Məhkəmə qərarları › İş №e-2(021)-393/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-393/2024

09.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-393/2024 09.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X1 məhkəmə iclas kаtibliyi ilə, İddiаçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qаrşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli, 1700-GL/17 nömrəli müqavilə üzrə yaranmış 8.940 (səkkiz min doqquz yüz qırx) manat gecikdirilmiş borcu və hesablanmış 6.177,99 (altı min bir yüz yetmiş yeddi manat, doxsan doqquz qəpik) manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz) manat vəsaitin, cəmi: 15.617,99 manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC (Aqrolizinq ASC) ilə cavabdeh arasında bağlanılmış xx.xx.2017-ci il tarixli, 1700-GL/17 nömrəli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə xx.xx.2017-ci il tarixli, 1700-GL/17 nömrəli müqavilə üzrə yaranmış 8940 manat gecikdirilmiş borcu və hesablanmış 6177,99 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Eyni zamanda bildirdilər ki, hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 300 (üç yüz) manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinə dair ilkin sübutlar tərəflər arasındakı müqavilə, texnikaların təhvil-təslim aktları, maliyyə arayışı, iddiaçı ilə "xxxx" MMC arasındaki sazişdən ibarətdir. Hüquqi yardıma görə ödəniş isə nəzərdə tutulmuş məbləğ ödənildikdən sonra müvafiq ödəniş tapşırığı və digər zəruri sübutlar məhkəməyə təqdim ediləcəkdir. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məhkəməyə elektron ərizə ünvanlayaraq iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçı orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsiylə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 1700-GL/17 nömrəli əsas lizinq müqaviləsindən görünür ki, Cavabdeh ilə "xxxx" ASC ümumi məbləği 14995 manat olan kənd təsərrüfatı texnikasının lizinqə verilməsini razılaşmışlar. xx.xx.2017-ci il tarixli, 1700-GL/17 nömrəli lizinq müqaviləsinə əlavədən və ödəniş cədvəlindən görünür ki, borclu Cavabdeh aylıq 625 manat, son ayda isə 620 manat pul ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, iddiaçı "xxxx" ASC-nin müştərisi olan Cavabdeh "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixli lizinq müqaviləsi ürə 8940 manat gecikdirilmiş borc, 6177,99 manat hesablanmış cərimə, cəmi 15117,99 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, borcluya müqavilə üzrə mübahisənin məhkəmədən kənar qaydada həlli məqsədi ilə pretenziya məktubu göndərilmiş, borcun ödənməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli əmrdən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli aktdan görünür ki, Bərdə rayonu, Gərənə kənd sakini Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş Traktoru qəbul etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiаçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qаrşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli, 1700-GL/17 nömrəli müqavilə üzrə yaranmış 8.940 (səkkiz min doqquz yüz qırx) manat gecikdirilmiş borcu və hesablanmış 6.177,99 (altı min bir yüz yetmiş yeddi manat, doxsan doqquz qəpik) manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500(beş yüz) manat vəsaitin, cəmi: 15.617,99 manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında “maddi nemətlər”-də mülkiyyət (əmlak) hüquqlarının hüdudları daxilində dəyərləndirilir. MM-in 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-in 747.2-ci maddəsinə əsasən, lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur. MM-in 747-1.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). MM-in 747-1.2-ci maddəsinə əsasən, lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. MM-in 747-1.3-cü maddəsinə əsasən, lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir. MM-in 747-1.4-cü maddəsinə əsasən, satıcı (mal verən) alqı-satqı müqaviləsinə əsasən lizinq obyektini lizinq verənə satan hüquqi və ya fiziki şəxsdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli qərarında göstərilmişdir ki, istənilən hüquqi və ya fiziki şəxs lizinq alan qismində istənilən əmlakı müvəqqəti sahibliyə və istifadəyə qəbul edə bilər. Mülki Məcəllənin sadalanan maddələrində lizinq alanın sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə hər hansı tələb irəli sürülməmişdir. Eyniliklə lizinq müqaviləsinin mühüm şərtlərini müəyyən edən Mülki Məcəllənin 748-ci maddəsində lizinq alan tərəfindən lizinq obyektinin yalnız sahibkarlıq məqsədi ilə lizinqə götürülməsi, həmin obyektdən məhz gəlir götürmək məqsədi ilə istifadə edilməsinə dair şərt göstərilməmişdir. Lizinq əməliyyatlarının hüquqi formalarını tənzimləyən Mülki Məcəllənin 747-5.1-ci maddəsinə əsasən, lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alğısatqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. Mülki Məcəllənin 748-1-ci maddəsində lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri müəyyən edilmişdir. Həmin Məcəllənin 748-1.12-ci maddəsində göstərilmişdir ki, lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: - lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; - lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; - lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; - lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Lizinq müqaviləsinin bağlanılması lizinq obyektinin lizinq alanın mülkiyyətinə keçməsi ilə nəticələnmir. Bu müqavilə lizinq verənin öz əmlakından gəlir əldə etməsinə, lizinq alanın isə aylıq haqqın ödənilməsi nəticəsində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən ondan istifadə etməsinə) yönəlmiş bir əqddir. Kredit və digər şərtlərdən fərqli olaraq lizinq əsasında əldə olunan əmlak üzərində lizinq alanın mülkiyyət hüququ dərhal yaranmır. Belə ki, lizinq obyektinə dair mülkiyyət hüququ lizinq ödənişinin tam ödənilməsindən və müqavilə şərtlərinin tam icra olunmasından sonra lizinq verənin iradəsi ilə lizinq alana keçir. Lizinq alan müqavilənin hər hansı bir şərtini icra etmədikdə lizinq verənin tələbi ilə lizinq obyektinə dair sahiblik və istifadə hüquqlarından əvəzsiz olaraq məhrum edilə bilər. Lizinq verənin mülkiyyət hüququnun müdafiəsi ilə bağlı yuxarıda qeyd edildiyi kimi, Mülki Məcəllənin 748-12.1 və 748-1.12.4-cü maddələrində qanunverici lizinq verənə (mülkiyyətçiyə) lizinq müqaviləsində müəyyənləşdirilmiş lizinq obyektinə aid şərtlərə lizinq alan tərəfindən əməl edilməsinə nəzarət etmək hüququ, lizinq alan tərəfindən lizinq obyektindən istifadə üçün haqqın müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödənilmədiyi halda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vermişdir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, bu cür tələblər üzrə qanunverici sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən qaytarılmasını tələb etdiyi pulun iddia etdiyi məbləğdə cavabdehə verilməsinin sübut edilməsidir. Məhkəmə hesab edir ki, cavabdehdən 8940 manat gecikdirilmiş borc tutulmalıdır. Belə ki, iş materialları ilə texnikanın cavabdehə lizinqə verilməsi və texnikaya görə yaranmış lizinq haqqı üzrə borcun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsi öz təsdiqini tapır. Eyni zamanda məhkəmə qeyd edir ki, tərəflərin mübahisəli hüquq münasibətləri üzrə iddia tələbi dəbbə puluna münasibətdə qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehdən 6177.99 manat məbləğində cərimə borcunun tutulmasını məhkəmədən xahiş etmişdir. Belə ki, dəbbə puluna görə cavabdehin məsuliyyətli olub-olmaması məsələsi ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddənin məzmunundan göründüyü kimi, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Lakin nəzərə alınmalıdır ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun, təqsiri olduğu təqdirdə tələb edə bilər. Mülki Məcəllənin 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Beləliklə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsində borclunun təqsiri olduğu halda kreditor dəbbə pulunun ödənilməsi ilə bağlı tələbi bu hərəkətləri törətmiş şəxsə qarşı irəli sürə bilər. Məhkəmə hesab edir ki, həmin məbləğ hazırki vəziyyətdə işin hаllаrınа tam uyğun deyildir və tənаsübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin “Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 449-cu mаddəsinin bəzi müddəаlаrının şərh оlunmаsınа dаir 09 iyul 2009-cu il tаrixli Plenum qərаrı”ndа göstərilmişdir ki, “digər tərəfdən, bоrclu şəxsin mülkiyyət mаrаqlаrı qоrunmаlı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısı аlınmаlıdır”. Məhkəmə hesab edir ki, cərimənin miqdаrının bu qədər çоx оlmаsı bоrclunun mülkiyyət mаrаqlаrının qоrunmаsı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısının аlınmаsı bаxımındаn məqsədəmüvаfiq deyildir. Ona görə də məhkəmə hesаb edir ki, cаvаbdehdən öz öhdəliyini lаzımıncа yerinə yetirməməkdə ifаdə оlunаn ümumi mаrаqlа оnun mülkiyyət hüquqlаrının müdаfiəsi аrаsındа ədаlətli tаrаzlığа nаil оlunmаsı bаxımındаn cərimənin miqdаrının аzаldılаrаq 18 avqust 2017-ci il tarixli müqavilə üzrə cavabdehdən tutulmalı olan cərimə borcunun 1000 manat məbləğində müəyyən edilməsi məqsədəuyğun hesab oluna bilər. Məhkəmə həmçinin hüquqi yardıma görə ödənilmiş 500 manat vəsaitin cavabdehdən tutulması ilə bağlı qeyd edir ki, işdə olan ödəniş tapşırığından görünür ki, 500 manat hüquqi yardım haqqı "xxxx" MMC tərəfindən Xırdalan şəhər Vəkil Bürosuna ödənilmişdir. Məhkəmə hesab edir ki, bu halda hüquqi yardım haqqına görə ödənişi iddiaçı deyil, ödənişi aparan təşkilat "xxxx" MMC cavabdehdən tələb etmək hüququna malikdir. Belə olan halda iddia hüquqi yardım haqqının ödənilməsi hissəsində rədd edilməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı büdcədən maliyyələşən təşkilat olduğundan və buna görə dövlət rüsumundan azad olduğundan iddianın təmin edilən hissəsinə münasib olaraq ödənilməli olan 120 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 8940 manat gecikdirilmiş borc, 1000 manat cərimə, cəmi 9940 manat pul tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə verilsin. Cavabdeh 120 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar