Məhkəmə qərarları › İş №e-2(022)-1219/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1219/2025

21.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1219/2025 21.10.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı «X3 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «X3 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, əsas borca görə 13855 manat, hesablanmış cərimə borcuna görə 2771 manat və ödənilmiş dövlət rüsumuna görə 140 manat olmaqla, cəmi 16766 manat pulun cavabdehdən alınaraq “X3 Kompleksi” MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, alıcı qismində (iddiaçı) “X3 Kompleksi” MMC, tədarükçü qismində “X3 Kompleksi” MMC-nin “ X2 və Emalı Zavodu” filialı və fermer (cavabdeh) Cavabdeh arasında bağlanmış 2023-cü il mövsümü üzrə xx.xx.2023-ci il tarixli, 525 saylı xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən cavabdeh öhdəsində olan torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya (Alıcıya) satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdehə iddiaçıdan ümumilikdə 17441,70 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh yaranmış borcdan 3586,60 manat dəyərində pambıq təhvil verərək ödəmişdir. Beləliklə, cavabdeh tərəfindən 2023-ci il mövsümü üzrə xx.xx.2023-cü il tarixli, 525 saylı müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 13855,10 manat borcu qalmışdır. Bundan əlavə, müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda, yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam-pambığın 1 tonunun qiyməti 650 manatdır.) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 2771 manat təşkil edir. Verilməmişdir: 13855 x 20% =2771 manat. Bununla yanaşı, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə rəsmi pretenziya məktubu göndərilməklə 3 iş günü müddətində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə isə müqavilə öhdəliyini yerinə yetirilməməsinə görə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq məsələnin məhkəmədən kənar həllinə hec bir təşəbbüs göstərilməmişdir. İddiaçının nümayəndəsi X1 məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, məhkəmə iclasına onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, «X3 Kompleksi» MMC, tədarükçü qismində “X3 Kompleksi” MMC-nin “ X2 və Emalı Zavodu”nun filialı ilə aralarında bağlanmış 2023-cü il mövsümü üzrə xx.xx.2023-ci il tarixli, 525 saylı xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən öhdəsində olan torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Ona müqavilənin icrası ilə əlaqədar iddiaçı tərəfindən ümumilikdə 17441,70 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) verilməsinə, müxtəlif xidmətlər göstərilməsinə baxmayaraq pambığın yığımı iddiaçı təşkilat tərəfindən tam olaraq başa çatdırılmamışdır. Belə ki, pambıq yığımı gecikdirildiyinə və payız fəslində havaların əlverişsiz keçməsi səbəbindən pambığın tam olaraq toplanaraq təhvil verilməsini həyata kçirmək mümkün olmamışdır. Bu isə onun təqsiri üzündən deyil, iddiaçı təşkilatın səhlənkarlığı səbəbindən baş vermişdir. Onun öhdəliyinin yerinə yetirilməməsinin digər səbəbi isə onun ürək əməliyyatına məruz qalması və səhhətində yaranmış problemlər olmuşdur. Bundan əlavə, iddiaçı təşkilat onun təhvil verdiyi 2 (iki) ton xam pambığı nəzərə almamışdır. Məhkəmə cavabdehi dinləyərk və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan «X3 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 525 saylı xam-pambığın alqı-satqı müqaviləsindən görünür ki, cavabdehə ümumilikdə 17441,70 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. İşdə olan «X3 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə «X3 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 525 saylı müqaviləyə əsasən Cavabdehnın iddiaçıya 13855,1 manat borcu qalmışdır. İş materiallarına əlavə edilmiş «Azərpambıq ASK MMC-nin PİEZ-in fermeri Cavabdeh göstərilən xidmətlər, anbardan buraxılan mal-material və bank hesabına köçürülən avans vəsaitlərinin açıqlama cədvəli haqqında üzləşmə aktından görünür ki, cəmi avans olaraq verilmiş məhsul- 4886,00 manat, ümumi verilmiş avans - 17441,70 manat, ödənilmiş avans borc- 3586,60 manat, kardan silinmə - 0,00, qalıq avans borc - 13855,10 manat, təhvil verdiyi xam pambıq (kq) 4483, 24, məhsuldarlıq - 3,9 olaraq göstərilmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh «X3 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı müqaviləsi üzrə öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə xx.xx.2023-cü il tarixli, 525 saylı müqavilənin şərtlərinə uyğun olaraq cavabdehin iddiaçıya 13855 manat əsas, 2771 manat cərimə borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Qanunun yuxarıda göstərilən tələblərinin işin halları üzrə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, borclu Cavabdeh xx.xx.2023-cü il tarixli, 525 saylı xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən «X3 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyəti qarşısında götürdüyü öhdəliyi icra etməməklə (yəni, vaxtında icra etməməklə və qüsurla icra etməklə) X3 Kompleksi» MMC-yə ziyan dəymiş və o, vurduğu zərərin nəticələri üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq xx.xx.2023-cü il tarixli, 525 saylı müqavilə üzrə hesablanmış 2771 manat məbləğdə cərimənin 138 manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ödənilməmiş 13855 (on üç min səkkiz yüz əlli beş) manat əsas borc, 138 (yüz otuz səkkiz) cərimə olmaqla, cəmi 13993 (on üç min doqquz yüz doxsan üç) manat pul vəsaiti «X3 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 131 (yüz otuz bir) manat 98 (doxsan səkkiz) qəpik pul vəsaiti Cavabdeh iddiaçı «X3 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı «X3 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 13855 (on üç min səkkiz yüz əlli beş) manat əsas borc, 138 (yüz otuz səkkiz) manat cərimə, cəmi 13993 (on üç min doqquz yüz doxsan üç) manat və ödənilmiş dövlət rüsumuna görə 131 (yüz otuz bir) manat 98 (doxsan səkkiz) qəpik pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar