Məhkəmə qərarları › İş №e-2(021)-608/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-608/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-608/2025 11.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı müqavilə üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi: İddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1487.38 manat əsas borc, 297.47 manat cərimə borcu, dövlət rüsumuna görə 37.85 manat borcun, cəmi 1822.70 manat pulun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, alıcı qismində (iddiaçı) “X2 Kompleksi” MMC, tədarükçü qismində “X2 Kompleksi” MMC-nin “X3 və Emalı Zavodu” filialı və fermer (cavabdeh) Cavabdeh arasında bağlanmış 2022-ci il mövsüm üzrə xx.xx.2022-ci il tarixli 376 saylı xam pambığın alqı-satqısı müqaviləsinə əsasən cavabdeh öhdəsində olan torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdehə iddiaçı tərəfindən 3644.80 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və. s) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avansın dəyərini xam pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh yaranmış borcdan 2157.42 manatı, bu dəyərdə xam pambıq verməklə, ödəmişdir. Beləliklə cavabdeh 2022-ci il mövsümü üzrə xx.xx.2022-ci il tarixli 376 saylı müqavilənin 2.1.1-ci, 2.1.7-ci, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 1487.38 manat borcu qalmışdır. Bundan əlavə, müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam pambığın birinci növ qiyməti ilə (1-ci növ xam pambığın bir tonunun qiyməti 650 manatdır) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 696,75 manat təşkil edir. Verilməmişdir: 1487.38 manat x 20%= 297.47 manat. Bununla yanaşı cavabdehin qeydiyyatda olduğu ünvan üzrə rəsmi pretenziya məktubu göndərilməklə, borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə müqavilə öhdəliyinin yerinə yetirilməməsinə görə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq məsələnin məhkəmədən kənar həllinə heç bir təşəbbüs göstərilməmişdir. Beləliklə cavabdeh müqavilə üzrə borcunu ödəmədiyindən iddiaçı borcu qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir. Tərəflərin iştirakı və izahatları: İddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək, işə nümayəndənin iştirakı olmadan baxmaqla iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdeh üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsində göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına istinad: xx.xx.2022-ci il tarixli 376 nömrəli “2022-ci il mövsümü üzrə xam-pambığın alqısatqısına dair” Müqavilədən görünür ki, “X2 Kompleksi” MMC (“Alıcı”), Azərpambıq ASK” MMC-nin “X3 və Emalı Zavodu” (“Tədarükçü”) və xam pambığın istehsalçısı Cavabdeh (“Fermer”) aşağıdakı şərtlərlə müqavilə bağlayıblar: - “Fermer” mülkiyyətində, istifadəsində və ya icarəsində olan 2.00 ha torpaq sahəsində pambıq əkib “Alıcı”ya satmağı, “Alıcı” ilə “Fermer”in istehsal etdiyi xam pambığı qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qiymətlə “Fermer”ə ödəməyi öhdəsinə götürür. (1.1-ci bənd) - “Fermer” mülkiyyətində olan və ya icarə (istifadə) müqaviləsi əsasında istifadə etdiyi 2.00 ha torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkir və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal edib “Alıcı”nın mülkiyyətinə verir (2.1.1-ci bənd); - Müqavilənin 2.1.2-ci bəndində göstərilən işlərin vaxtında və qüsursuz yerinə yetirilməsi üçün aqrotexniki ardıcıllığa uyğun olaraq “Alıcı”dan avans vəsaitlər (nağdsız qaydada pul vəsaiti, toxumluq çiyid, gübrələr, zəhərli-kimyəvi preparatlar və s.) alınması, həmçinin texnikalarla (şum, mala, disk, arx, kultivasiya, dərmanlama və s.) işlər görülməsi barədə müraciət edir; (2.1.3-cü bənd) - “Alıcı”ya məxsus texnikalarla görülmüş şum, mala, disk, arx, kultivasiya, dərmanlama və s. fermerə göstərilən xidmətlərin, toxumluq çiyidin, zəhərli kimyəvi preparatların, gübrənin və s. dəyərini, həmçinin nağdsız qaydada götürülən vəsaitin məbləğini istehsal etdiyi xam pambıqla müqavilədə göstərilmiş tarixədək tam ödəyir. (2.1.7-ci bənd) - “Alıcı” müqavilə üzrə “Fermer”ə verilən avans vəsaitlərin (nağdsız qaydada ödəmələr və sair aqrotexniki xidmətlər) təminatını və tədarük edilən xam-pambığın dəyərini “Tədarükçü” vasitəsilə həyata keçirir. (2.3.1-ci bənd) - “Fermer” bu müqavilədə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq istehsal etdiyi xam pambığın bütövlüklə 01 noyabr 2022-ci il tarixinədək tam yetişmiş halda təmiz, içərisində kənar qatqılar olmadan standarta uyğun şəkildə “Tədarükçü”yə təhvil verir. (3.1-ci bənd) - “Fermer” üzərinə götürdüyü öhdəlikdən az miqdarda xam-pambıq təhvil verərsə və götürdüyü avans üzrə borclu qalarsa, təhvil verilməyən xam-pambığın dəyərinin 20%-i həcmində (xam-pambığın 1-ci növ qiyməti ilə) cərimə ödəyir. (5.2ci bənd) "xxxx" MMC-nin X3 və Emalı Zavodunun nümayəndələri və Cavabdeh tərəfindən birgə tərtib olunmuş Akt və aktın qoşması olan cədvəldən görünür ki, xx.xx.2022-ci il tarixə Cavabdeh xx.xx.2022-ci il tarixli 376 nömrəli müqavilə üzrə verilmiş avans üzrə borc məbləği 1487.38 manat təşkil etmişdir. xx.xx.2023-cü il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 376 nömrəli müqaviləyə əsasən 3644.80 manat avans borcu yaranmışdır. Yaranmış avans borcdan 2157.42 manat, bu dəyərdə xam pambıq verilməklə ödənilib. Nəticədə Cavabdeh “X2 Kompleksi” MMC-yə 1487.38 manat borcu qalmışdır. xx.xx.2024-cü il tarixli Pretenziya məktubundan görünür ki, Cavabdeh 1487.38 manat borcun 3 gün müddətində ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli Mədaxil qəbzindən görünür ki, iddiaçı “X2 Kompleksi” MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 38 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 569.1. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 578.1. Satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

604. Hazırlanmalı və ya istehsal edilməli malların göndərilməsinə dair müqavilələr, əgər sifarişçi həmin malların hazırlanması və ya istehsalı üçün zəruri materialların mühüm hissəsini göndərməyi öz öhdəsinə götürürsə, habelə əgər mal göndərən tərəfin vəzifələrinin daha böyük hissəsi işlərin görülməsindən və ya başqa xidmətlərin göstərilməsindən ibarət deyildirsə, alğı-satqı müqavilələrinə bərabər tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını təhlil edib, müəyyən etmişdir ki, iddiaçı “X2 Kompleksi” MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli 376 nömrəli alqı-satqı müqaviləsi bağlanılmışdır. Müqavilənin şərtlərinə görə, alıcı “X2 Kompleksi” MMC fermer Cavabdeh əvvəlcədən avans vəsaitləri verir, fermer isə pambıq əkərək xx.xx.2022-ci il tarixədək tərəflər arasında müəyyən edilmiş qiymətə və miqdarda xam pambığı alıcıya satmaq öhdəliyini üzərinə götürür. Fermer pambığı razılaşdırılmış miqdarda verə bilməzsə, avansın qalıq hissəsini qaytarmağa və cəriməni ödəməyə borcludur. İş materiallarında olan Maliyyə arayışından və Aktdan görünür ki, cavabdeh malı müqavilədə nəzərdə tutulmuş miqdarda alıcıya verməmiş, yəni öhdəliyi lazımınca icra etməmişdir, nəticədə iddiaçının verilmiş avansın qalan məbləğini geri tələb etmək hüququ yaranmışdır. xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi üçün xəbərdarlıq edib, bununla da pretenziya qaydalarına riayət etmişdir. Mülki Məcəllənin 467-cı maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə, işin hallarını qiymətləndirərək, hesab edir ki, cərimə borcu azaldılmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1487.38 manat əsas borc, 148 manat cərimə borcu olmaqla, cəmi 1635.38 manat məbləğində borc məbləği iddiaçı “X2 Kompleksi” MMC-nin xeyrinə tutulmalıdlr. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş 37.85 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh iddiaçı “X2 Kompleksi” MMCnin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh 1487.38 manat əsas borc, 148 manat cərimə borcu olmaqla, cəmi 1635.38 (min altı yüz otuz beş manat otuz səkkiz qəpik) manat və ödənilmiş 37.85 (otuz yeddi manat səksən beş qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar