Məhkəmə qərarları › İş №e-2(021)-3265/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-3265/2025

30.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-3265/2025 30.09.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi ilə, İddiаçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi» tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 819,00 (səkkiz yüz on doqquz) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30,00 (otuz) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. İddia tələbinin əsası İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il, saat 11:00-da Bərdə rayonu ərazisində Cavabdeh2 məxsus, Cavabdeh1 tərəfindən idarə edilən və Cəmiyyət tərəfindən PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə icbari qaydada sığortalanmış “QAZ 27573” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı və “VAZ 2106” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələri toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. 18 mart 2023-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən sürücü X1 Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Baş vermiş hadisə üzrə “VAZ 2106” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün dəymiş zərər 819,00 (səkkiz yüz on doqquz) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən PXA105514/23 saylı sığorta aktları tərtib edilməklə ümumilikdə 819,00 (səkkiz yüz on doqquz) manat sığorta ödənişi zərərçəkənə ödənilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, sığortalanmış “QAZ 27573” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı yüksək təhlükə mənbəyi olan nəqliyyat vasitəsi Cavabdeh2 mülkiyyətində olmuş, istifadə hüququ isə yol-nəqliyyat hadisəsindən sonra Cavabdeh1 verilmişdir. Tərəflərin izahatı İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə MPM 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı "xxxx" ASC ona və Cavabdeh2 qarşı ödənilmiş sığorta ödənişinin subroqsiya qaydasında tələb edilməsinə dair iddia ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 819 (səkkiz yüz on doqquz) manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sözügedən e-2(021)-3265/2025 saylı iş Bərdə rayon Məhkəməsində icraatdadır. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, ona və digərinə qarşı “ödənilmiş sığorta ödənişinin subroqsiya qaydasında tələb edilməsinə dair” iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı onun icbari sığorta məbləğini geri tələb etmək üçün subraqasiya hüququnun yaranması əsası kimi “İcbari sığortalar haqqında” Qanun 25.1.3-cü madəsinə istinad etmişdir. Qeyd etməyi zəruri hesab edir ki, iddiaçının subyektiv hüququnun yaranıb yaranmamasını müəyyən etmək üçün işin faktiki hallarına nəzər yetirilməsi zəruridir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh2 məxsus “QAZ 27573” markalı 09BT014 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi tərəfindən idarə edilərkən yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə "xxxx" ASC-də icbari sığorta olunmuş “VAZ2106” markalı 32BD762 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər yetirilmişdir. Qəza nəticəsində “VAZ2106” markalı 32BD762 dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymiş və iddiaçı tərəindən maşına dəymiş ziyanın qarşılığı olaraq 819 (səkkiz yüz on doqquz) manat icbari sığorta ödənişi həyata keçirilmişdir. Qeyd edir ki, xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən o, Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib. Nəzərə çatdırmağı zəruri hesab edir ki, “İcbari sığortalar haqqında” Qanunnun 25-ci maddəsi İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsaslarını müəyyən edir. İddiaçı həmin normada sadalanan əsaslardan birinin konkret hazırkı hala uyğun gəldiyi üçün həmin əsasla icbari sığorta məbləğini geri tələb etmişdir. Həmin əsas-hadisə zamanı sürücünün avtomaşını idarə etməyə hüququ olmaması halıdır. Sözügedən Qanunun 25.1.3-cü maddəsinin tələbinə görə, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Mənim avtomobili etibarnamə olmadan idarə etməyim avtomobili idarə, istifadə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi qəbul etməyə əsas vermir və buna görə də sığorta şirkətinin bu əsasla subroqasiya hüququ yarana bilməz. Çünki, “hüququ olmayan şəxs” dedikdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan, başqa sözlə sürücülük vəsiqəsi olmayan şəxs nəzərdə tutulur. Qanunun məqsədi də bundan ibarətdir. Belə ki, sürücülük hüququ olmayan şəxsin avtomobili idarə etməsi təhlükəli hal olduğuna və sığorta hadisələrinin baş verməsi riskini artırdığına görə qanunverici bilərəkdən qeyd olunan əsası qanuna daxil etmişdir ki, həm sığortalılar sürücülük hüququ olmayan şəxslərə avtomobili idarə etmək üçün verməsinlər, həm də sonuncular belə bir hüquqları olmadan avtomobili idarə etməsinlər. Təsadüfi deyil ki, cinayət qanunvericiliyinə də sonradan əlavələr edilərək sürücülük hüququ olmadan yol nəqliyyat hadisələri törədən şəxslərin cinayət məsuliyyəti və cəza məsələləri sərtləşdirilərək fərdiləşdirilmişdir. Bu cür əsasın qanunda olması həm də sığorta şirkətlərini əsassız maliyyə itkisinə məruz qalmaq riskindən də qoruyur. Çünki, bu əsasın olmasına görə nəzəri və praktiki biliyi olmayan “sürücü”lərin hərəkətlərindən sığorta şirkətləri faktiki olaraq qanunla müdafiə olunurlar. Lakin sürücülük hüququ olmadan avtomobili idarə etmə ilə, etibarnamə olmadan avtomobili idarəetmə fərqli anlayışlarıdır. Yəni, etibarnamə olmadan avtomobili idarə edən şəxs sürücülük hüququ olmayan şəxs demək deyildir. Etibarnamənin olmaması sığortanın məqsədləri baxımından əhəmiyyət kəsb etmir. Kifayətdir ki, avtomobili idarə etmək üçün qanuni əsas olsun. Qanuni əsas isə “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsində nəzərdə tutulub. Həmin maddədə qeyd olunur ki, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Göründüyü kimi, bu qanunda avtomobili yalnız etibarnamə əsasında idarə edən deyil, həm də icarə yaxud digər əşya hüquqlarına dair müqavilə və ya digər qanuni əsaslarla idarə edən şəxs məhz bu qanunun məqsədləri üçün avtomobilin sahibi hesab olunurlar. Ona görə də etibarnamə olmadan avtomobilin idarə edilməsi onun hüququ olmayan şəxs tərəfindən idarə edilməsi demək deyildir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nin 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafıə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda göstərilən xüsusatlarla yanaşı onu da nəzərinizə çatdırmağı zəruri hesab edirəm ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə subroqasiya hüququ sığorta şirkətinə sığortalıya (sığorta olunana), o cümlədən sığortalı avtomobili idarə edən sürücüyə qarşı ödədiyi sığorta ödənişi həddində pulu geriyə tələb etmək hüququ verir. Subroqasiya qaydasında geriyə tələb hüququnun əsasları icbari sığorta qanunvericiliyində dəqiq müəyyən edilmişdir. Qeyd edir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə, hallara şamil olunur. Bu baxımdan hesab edirəm ki, sözügedən maddədə “qanuni əsaslar” dedikdə yalnız etibarnaməni və ya digər yazılı sənədi deyil, avtomobilin istismar edilməsi üçün mülkiyyətçinin şifahi razılığını da nəzərdə tutur. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismarı mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun. Hazırki halda isə mənim sözügedən avtomobili onun mülkiyyətçisinin razılığı olmadan və ya onun iradə ifadəsinə zidd şəkildə idarə etməyim müəyyən edilməmişdir. İddiaçı "xxxx" ASC də buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Nəzərə almaq lazımdır ki, avtomobili idarə etmək hüququ olmayan şəxs tərəfindən idarə edilməsinə görə məsuliyyəti inzibati xətalar qanunverciliyi müəyyən etmişdir (İXM-nin 332-ci maddəsi). Bu məsuliyyəti müəyyən etməkdə inzibati xətalar qanunverciliyinin iki məqsədi vardır: birincisi, avtomobil mülkiyyətçilərinin mənafeyi müdafiə olunsun və başqa şəxslər mülkiyyətçinin iradəsi olmadan avtomobilə sahiblənə bilməsinlər; ikincisi, yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanları gücləndirilsin, yəni qayda pozuntusu zamanı avtomobili idarə edən şəxsin (sürücünün) şəxsiyyətinin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması mümkün olsun. Göründüyü kimi, bu normanın sığortaçıların mənafeyinin qorunması ilə bağlı məqsədi yoxdur və ola da bilməz. Belə ki, əvvəla, sığorta münasibəti inzibati xətalarla bağlı münasibət deyil, mülki münasibətdir və mülki hüquqa aid qanunlarla tənzimlənir. Mülki hüququn tələbi isə ondan ibarətdir ki, əşyanın başqasının sahibliyinə verilməsi üçün istifadə müqaviləsi bağlanmalıdır. Mülki hüquqa görə avtomobil əşyadır və onun idarə edilməsi əşyadan istifadə edilməsi kimi qəbul olunur. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu o deməkdir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi mövcuddur. Eyni zamanda mülki hüquq inzibati hüququn müəyyən etdiyi avtomobilin idarə edilməsinə dair etibarnaməni tanımır. Belə ki, mülki hüquqda etibarnamə təmsilçilik münasibətlərinin yaranması üçün əsasdır (MM-nin 362-ci maddəsi). Avtomobilin idarə edilməsi isə mülki hüquqda əşyadan istifadə etmək kimi qəbul olunur. Mülki hüquqda “əşyadan istifadə etmək” deyəndə əşyanın faydalı təbii xassələrinin hasil edilməsi başa düşülür, avtomobilin təbii xassəsini nəql etməkdir, çünki o, nəqliyyat vasitəsidir. Ona görə də, şəxs avtomobildən istifadə edərkən onun nəqletmə imkanlarından yararlanır, nəqletmə zamanı təmsilçiliyin yaranması (avtomobil mülkiyyətçisinin üçüncü şəxs qarşısında təmsil edilməsi) mümkün deyil. Təmsilçilik avtomobil üzərində sərəncam verilməsi və üçüncü şəxslərlə əlaqədar digər bu kimi hərəkətlərin həyata keçirilməsi zamanı mümkündür. Beləliklə hesab edir ki, nəqliyyat vasitəsini etibarnamə olmadan, lakin mülkiyyətçinin razılığı və iradə ifadəsinə uyğun olaraq idarə edən şəxs “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüquqi olmayan şəxs” kimi qəbul edilə bilməz. Həmin şəxslərə yalnız sürücülük hüququ olmayan şəxslər və nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxslər aiddir. Bu baxımdan cavabdeh “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” hesab edilmir və bu səbəbdən də iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmamışdır. Yuxarıda göstərilənlərlə yanaşı onu da xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, hazırkı etiraz mülahizəsində ifadə etdiyi hüquqi mövqe etiraz mülahizələrinə əlavə etdiyi bu qəbildən olan iddialar üzrə ayrı-ayrı məhkəmələr tərəfindən, o cümlədən apellyasiya instansiyası tərəfindən qəbul olunmuş məhkəmə aktları ilə də təsdiq olunur. Yuxarıda göstərilənlərə əsaslanaraq, məhkəmədən "xxxx" ASC-nin ona və Cavabdeh2 qarşı “ödənilmiş sığorta ödənişinin subroqsiya qaydasında tələb edilməsinə dair” iddiasının təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarına əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: 31.05.223-cü il tarixli xx/xx-1033 saylı məktubdan görünür ki, Cəmiyyət tərəfindən PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə icbari qaydada sığortalanmış “QAZ 27573” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı və “VAZ 2106” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələri toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkənə dəymiş zərərə görə tərəflərindən 819 manat məbləğində sığorta ödənişi verilmişdir. Həmin məbləğdə pul vəsaitinin subroqasiya qaydasında №Xalq Sığorta” ASC-nin bank hesabına ödənilməsini təklif etmişdir. Əks təqdirdə məhkəmə qaydasında tutulması bildirilmişdir. xx.xx.2022-ci il tarixli 2181 saylı qiymətləndirmə aktından görünür ki, VAZ 2106 dövlət qeydiyyat nişanı 32BD762 olan avtomobilə 819 manat zərər dəymişdir. xx.xx.2023-cü il tarixli HK-1/2088 saylı cinayət işinin başlanmasının rədd dilməsi haqqında qərardan görünür ki, Cavabdeh1 əməlində Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsinin tərkibi əlaməti olduğundan barəsində inzibati qaydada tənbeh tədbiri seçilməsi üçün Bərdə RPŞ-nin DYPB-nə qərarın surəti göndərilmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-1266/2024 saylı, Mingəçvir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-238/2024 saylı, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(059)-31/2024 saylı qətnamələrindən görünür ki, subroqasiya qaydasında pul tələbi barədə iddialar əsassız olduğundan rədd edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 936. Subroqasiya hüququ 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 25. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, yuxarıda istinad edilən normanın dispozisiyasında nəzərdə tutulan hüququ olmayan şəxs dedikdə, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan, başqa sözlə, sürücülük vəsiqəsi olmayan şəxs nəzərdə tutulur. Avtomobili etibarnamə olmadan idarə etməsi onun avtomobili istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi qəbul etməyə əsas vermir və buna görə də sığorta şirkətinin bu əsasla subroqasiya hüququ yarana bilməz. İddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT E T D İ:

İddia təmin edilməsin. İddiaçı ASC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar