Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-3389/2025 26.12.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı "xxxx" MMC məhkəməyə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli XRN487509 saylı borc müqaviləsinə əsasən 723 manat əsas borc, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 753 (yeddi yüz əlli üç) manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla xx.xx.2020-ci il tarixli XRN487509 saylı borc müqaviləsini bağlamışdır. Həmin müqaviləyə əsasən, cavabdeh iddiaçıdan dəyəri 824 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 723 manat əsas borcu qalıb. Tərəflərin iştirakı və izahatları: Bərdə Rayon Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli qərardadı ilə iddiаçı İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair mülki iş iddia icraatına keçirilmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh telefon vasitəsilə məhkəmə ilə əlaqə saxlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: xx.xx.2020-ci il tarixli XRK487509 nömrəli cavabdeh "xxxx" MMC ilə iddiaçı Cavabdeh arasında bağlanmış “Borc müqaviləsi”ndən görünür ki, 824 manat dəyərində məişət avadanlığı ilkin ödəniş olaraq 56 manat ödənilməklə, 12 ay müddətində hissə-hissə hər ay 64 manat ödənilməsi şərtilə Cavabdeh tərəfindən əldə edilmişdir. Təhvil-təslim aktından görünür ki, mal alıcıya təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli XRK487509 nömrəli müqavilə üzrə 723 manat borcu vardır. xx.xx.2025-ci il tarixli Pretenziya məktubundan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli XRK487509 nömrəli müqavilə üzrə 723 manat borcu vardır. Cavabdehdən yaranmış borc məbləğinin ödənilməsi tələb olunmuş, əks təqdirdə İddiaçı MMC tərəfindən məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını təhlil edib, müəyyən etmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Borc müqaviləsi” faktiki olaraq nisyə alqı-satqı müqaviləsi olmuşdur. Cavabdeh malı təhvil almış, bununla da iddiaçı müqavilə ilə nəzərdə tutulmuş öhdəliyini yerinə yetirmişdir. İş materiallarında olan Maliyyə arayışından görünür ki, cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə ödəniş etməmiş, yəni öhdəliyi lazımınca icra etməmişdir. Cavabdehə göndərilən pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi üçün xəbərdarlıq edib, bununla da pretenziya qaydalarına riayət etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 723 manat borc məbləği və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 723 (yeddi yüz iyirmi üç) manat borc məbləği və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Bayram Məhərrəmov