Məhkəmə qərarları › İş №e-2(022)-1175/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1175/2023

09.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1175/2023 09.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X1 oğlunun katibliyi ilə, «Optimal Finance bank olmayan kredit təşkilatı» məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı 09 avqust 2018-ci il tarixli, BLSK00298 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 139 manat, cərimə qismində 134 manat 64 qəpik, cəmi 273 manat 64 qəpik, habelə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: 06 sentyabr 2023-cü il tarixdə «Optimal Finance bank olmayan kredit təşkilatı» məhdud məsuliyyətli cəmiyyəti Cavabdeh qarşı 09 avqust 2018-ci il tarixli, BLSK00298 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 139 manat, cərimə qismində 134 manat 64 qəpik, cəmi 273 manat 64 qəpik, habelə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraati qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş 06 sentyabr 2023-cü il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan əşyanın nisyə alqı-satqısına dair 09 avqust 2018-ci il tarixli, BLSK00298 saylı müqavilədən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh «Optimal Elektronika» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən 12 ay əzində hər ay 20 manat, sonuncu ay isə 19 manat hissə-hissə ödəmək şərtilə «Simfer BVD1600K» markalı ventilyatoru cəmi 239 manat almışdır. İşdə olan 03 iyul 2018-ci il tarixli əşyaların təhvil-təslim aktının surətindən görünür ki, 09 avqust 2018-ci il tarixli, BLSK00298 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən «Simfer BVD1600K» markalı ventilyator 03 iyul 2018-ci il tarixdə «Optimal Elektronika» məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Cavabdeh təhvil verilmişdir. Mülki iş materiallarına əlavə edilmiş 01 sentyabr 2022-cü il tarixli, 01 saylı Faktorinq müqaviləsindən və ona 1 saylı Əlavədən görünür ki, müştəri «Optimal Elektronika» məhdud məsuliyyətli cəmiyyəti Cavabdeh ilə aralarında bağlanmış 09 avqust 2018-ci il tarixli, BLSK00298 saylı nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini faktor «Optimal Finance bank olmayan kredit təşkilatı» məhdud məsuliyyətli cəmiyyətinə güzəşt etmişdir. İşdə olan «Optimal Finance bank olmayan kredit təşkilatı» məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh borcu barədə 09 avqust 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 09 avqust 2018-ci il tarixli, BLSK00298 saylı nisyə alqı-satqı müqaviləsi üzrə borcu ödənilməmiş əsas borc qismində 139 manat və cərimə qismində 134 manat 64 qəpik, cəmi 273 manat 64 qəpik təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 655.1-ci maddəsinə görə faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 655.6-cı maddəsinə əsasən faktorinq müqavilələrini faktor kimi banklar və digər kredit təşkilatları, habelə bu cür fəaliyyəti həyata keçirməyə icazəsi olan başqa kommersiya təşkilatları bağlaya bilərlər. Beləliklə, işdə olan sübutlarla Cavabdeh «Optimal Finance bank olmayan kredit təşkilatı» məhdud məsuliyyətli cəmiyyətinə 09 avqust 2018-ci il tarixli, BLSK00298 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 139 manat və cərimə qismində 134 manat 64 qəpik, cəmi 273 manat 64 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini və kredit müqaviləsi üzrə aparılmış ödənişlərin məbləğini nəzərə alaraq, 134 manat 64 qəpik məbləğində təşkil edən cərimə məbləğinin 50 manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Buna görə də məhkəmə hesab edir ki, 09 avqust 2018-ci il tarixli, BLSK00298 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 139 manat və cərimə qismində 50 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun 10 manat hissəsi iddiaçının özünə aid edilməli, qalan hissəsinin əvəzi qismində 20 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: «Optimal Finance bank olmayan kredit təşkilatı» məhdud məsuliyyətli cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh «Optimal Finance bank olmayan kredit təşkilatı» məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə 09 avqust 2018-ci il tarixli, BLSK00298 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 139 (bir yüz otuz doqquz) manat, cərimə qismində 50 (əlli) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 20 (iyirmi) manat, cəmi 209 (iki yüz doqquz) manat qəpik məbləğində pul vəsaiti tutulsun. «Optimal Finance bank olmayan kredit təşkilatı» məhdud məsuliyyətli cəmiyyətinin iddiası qalan hissədə rədd edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar