Məhkəmə qərarları › İş №e-2(021)-701/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-701/2025

01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-701/2025 01.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Məhərrəmov Bayram Yusif оğlunun sədrliyi, X5 iclas kаtibliyi ilə, Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı QSC məhkəməyə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə GMS000109 saylı xx.xx.2023-cü il tarixli Nisyə alqısatqı müqaviləsi üzrə 320 manat borcun, 48 manat cərimə borcunun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 ilə Cavabdeh arasında bağlanmış GMS000109 saylı xx.xx.2023-cü il tarixli Nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 320 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olunan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 6 ay müddətində ödəməyi öhdəsinə götürüb. İddiaçı QSC ilə X4 arasında imzalanan Faktorinq müqaviləsi və həmin müqaviləyə əlavə olunan Sazişə əsasən X2 Cavabdeh qarşı 320 manat məbləğində tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda Nisyə alqı-satqı müqaviləsi üzrə tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Tərəflər arasında bağlanmış Nisyə alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən malı satır, alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən alıcı tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.5 faiz miqdarında dəbbə pulu ödəməlidir. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtmir. Belə ki, cavabdehin iddianın verildiyi günə 320 manat əsas borc, 48 manat cərimə borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən iddiaçı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bərdə Rayon Məhkəməsinin qərardadı ilə İddiaçı QSC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair mülki iş iddia icraatına keçirilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı QSC-nin nümayəndəsi məhkəməyə ərizə göndrərək işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdeh üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsində göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş sənədlər: xx.xx.2023-cü il tarixli GMS000109 nömrəli X4 ilə Cavabdeh arasında bağlanmış Nisyə alqı-satqı müqaviləsindən və müqaviləyə 1 saylı Əlavədən görünür ki, 320 manat dəyərində mal ilkin ödəniş edilmədən 6 ay müddətinə hissə-hissə hər ay 53.33 manat ödənilməsi şərtilə Cavabdeh satılmışdır. Təhvil-təslim aktından görünür ki, mal satıcı tərəfindən alıcıya təhvil verilmişdir. Bildiriş və xx.xx.2023-cü il tarixli Razılıq ərizəsindən görünür ki, Cavabdeh müqavilə üzrə pul tələbinin güzəşti barədə məlumatlandırılmış və buna öz razılığını vermişdir. xx.xx.2023-cü il tarixli R-2411/23 nömrəli müştəri X4 ilə faktor İddiaçı QSC arasında bağlanmış Faktorinq müqaviləsinin 2.1-ci bəndindən görünür ki, faktor, borclu barəsində müştərinin borcluya malların satılmasında irəli gələn pul tələbinin hesabına müştəriyə pul vəsaiti verir (müştərini maliyyələşdirir), müştəri isə borcluya qarşı pul tələbini faktora güzəşt edir. Faktorinq müqaviləsinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli R-24xx/xx-0008 nömrəli Sazişdən görünür ki, X1 Ramal Vəkil oğlu ilə bağlanmış GMS000109 nömrəli xx.xx.2023cü il tarixli müqavilə üzrə pul tələbini faktor İddiaçı QSC-yə güzəşt edir. xx.xx.2024-cü il tarixli Maliyyə arayışından və Hesabdan çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli GMS000109 nömrəli müqavilə üzrə 320 manat əsas məbləğ üzrə, 48 manat cərimə borcu, ümumilikdə 368 manat borcu vardır. xx.xx.2024-cü il tarixli Bildirişdən görünür ki, Cavabdeh həmin tarixə 795 manat məbləğində borcun yarandığı barədə məlumatlandırılmış, tərəfindən öhdəliklərin icrası ilə əlaqədar çağırışa xx.xx.2024-cü il tarixinədək riayət olunmadığı təqdirdə ona İddiaçı QSC tərəfindən məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu və dövlət rüsumunun ödənilməsinə görə 0.40 manat xidmət haqqı ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 655.1. Faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. 655.2. Pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. 657.4. Əgər borclu müştəridən və ya müştərinin vəkaləti ilə faktordan güzəşt barəsində yazılı bildiriş almışdırsa, ödənişi faktora həyata keçirməlidir. Bildiriş yalnız o halda etibarlıdır ki, güzəşt edilmiş tələbləri və borclunun ödənişi həyata keçirdiyi və ya hesabına həyata keçirdiyi faktoru kifayət qədər dəqiq göstərsin və bildirişin verildiyi an və ya daha əvvəl bağlanmış müqavilədən irəli gələn tələblərə aid olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını təhlil edib, müəyyən etmişdir ki, X4 ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli GMS000109 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əlavə olunmuş Təhvil-təslim aktından görünür ki, cavabdeh malları təhvil almış, bununla da iddiaçı müqavilə ilə nəzərdə tutulmuş öhdəliyini yerinə yetirmişdir. Faktorinq müqaviləsindən və müqaviləyə əlavə edilmiş Sazişdən görünür ki, X1 Ramal Vəkil oğluna qarşı pul tələbini faktor olan İddiaçı QSC-yə güzəşt etmişdir. Cavabdeh tələbin güzəşti barədə və ödənişin iş üzrə iddiaçının xeyrinə etməli olduğu barədə müvafiq qaydada məlumatlandırılmışdır. İş materiallarında olan Maliyyə arayışına əsasən, cavabdeh nisyə alqı-satqı müqaviləsinin əlavəsində nəzərdə tutulmuş müddətdə ödəniş etməmiş, yəni öhdəliyi lazımınca icra etməmişdir. xx.xx.2024-cü il tarixli Bildirişdən görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi üçün xəbərdarlıq edib, bununla da pretenziya qaydalarına riayət etmişdir. Mülki Məcəllənin 467-cı maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə, işin hallarını qiymətləndirərək, hesab edir ki, cərimə borcu azaldılmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 320 manat əsas, 32 manat cərimə borcu olmaqla, ümumilikdə 352 manat borc məbləği İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və dövlət rüsumunun ödənilməsinə görə 0.40 manat xidmət haqqının əvəzi Cavabdeh İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 320 manat əsas, 32 manat cərimə, ümumilikdə 352 (üç yüz əlli iki manat) manat borc məbləği və iş üzrə ödənilmiş 30 (otuz manat) manat dövlət rüsumunun, dövlət rüsumunun ödənilməsinə görə 0.40 (qırx qəpik) manat xidmət haqqının əvəzi tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar