Məhkəmə qərarları › İş №e-2(021)-3280/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-3280/2025

08.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-3280/2025 08.09.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 05 sentyabr 2024-ci il tarixli, BRK6360054 saylı borc müqaviləsinə əsasən 319 manat əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla 05 sentyabr 2024-ci il tarixli borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 390 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 319 manat əsas borcu qalmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 05 sentyabr 2024-cu il tarixli, BRK6360054 saylı borc müqaviləsinə əsasən 319 manat əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Müqavilədə tərəflər arasında yaranmış mübahisənin pretenziya qaydasında həll olunmağı nəzərdə tutulmadığından cavabdeh tərəfə pretenziya məktubu göndərilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1ci və 284-5.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Mülki işə əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05 sentyabr 2024-cu il tarixli BRK6360054 saylı borc Müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən ilkin ödəniş olaraq 42 manat ödənilməklə, 12 ay müddətinə hər ay 29 manat ödənilməsi şərti ilə 390 manat məbləğində məişət avadanlığı Cavabdeh satılmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 05 sentyabr 2024-cu il tarixli BRK6360054 saylı borc müqaviləsi üzrə ödənilməmiş 319 manat borcu qalmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı MMC ilə müddəti 29 ay olmaqla 05 sentyabr 2024-cu il tarixli borc müqaviləsi bağlamış, həmin müqaviləyə əsasən iddiaçıdan dəyəri 619 manat olan məişət avadanlığı əldə etmişdir. Lakin Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Buna görə də iddiaçının məhkəmə müdafiəsindən istifadə hüququ yaranmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-cü maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericüliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 567-cü maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-cü maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecükdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun cərimələr ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən cərimələr ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacüb hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 445.2.1-cü maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-cü maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları Cavabdehnın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 05 sentyabr 2024-cu il tarixli, BRK6360054 saylı borc müqaviləsinə əsasən 319 manat borc məbləği İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-cü maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. MPM-in 284-6.1-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 222.2-cü maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, cərimə borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir Həmin Məcəllənin 14.2-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-cü maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-cü maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 284-1-284-6, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 05 sentyabr 2024-ci il tarixli, BRK6360054 saylı müqaviləyə əsasən 319 (üç yüz on doqquz) manat pul məbləği tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Cavabdeh iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar