manat cərimə borc olmaqla, cəmi 858.77 manat olmaqla, ümumlikdə 6466.00 manat borcu vardır. xx.xx.2025-cü il tarixli Xəbərdarlıqdan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh borcunun ödənilməsi üçün xəbərdarlıq olunmuşdur. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 84,66 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli №05721301 saylı müqaviləyə əsasən ümumilikdə alqı-satqı qiyməti 3616.96 manat olan avadanlıq 610 manat ilkin ödənişlə 24 ay müddətinə hissə-hissə olmaqla hər ay 125,29 manat ödənilməsi şərtilə, xx.xx.2024-cü il tarixli №09647964 saylı müqaviləyə əsasən alqı-satqı qiyməti alqı-satqı qiyməti 1116 manat olan avadanlıq ilkin ödənişlə 15 ay müddətinə hissə-hissə olmaqla hər ay 56.4 manat ödənilməsi şərtilə, xx.xx.2024-cü il tarixli №04256273 saylı müqaviləyə əsasən alqı-satqı qiyməti 1073.70 manat olan avadanlıq 292.50 manat ilkin ödənişlə 18 ay müddətinə hissə-hissə olmaqla hər ay 43.40 manat ödənilməsi şərtilə, xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli Müqavilə əsasında alqı-satqı qiyməti 1368.97 manat olan avadanlıq 292.50 manat ilkin ödənişlə 18 ay müddətinə hissə-hissə olmaqla hər ay 43.40 manat ödənilməsi şərtilə Cavabdeh satılmışdır. Lakin Cavabdeh öhdəliklərini yerinə yetirməmişdir. Buna görə də iddiaçının məhkəmə müdafiəsindən istifadə hüququ yaranmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-ci maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 523.1-ci maddəsinə əsasən, Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, cranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları Cavabdeh oğlunun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Bundan başqa məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması hissəsində dəbbə pulunun məbləği azaldılmalıdır. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri nəzərə alır və iddiaçı "xxxx" MMC -nin iddiasının cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq xx.xx.2024-cü il tarixli № 05721301 saylı müqavilə üzrə 150 manat, xx.xx.2024-cü il tarixli №09647964 saylı saylı müqavilə üzrə 40 manat, xx.xx.2024-cü il tarixli №04256273 saylı müqavilə üzrə 40 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 60 manat məbləğində pulun tutulması ədalətlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli №05721301 saylı müqavilə üzrə 3006.96 manat əsas, 150 manat cərimə, xx.xx.2024-cü il tarixli №09647964 saylı saylı müqavilə üzrə 846 manat əsas, 40 manat cərimə, xx.xx.2024-cü il tarixli №04256273 saylı müqavilə üzrə 780.70 manat əsas, 40 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1244.52 manat əsas, 60 manat cərimə borcu olmaqla, ümumilikdə 6168.18 manat iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 84.66 manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. V. Nəticə: Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli №05721301 saylı müqavilə üzrə 3006.96 manat əsas, 150 manat cərimə, xx.xx.2024-cü il tarixli №09647964 saylı saylı müqavilə üzrə 846 manat əsas, 40 manat cərimə, xx.xx.2024-cü il tarixli №04256273 saylı müqavilə üzrə 780.70 manat əsas, 40 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1244.52 manat əsas, 60 manat cərimə borcu olmaqla, ümumilikdə 6168.18 manat (altı min yüz altmış səkkiz manat, on səkkiz qəpik) manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Cavabdeh iş üzrə ödənilmiş 84.66 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMCnin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar