Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-438/2024 23.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X3 iclas kаtibliyi ilə, İddiаçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması» tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 5000,00 (beş min) manat məbləğində vəsaitin, 70,00 (yetmiş) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixli PAZ********** nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə "xxxx" ASC-də sığortalanmış Cavabdeh tərəfindən idarə edilən Chevrolet Cruze minik markalı 99DY116 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixində Bərdə rayonu, Hacallı kəndi ərazisində 90 TC044 dövlət qeydiyyat nişanlı KİA OPTİMA markalı avtomobili ilə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Bərdə rayon DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində AR İXM-nin 327.6-cı maddəsi ilə xx.xx.2021-ci il tarixli qərar yazılmışdır. KİA OPTİMA markalı ** TC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 5000 manat ödənişi vermişdir. “İcbari sığorta haqqında”AR Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subqroqasiya hüququ yaranır. Bununla da sığortaçının (sığorta şirkəti) ödədiyi pul vəsaitini mübahisəsiz qaydada geri tələb etmə hüququ yaranır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə iştirakları olmadan baxılıb iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarına əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Azərbaycan Respublikasını DİN-in BPQMİ-nin MAPS Şöbəsinin arayışından görünür ki, Cavabdeh xx.xx.2000-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayon X6 bölməsinin müstəntiqi, polis kapitanı Bayramzadə Sənan saday oğlunun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 13 iyul 2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh əməlində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət işin başlanılmasının rədd edilməsi, Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə inzibati icraatın başlanması üçün qərarın surətinin Bərdə RPŞnin DYPB-nə göndərilməsi, qərarın surətinin iş üzrə maraqlı tərəfə göndərilməsi, Qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bərdə rayon Prokuroruna göndərilməsi, materialın saxlanılması üçün Bərdə RPŞ-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan CML-2237/2021-AKT 2589/21 nömrəli, xx.xx.2021-ci il tarixli Sığorta aktından görünür ki, KİA OPTİMA markalı 90 TC044 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə hesablanmış 5000 manat sığorta ödənişinin verilməsi aktlaşdırılmışdır. xx.xx.2020-ci il tarixli PAZ********** nömrəli icbari sığorta müqaviləsindən görünür ki, CHEVROLET CRUZE markalı 99 DY116 markalı avtomobil sığortalanmışdır. Avtonəqliyyat vasitələrinin texniki ekspertizası barədə ekspert rəyindən görünür ki, Kia Optima markalı ** TC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan dəmirçi işi 800 manat, rəngsaz işi 1200 manat, ehtiyat hissələrinə görə dəymiş ziyan 4900 manat olaraq hesablanmaqla, avtomobilə dəymiş ziyan cəmi 6900 manat müəyyən edilmişdir. AD 866594 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, CHEVROLET CRUZE minik markalı, 99 DY116 dövlət qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətinə qeydiyyata alınmışdır. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Cavabdeh xx.xx.2000-ci ildə anadan olmuşdur. AE 231350 nömrəli sürücülük vəsiqəsindən görünür ki, həmin srücülük vəsiqəsi Cavabdeh məxsusdur. AD 913176 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Kia Optima minik markalı, ** TC *** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətində qeydiyyata alınmışdır. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X5 xx.xx.1994-cü ildə anadan olmuşdur. AE 242085 nömrəli sürücülük vəsiqəsindən görünür ki, həmin sürücülük vəsiqəsi X4 məxsusdur. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta hadisəsi hesab edilə bilən halın təfərrütları barədə arayışda göstərilmişdir ki, xx.xx.2021-ci il tarixdə təxminən saat 23.40 radələrində sürücü Cavabdeh idarə etdiyi Chevrolet Cruze markalı ** DY *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bərdə şəhəri Bakı küçəsi ilə Yevlax rayonu istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olarkən X2 idarə etdiyi Kia Optima markalı ** TC *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən toxunmuş, nəticədə X5 idarə etdiyi Kia Optima markalı ** TC *** dövlət qeydiyyat nişanlı avtomobilin idarəetməsini itirmiş, yol- nəqliyyat hadisəsi baş vermiş və Cavabdeh idarə etdiyi Chevrolet Cruze markalı ** DY *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hadisə yerini tərk edib getmişdir. X5 tərəfindən Bərdə Rayon Polis Şöbəsinə verilmiş izahatda göstərilmişdir ki, Kia Optima markalı ** TC *** qeydiyyat nişanlı minik avtomobili nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə ona məxsusdur, xx.xx.2021-ci il tarixdə təxminən saat 23:40 radələrində idarə etdiyi Kia Optima ** TC *** qeydiyyat nişanlı minik avtomobili ilə Bərdə şəhəri Bakı küçəsi ilə Yevlax rayon istiqamətində 50-60 km/saat sürətlə hərəkət edərkən Tofiqin idarə etdiyi Chevrolet Cruze markalı ** DY *** qeydiyyat nişanlı avtomobilin qarşısında hərəkət etdiyini görüb onu Qartal marketin qarşısında ötüb keçmişdir, bu zaman Tofiq onun ardınca avtomobilin sürətini artırıb hərəkət etməyə başlamışdır, Bakı küçəsində təzə bazarın qarşısından bir az keçəndən sonra sağa doğru sərt döngəyə daxil olmuşlar. Döngəyə daxil olarkən Tofiq idarə etdiyi avtomobilin ön hissəsi ilə idarə etdiyi avtomobilin arxa hissəsindən toxunub və bu zaman o, idarəetməni itirmiş, idarə etdiyi avtomobil ilə əvvəl yolun sağ kənarına sonra isə yolun sol kənarına dəyib yolun ortasında dayanmışdır. Tofiq avtomobili saxlaya bilməyib idarə etdiyi avtomobil ilə yenidən idarə etdiyi avtomobilin sağ yan hissəsindən vurub, hadisədən sonra Tofiq avtomobildən düşmədən hadisə yerini tərk edib getmişdir. Cavabdeh tərəfindən Bərdə Rayon Polis Şöbəsinə verilmiş izahatda göstərilmişdir ki, Chevrolet Cruze markalı ** DY *** qeydiyyat nişanlı minik avtomobili nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə ona məxsusdur, xx.xx.2021-ci il tarixdə təxminən saat 23.40 radələrində idarə etdiyi Chevrolet Cruze markalı ** DY *** qeydiyyat nişanlı minik avtomobili ilə Bərdə şəhəri Bakı küçəsi ilə Yevlax rayon istiqamətində 40-50 km/saat sürətlə hərəkət etmişdir. Elə bu vaxt Şamxal idarə etdiyi Kia Optima markalı ** TC *** qeydiyyat nişanlı avtomobili ilə Qartal marketin qarşısında onu ötüb keçmişdir. Həmin vaxt o, avtomobilinin surətini artırıb onun arxasınca hərəkət etməyə başlamışdır, Bakı küçəsində Təzə bazarın qarşısından bir az keçəndən sonra sağa doğru sərt döngəyə daxil olmuşdur, döngəyə daxil olarkən ehtiyatsızlıqdan o, idarə etdiyi avtomobilin ön hissəsi ilə Şamxalın idarə etdiyi avtomobilin arxa hissəsindən toxunmuş və bu zaman Şamxal idarəetməni itirmiş, Şamxalın idarə etdiyi avtomobil ilk əvvəl yolun sağ kənarına sonra isə yolun sol kənarına dəyib yolun ortasında dayanmışdır. O, avtomobilini saxlaya bilməyib idarə etdiyi avtomobil ilə yenidən Şamxalın idarə etdiyi avtomobilin sağ yan hissəsindən vurmuşdur. Hadisə nəticəsində qorxduğu üçün avtomobildən düşmədən hadisə yerini tərk etmişdir. Hadisə zamanı spirtli içki qəbul etməmişdir, ayıq olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən, yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmamalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən, bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 884.1-ci maddəsinə əsasən sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. 925.2-ci maddəsinə görə sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirməlidir. 925.3-cü maddəsinə uyğun olaraq, sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi sığorta qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunvericiliyin qeyd olunan müddəalarının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. ''Sığorta haqqında'' Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinə əsasən, sığortalının, təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun: 20.2-ci maddəsinə əsasən bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. 20.6-cı maddəsinə əsasən sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına vurulan zərərin əvəzi sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən tam ödənildikdə, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verir. 25.1.1-ci maddəsinə əsasən, sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 50.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 56.1-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat. Göründüyü kimi, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Beləliklə, tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən avtonəqliyyat hadisəsi törədilmiş, nəticədə fiziki şəxs baş vermiş sığorta hadisəsi ilə əlaqədar avtomobilə dəyən zərərə görə 5000 (beş min) manat məbləğində vəsait iddiaçı tərəfindən ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı həmin pulu subroqasiya qaydasında Cavabdeh tələb etməkdə haqlıdır və həmin pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Bundan başqa MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən ödənilən 70 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı da Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 5000.00 (beş min) manat və ödənilmiş 70.00 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №e-2(021)-438/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-438/2024
23.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver