Məhkəmə qərarları › İş №e-2(021)-3144/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-3144/2023

07.12.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-3144/2023 07.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Böyük məsləhətçi Əzizov Mətləb Yahya oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı ərizə ilə məhkəməyə müraciət edərək, övladı X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 2003-cü il 04 noyabr tarixində X5 ilə ailə qurmuşdur. Birgə nikahlarından 2004-cü il 12 noyabr təvəllülü X4 dünya gəlmişdir. Qızı İlahə anadan gəlmə qavrama və dərketmə pozuntusu olan, nitq artikulyasiyasının pozğunluğu ilə doğulmuş bir uşaqdır. Bütün həkim diaqnozlarında onun qulluq və mülaicə tələb edən, ciddi davranış pozuntusu, yaddaş və intlektin ləngiməsi, əqli gerililik olması təsbit edilmişdir. Qızı İlahə üçün 3-cü qrup əlillik dərəcəsi müəyyən edilmişdir. Onun adına açılmış bank akrt hesabının və eləcə də pensiyasının əldə olunması üçün mənim qızımın qəyyumluğuma verilməsi zərurəti ortaya çıxmışdır. Odur ki,ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinə uyğun ifadə verərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, mülki işə əlavə edilmiş Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Seriya AA №054973 nömrəli vəsiqənin surətindən görünür ki, Ərizəçi məcburi köçkün statusu verilmişdir. Mülki işə əlavə edilmiş Seriya AA № ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 12 noyabr 2004-cü il tarixdə anadan olmuşdur. Mülki işə əlavə olunmuş AZ-İ №573452 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 12 noyabr 2004-cü il tarixdə Bərdə rayonunda anadan olmuşdur. Ata qrafasında ata adı Ərizəçi, ana qrafasında ana adı X1 qeyd olunmuşdur. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspertiza Komissiyasının müayinəyə dair məlumatından görünür ki, X3 “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Orta dərəcəli əqli gerilik. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Narahatlıq və oyanıqlıq. Qavrama və dərketmə funksiyasının pozulması. Yaddaş və intelektin ləngiməsi. Nitq artikulyasiyasının spesifik pozğunluğu” diaqnozu qoyulmuşdur. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" X11 X8 Şöbəsinin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 654 saylı 12 oktyabr 2023-cü il tarixli rəyindən müəyyən olunur ki, 12 noyabr 2004-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab oluna bilər. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, 12 noyabr 2004-cü il tarixdə anadan olmuş X4 öz hərəkətlərini mənasını anlamaq və tam idarə etmək qabliyyətində deyildir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 12 noyabr 2004cü il tarixdə anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 12 noyabr 2004-cü il tarixdə anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar