Məhkəmə qərarları › İş №e-2(021)-3692/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-3692/2025

19.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-3692/2025 19.01.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Məhərrəmov Bayram Yusif оğlunun sədrliyi, X1 iclas kаtibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı QSC məhkəməyə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə STK008919 saylı Nisyə Alqı-satqı müqaviləsi üzrə 109 manat borcun, 16.35 manat cərimə borcunun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış STK008919 saylı xx.xx.2023-cü il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdeh 648 manat dəyərində nisyə aldığı mala görə 200 manat ilkin ödəniş olaraq ödəmiş,qalıq 448 manat borcu isə müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 448 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə Nisyə alqı satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir Tərəflər arasında bağlanmış Nisyə alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən malı satır, alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən alıcı tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.5 faiz miqdarında dəbbə pulu ödəməlidir. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtmir. Belə ki, cavabdehin iddianın verildiyi günə 109 manat əsas borcu, 16.35 manat cərimə borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmənin e-2(021) 3692/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən mülki iş iddia icraatına keçirilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı QSC-nin nümayəndəsi məhkəməyə ərizə göndrərək işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdeh üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsində göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş sənədlər: Müştəri "xxxx" MMC ilə faktor İddiaçı QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, R-1312/22 nömrəli Faktorinq müqaviləsinin 2.1-ci bəndindən görünür ki, faktor, borclu barəsində müştərinin borcluya malların satılmasında irəli gələn pul tələbinin hesabına müştəriyə pul vəsaiti verir (müştərini maliyyələşdirir), müştəri isə borcluya qarşı pul tələbini faktora güzəşt edir. xx.xx.2023-cü il tarixli, R-13xx/xx-0187 saylı Faktorinq müqaviləsinə əlavə olunan Sazişdən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh ilə bağlanmış xx.xx.2023-cü il tarixli STK008919 saylı müqavilə üzrə pul tələbi faktor İddiaçı QSC-yə güzəşt edilmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış STK008919 saylı xx.xx.2023-cü il tarixli Nisyə Alqı-satqı müqaviləsinə və müqaviləyə 1 nömrəli Əlavəyə əsasən cavabdeh 648 manat dəyərində nisyə aldığı mala görə 200 manat ilkin ödəniş olaraq ödəmiş, qalıq 448 manat borcu isə müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay 108 manat ödəmək şərtilə 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Təhvil-təslim aktından görünür ki, mal satıcı tərəfindən alıcıya təhvil verilmişdir. Bildirişdən görünür ki, Cavabdeh müqavilə üzrə pul tələbinin güzəşti barədə məlumatlandırılmış və buna öz razılığını vermişdir. xx.xx.2025-ci il tarixli Maliyyə arayışından və Hesabdan çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə 109 manat əsas, 16.35 manat cərimə borcu olmaqla cəmi 125.35 manat borcu vardır. xx.xx.2025-ci il tarixli Bildirişdən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə 295 manat məbləğində borcun yarandığı barədə məlumatlandırılmış, tərəfindən öhdəliklərin icrası ilə əlaqədar çağırışa xx.xx.2025-ci il tarixinədək riayət olunmadığı təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu və dövlət rüsumunun ödənilməsinə görə 0.40 manat xidmət haqqı ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 655.1. Faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. 655.2. Pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. 657.4. Əgər borclu müştəridən və ya müştərinin vəkaləti ilə faktordan güzəşt barəsində yazılı bildiriş almışdırsa, ödənişi faktora həyata keçirməlidir. Bildiriş yalnız o halda etibarlıdır ki, güzəşt edilmiş tələbləri və borclunun ödənişi həyata keçirdiyi və ya hesabına həyata keçirdiyi faktoru kifayət qədər dəqiq göstərsin və bildirişin verildiyi an və ya daha əvvəl bağlanmış müqavilədən irəli gələn tələblərə aid olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını təhlil edib, müəyyən etmişdir ki, SEKTOR-M” MMC ilə Cavabdeh arasında bağlanmış STK008919 saylı xx.xx.2023-cü il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdeh 648 manat dəyərində nisyə aldığı mala görə 200 manat ilkin ödəniş etmiş, qalıq 448 manat borcu isə müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay 108 manat ödəmək şərtilə 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 448 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə Nisyə alqı satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmiş, cavabdeh tələbin güzəşti barədə və ödənişin iş üzrə iddiaçının xeyrinə etməli olduğu barədə müvafiq qaydada məlumatlandırılmışdır. İş materiallarında olan Maliyyə arayışına əsasən, cavabdeh nisyə alqı-satqı müqaviləsinin əlavəsində nəzərdə tutulmuş müddətdə ödəniş etməmiş, yəni öhdəliyi lazımınca icra etməmişdir. xx.xx.2025-ci il tarixli Bildirişdən görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi üçün xəbərdarlıq edib, bununla da pretenziya qaydalarına riayət etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 109 manat əsas borc, 5.45 manat cərimə borc məbləği İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı Cavabdeh tutularaq İddiaçı QSC-nin xeyrinə tutulmalıdır Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 109 manat əsas borc, 5.45 manat cərimə borcu, ümumilikdə 114.45 (yüz on dörd manat qırx beş qəpik) manat borc məbləği və iş üzrə ödənilmiş 30 (otuz manat) dövlət rüsumunun, dövlət rüsumunun ödənilməsinə görə 0.40 (qırx qəpik) manat xidmət haqqının əvəzi tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar