Məhkəmə qərarları › İş №e-2(021)-2717/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-2717/2023

29.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-2717/2023 29.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X6 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra iddiaçı və ya "xxxx" ASC) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı "xxxx" ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 2 629 (iki min altı yüz iyirmi doqquz) manat məbləğində sığorta ödənişinin, 46,29 (qırx altı manat 29 qəpik) manat dövlət rüsumunun, 0,40 (40 qəpik) manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixində Cavabdeh tərəfindən idarə olunan **-BJ-*** dövlət qeydiyyat nişanlı VAZ-21074 markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2022-ci il tarixində yolnəqliyyat hadisəsi nəticəsində sığorta ilə nəqliyyat vasitəsini idarə edən cavabdeh **-OT- *** dövlət qeydiyyat nişanlı X8 markalı avtonəqliyyat vasitəsinə zərər vurmuşdur. Tərtib olunmuş TP-4810761 saylı “İnzibati tənbeh vermə haqqında” qərar ilə müəyyən edilir ki, Cavabdeh idarə etmək hüququ olmadan (sürücülük vəsiqəsi olmadan) nəqliyyat vasitəsini idarə etmişdir. **-OT-*** dövlət qeydiyyat nişanlı X8 markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişinin verilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət edilmişdir. Yol-nəqliyyat hadisəsində zərər çəkmiş nəqliyyat vasitəsi olan **-OT-*** dövlət qeydiyyat nişanlı X8 markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən zərər 2 629 (iki min altı yüz iyirmi doqquz) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASCnin xx.xx.2022-ci il tarixli “Sığorta aktı”na əsasən 2 629 (iki min altı yüz iyirmi doqquz) manat məbləğində sığorta ödənişi zərərçəkən şəxsin hesabına köçürülmüşdür. xx.xx.2022-ci il tarixində ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək məhkəmə iclaslarının "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia ərizəsinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, **-BJ-*** dövlət qeydiyyat nişanlı VAZ-21074 markalı avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində X8 markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər vurmuşdur. Yevlax Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli “Sığorta aktı”na əsasən 2 629 manat məbləğində sığorta ödənişi zərərçəkən şəxsin hesabına köçürülmüşdür. Heç bir yerdə işləmir, pensiya alır. 2629 manat məbləğində sığorta ödənişini iddiaçıya qaytarmağa imkanı yoxdur. Odur ki, iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə cavabdehi dindirib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Cavabdeh xx.xx.1955-ci ildə Bərdə rayonu Xanərəb kəndində anadan olmuşdur, Bərdə rayonu Xanərəb kəndində qeydiyyatdadır. AC 136483 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, VAZ-21074 markalı 09 BJ-905 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydiyyata alınmışdır. AD 999029 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, X8 markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi mülkiyyət hüququ əsasında X3 adına qeydiyyata alınmışdır. “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında” ƏN-Vİİİ 120041 nömrəli etibarnamədən görünür ki, X4 mülkiyyətində olan X8 markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər: qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri verməklə X2 etibarnamə vermişdir. “İcbari sığorta müqaviləsinə dair” məlumatdan görünür ki, Cavabdeh məxsus VAZ- 21074 markalı 09 BJ-905 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixli PPA********** nömrəli müqaviləyə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" ASC-də sığortalanmışdır. “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında” 10 yanvar 2022-ci il tarixli İXP ******* nömrəli protokoldan görünür ki, Cavabdeh yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə barəsində Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yevlax Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli 3(039)-14/2022 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair” 18 yanvar 2022-ci il tarixli hesabatdan görünür ki, 10 yanvar 2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı “X8” markalı 99 OT-292 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2629 (iki min altı yüz iyirmi doqquz) manat məbləğində ziyan hesablanmışdır. 21 yanvar 2022-ci il tarixli sığorta aktından müəyyən olunur ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X2 2629 manat məbləğində zərər dəymiş və həmin məbləğdə sığorta ödənişi edilməsi nəzərdə tutulmuşdur. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, X2 2629 (iki min altı yüz iyirmi doqquz) manat məbləğində sığorta ödənişi ödənilmişdir. 10 may 2022-ci il tarixli 3244/L nömrəli məktubdan görünür ki, iddiaçı tərəfindən cavabdehə, iddiaçı tərəfindən ödənilmiş 2629 manat məbləğində vəsaiti 15 təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödəməsi xahiş edilmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC məhkəmədə iddia qaldırmaq üçün 46,29 manat məbləğində dövlət rüsumu, 0,40 manat məbləğində xidmət haqqı ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh 10 yanvar 2022-ci il tarixdə idarə etdiyi VAZ-21074 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax yolunun 285-ci km-də manevr qaydaları pozaraq yol nəqliyyat hadisəsi törətmiş və X1 idarə etdiyi “X8” markalı **-OT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2629 manat məbləğində ziyan vurmuşdur. Vurulmuş ziyan iddiaçı tərəfindən X2 ödənilmişdir. İddiaçı tərəfindən cavabdehə, iddiaçı tərəfindən ödənilmiş 2629 manat məbləğində vəsaiti 15 təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödəməsi barədə məktub göndərilsə də, cavabdeh heç bir ödəniş etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə görə, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1-ci maddəsində nəzərdə tutulur ki, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə hesab edir ki, cavabdehin 10 yanvar 2022-ci il tarixdə idarə etdiyi VAZ- 21074 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax yolunun 285-ci km-də manevr qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətməsi və X1 idarə etdiyi “X8” markalı 99 OT-292 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2629 manat məbləğində ziyan vurması, vurulmuş ziyanın iddiaçı tərəfindən X2 ödənilməsi məhkəmə iclasında mötəbər sübutlarla təsdiq edildiyindən iddia tələbi təmin edilməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, iddiaçı "xxxx" ASC öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 46,29 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir. MPM-nin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia tam təmin edildiyindən iddia verilməsi üçün ödənilmiş 46,29 mаnаt məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 2629 (iki min altı yüz iyirmi doqquz) manat məbləğində sığorta ödənişi, 46,29 (qırx altı manat 29 qəpik) manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar