Məhkəmə qərarları › İş №e-2(021)-556/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-556/2025

12.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-556/2025 12.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “öhdəlik üzrə yaranmış borcun və dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki işə 12 avqust 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddia tələbi İddiaçı “Skaz Autohouse» MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 6405,00 manat əsas borc, 1920,00 manat cərimə borcu və real zərər olaraq avtomobilin təmir xərci 9060,58 manat olmaqla ümumilikdə 17385,58 manat pul və 143 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsası İddiaçı “Skaz Autohouse» MMC tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ("Satıcı") vǝ Cavabdeh ("Alici") arasında cavabdehin şəxsi istifadəsi üçün avtomobil Alqı-satqısına dair xx.xx.2023-cü il tarixli B-136-SA-23 saylı Müqavilə imzalanmışdır. Müqaviləyə əsasən satıcı dəyəri ƏDV daxil 128,100.00 (bir yüz iyirmi səkkiz min bir yüz) manat müəyyən edilən Skoda Kodiaq 2.0 TSİ markalı buraxılış ili 2023 olan (VİN:TMBLD9NSXR8016186), yeni ve yürüşü 0 km olan avtonəqliyyat vasitəsi Satıcı tərəfindən Alıcının avtomobilin dəyəri tam ödənilənədək alıcının (iş üzrə cavabdeh) sahibliyi və istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, cavabdeh 128,100.00 (bir yüz iyirmi səkkiz min bir yüz) manat məbləği xx.xx.2024-cü il tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 2,135.00 (iki min bir yüz otuz beş) manat olmaqla iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı "xxxx" MMC tərəfindən müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra edilərək nəqliyyat vasitəsinin cavabdehə qüsursuz şəkildə təhvil verilməsinə baxmayaraq, Cavabdeh tərəfindən Müqavilə üzrə ödəniş öhdəlikləri vaxtında icra etməmiş, yəni xx.xx.2024-cü il tarixində bir aylıq ödəniş etdikdən sonra heç bir aylıq ödəniş etməmiş, sonrakı ayların gecikmələri barədə əməkdaşları tərəfindən cavabdehlə şifahi danışıqlar aparılsa da, həmçinin cavabdehə öhdəliklərinin icra edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh sonrakı ayların ödənişindən boyun qaçırmışdır. Öhdəliklərini icra etməməməsi səbəbindən cavabdehǝ Skoda Kodiaq 2.0 TSİ markalı, 77YF609 dövlət qeydiyyat nömrəli avtomobilin idarə edilməsinə dair etibarnamə verilməmiş və xx.xx.2024-cü il tarixində X6 tərəfindən saxlanılmış və duracağa yerləşdirilmiş nəqliyyat vasitəsi iddiaçı tərəfindən geri götürülmüşdür. Bununla bağlı Cavabdeh müqaviləni əhəmiyyətli dərəcədə pozması səbəbindən, yəni avtomobilin qanuni sahibliyə geri qaytarıldığı tarixlə birlikdə üç ay müddətdə, iddiaçıya ödəməli olduğu məbləği gecikdirdiyinə və ödənişləri etməkdən yayıdığına görə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli məktubu ilə Müqavilənin 3.2.6-cı bəndinə əsasən xx.xx.2023-cü il tarixli B-136-SA-23 sayl Müqavilǝyǝ birtərəfli qaydada xitam verilmişdir. Avtomobil iddiaçıya geri qaytarıldıqdan sonra xx.xx.2024-cü il tarixində "xxxx" MMC-nin servis-təmir mərkəzinə gətirilmiş, avtomobilə baxış keçirilmiş və baxışın nəticəsinə dair akt tərtib olunmuşdur. Həmin baxış əsasında (baxış aktına əsasən) avtomobilin müqavilədən əvvəlki vəziyyətinə qaytarılması və təkrar satışa çıxarılması üçün təmir xərci 9,060.58 (doqquz min sıfır altmış manat əlli səkkiz qəpik) müəyyən edilmiş və bununla da cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində "xxxx" MMC-yə real zǝrǝr dəymişdir. Eyni zamanda baxış aktı ilə avtomobilin yürüşü müəyyən edilmiş və faktiki vəziyyəti nəzərə alınmaqla avtomobilin ilinə, yürüşünə (9108 km) və bazar qiymətlərinə uyğun olaraq 25% dəyərdən düşmüşdür. Eyni zamanda cavabdeh tərəfindən ödənişin edildiyi son tarix olan xx.xx.2024-cü il tarixindən avtomobilin geri götürüldüyü xx.xx.2024-cü il tarixinədək cavabdeh tərəfindən heç bir ödəniş edilmədiyindən cavabdehin bağlanmış müqavilə üzrə icra edilməmiş öhdəliyi qalmaqla 6,405.00 (altı min dörd yüz beş) manat məbləğində əsas borcu, həmçinin müqaviləyə əsasən borcun ödənilməsinin gecikdirildiyi günlər üçün müqavilənin xitamına qədər hesablanmış 1920.00 (bir min doqquz yüz iyirmi) manat məbləğində dəbbə pulu yaranmışdır. Beləliklə Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərini əhəmiyyəli dərəcədə pozması nəticəsində "xxxx" MMC-yə ümumilikdə 17,385.58 (on yeddi min üç yüz səksən beş manat əlli səkkiz qəpik) manat miqdarında zərər dəymişdir. İddiaçıya dəymiş zərərin ödənilməsi tələbi ilə "xxxx" MMC tərəfindən cavabdehə və qohumlarına dəfələrlə şifahi müraciətlə edilmişdir. Lakin, edilən müraciətlərə qarşı tərəfdən heç bir məhəl qoyulmamış, zərərin ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Nəticə etibarı ilə, hazırkı mübahisəli məsələnin həll edilməsi məqsədi ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli B-012-SA-24 saylı Müqavilənin 3.2.2, 3.2.5, 3.2.6 va 3.2.7-ci bəndlərinə əsasən, müqavilə bağlandığı tarixdən etibarən Alıcı Müqavilə üzrə müvafiq ödənişləri tam və vaxtında icra etməzsə, yaxud Satıcıya Müqavilə üzrə ödənişləri tam və vaxtında icra etməzsə, yaxud Satıcıya Müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübutu təqdim etməzsə, Satıc müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Alıcı bundan imtina etdiyi təqdirdə, Satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən "Alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndin uyğun olaraq "Satıcı'ya ödəməlidir. Gecikdirilən hər gün üçün X3 ayhq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dobbo pulu ödəyəcəkdir. Tərəflərin izahatı İddiaçı MMC-nin nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin və ya onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən: xx.xx.2023-cü il tarixli, B-136-SA-23 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı dəyəri ƏDV daxil 128,100.00 (bir yüz iyirmi səkkiz min bir yüz) manat müəyyən edilən Skoda Kodiaq 2.0 TSİ markalı buraxılış ili 2023 olan (VİN:TMBLD9NSXR8016186), yeni ve yürüşü 0 km olan avtonəqliyyat vasitəsi Satıcı tərəfindən Alıcının avtomobilin dəyəri tam ödənilənədək alıcının (iş üzrə cavabdeh) sahibliyi və istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, cavabdeh 128,100.00 (bir yüz iyirmi səkkiz min bir yüz) manat məbləği xx.xx.2024-cü il tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 2,135.00 (iki min bir yüz otuz beş) manat olmaqla iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli Təhvil-təslim Aktından görünür ki, avtomobil qüsursuz və texniki saz vəziyyətdə alıcıya təhvil verildi, alıcıya avtomobilin təhcizatı və texniki xüsusiyyətləri izah olundu. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirmədiyinə görə qeyd edilən cərimə məbləğini 22 aprel 2024-cü il tarixdə ödəməyi tələb olunur. BB516649 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 77YF609 qeydiyyat nişnlı avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə İddiaçı MMC-yə ödəəniş etmiş, xx.xx.2024-cü il tarixə 6405 manatgecikdirilmiş borc, 1920 manat cərimə məbləği mövcuddur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2-9/1241/2025 saylı ekspert rəyindən görünür ki, İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən 2023-cü il buraxılışlı “Skoda Kodiaq 2.0 TSİ” markalı 77 YF-609 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 8941, 54 manat müəyyən edilir. Dəyişilməli hissələrin qiyməti 7386 manat, təmir bərpa işlərinin qiyməti 1555 manat. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə ekspert rəyini əsaslı və mötəbər sübut olaraq qəbul edir, həmin rəylə razılaşaraq hesab edir ki, avtomaşının təmir xərcini 8941 manat həcmində müəyyən olunmalı, tənasüblük qorunmadan tələb olunan cərimə məbləği azaldılaraq 150 manat həcmində nəzərə alınmalıdır. Əsas borc olaraq tələb edilən 6405 manat mübahisələndirilmədiyindən əsaslı hesab olunmalıdır. MPM-nin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 143 manat dövlət rüsumu ödəmişdir. İddianın təmin olunan hissəsinə münasibətdə dövlət rüsumu 136,49 manat həcmində tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 214, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q ə t e t d i:

İddia qismən təmin edilsin. Cavabdeh 6405 manat əsas, 150 manat cərimə, 8941 manat təmir xərci olmaqla, cəmi 15496 (on beş min dörd yüz doxsan altı) manat və 136,49 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM VÖEN **********, hesab AZ34CTRE********************, X1, KOD 210005, VÖEN ********** m/h AZ41NABZO013601**********3944, SWİFT Bik:CTREAZ22) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilərlər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar