Məhkəmə qərarları › İş №e-2(021)-4532/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-4532/2025

02.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-4532/2025 02.02.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Məhərrəmov Bayram Yusif оğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iclas kаtibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı "xxxx" MMC məhkəməyə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə müraciət edərək xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Zəmanət + 2 il xidməti, Soyuducu Toshiba üçün 2322 manat ödənilməmiş hissə, 232.2 manat cərimə, ümumilikdə, 2554.20 manat borc və 45.55 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmıxx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Zəmanət + 2 il xidməti, Soyuducu Toshiba almış və nəticədə 2554.20 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 2808 manat (yəni 18 ay x 146 manat + 180 manat ilkin ödəniş) olan Zəmanət + 2 il xidməti, Soyuducu Toshiba üçün ümumilikdə 2554.20 manat olmaqla, ondan 2322 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 232.2 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin ilkin ödəniş məbləği 180 manat olmaqla, cəmi ödədiyi məbləğ 486 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə iddiaçı arasında bağlanılmış xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə iddiaçı arasında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirmələrinə baxmayaraq qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehin etirazı: Cavabdeh məhkəməyə etiraz ərizəsini göndərərək bildirmişdir ki, iddia tələbi ilə razı deyil, soyuducunu götürən vaxt ilkin ödəniş kimi 180 manat ödəmişdir, sonradan isə bir neçə dəfə ödənişlər etmişdir. İddia ərizəsinin iddia icraatı qaydasında baxılıb, cərimə hissəsində ona kömək edilməsini xahiş etmişdir. Məhkəmənin 28 noyabr 2025-ci il tarixli, 2(021) 4532/2025 nömrəli qərardadına əsasən mülki iş iddia icraatına keçirilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək, iddianı müdafiə edib, cavabdehin müqavilə üzrə cəmi 486 manat ödəniş etdiyini göstərərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsində göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına istinad: xx.xx.2024-cü il tarixli, 16655586 nömrəli "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış Müqavilədən və müqaviləyə Əlavədən görünür ki, 2807.92 manat dəyərində mal ilkin ödəniş olaraq 180 manat ödənilməklə, 18 ay müddətinə hissə-hissə hər ay 146 manat ödənilməsi şərtilə Cavabdeh satılmışdır. xx.xx.2025-ci il tarixli Maliyyə və Ödəniş Cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2322 manat ödənilməmiş hissə, 232.20 manat cərimə, ümumilikdə 2554,20 manat borcu vardır. Müqavilə üzrə əsas borca ödənilmiş məbləğ 486 manat təşkil edir. xx.xx.2025/2 nömrəli Xəbərdarlıqdan görünür ki, Cavabdeh tərəfindən öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (üç) iş günü ərzində riayət olunmadığı təqdirdə iddiaçı "xxxx" MMC tərəfindən məhkəməyə müraciət ediləcəyi bildirilib. xx.xx.2025-ci il tarixli çekdən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 45,55 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

Məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı "xxxx" MMC-nin 27 may 2024-cü il tarixli, 16655586 nömrəli nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh 2808 manat dəyərində mal verilmişdir. İş üzrə iddiaçı "xxxx" MMC malı cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə Cavabdeh müqavilə üzrə öhdəliklərin icrasını lazımınca təmin etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyib, müqavilənin şərtlərini pozmuşdur. Buna görə o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımaqla müqavilə üzrə yaranmış əsas borcu iddiaçıya tam olaraq ödəməlidir. Cərimə borcuna gəldikdə, məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-cı maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə cərimə borcunun azaldılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 2322 manat əsas borc, 116.10 manat cərimə borcu, ümumilikdə 2438.10 manat borc məbləği Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 45.55 manat dövlət rüsumunun 44.38 manat hissəsi Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalı, dövlət rüsumunun 1.17 manat hissəsi İddiaçı MMC-yə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-cü il tarixli müqavilə üzrə 2322 manat ödənilməmiş hissə, 116.10 manat cərimə, ümumilikdə 2438.10 (iki min dörd yüz otuz səkkiz manat on qəpik) manat borc məbləği tutulаrаq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 44.38 (qırx dörd manat otuz səkkiz qəpik) manat hissəsi Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsunı, dövlət rüsumunun qalan 1.17 (bir manat on yeddi qəpik) manat hissəsi İddiaçı MMC-yə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar