Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-138/2024 31.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 11 may 2021-ci il tarixli, KG-B20/2021 saylı alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 1.620 manat, cərimə qismində 129 manat 60 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 37 manat 90 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı 11 may 2021-ci il tarixli, KG-B20/2021 saylı alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 1.620 manat, cərimə qismində 129 manat 60 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 37 manat 90 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Сavabdeh Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etiraz ərizəsində iddia tələbini qəbul etməyərək göstərmişdit ki, o, 11 may 2021-ci il tarixdə İddiaçındən su təmizləyici qurğu almış və ilkin olaraq 70 manat ödəniş etmişdir. Lakin o, həmin su qurğusunu istifadə etməyə başladıqdan 1 ay keçməmiş həmin qurğunun nasaz vəziyyətdə olduğu və işləmədiyi məlum olmuşdur. O, bu barədə dərhal iddiaçının əməkdaşlarına məlumat vermiş və sonuncular qurğunun filtrini dəyişmişlər. Həmin tarixdən sonra da aparat işləmədiyinə görə o, iddiaçının səlahiyyətli nümayəndələrini su təmizləyici qurğunun işləmədiyi bildirərək, gəlib həmin aparatı aparmalarını tələb etmişdir. Lakin ididaçı müəssisənin əməkdaşları filtrin aparılacağını vəd etmələrinə baxmayaraq, hazırki tarixədək həmin qurğunu gəlib-aparmamışlar. Ona həmin su təmizləyici qurğu nasaz vəziyyət satılmış və işləməmişdir. Buna görə də o hesab edir ki, iddiaçının müqavilə üzrə təmizləyici qurğunun dəyərini ondan tələb etməsi qanunsuzdur. Bununla əlaqədar Biləsuvar rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, 2(022)-1510/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı 11 may 2021-ci il tarixli, KG- B20/2021 saylı alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 1.620 manat, cərimə qismində 129 manat 60 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 37 manat 90 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə ərizəsinin iddia icraatına keçirilməsi və işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi iddia ərizəsində göstərmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 11 may 2021-ci il tarixdə “Kazımoff” markalı su təmizləyici sistemin alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı ümumi dəyəri 1.690 manat olan malı cavabdehə nisyə satmağı, cavabdeh isə ona satılmış malı qəbul edib razılaşdırılmış formada, ödəniş cədvəlinə uyğun şəkildə malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca icra etməmiş və müqavilənin şərtlərini qəsdən kobud şəkildə pomuşdur. Belə ki, müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçməsinə və ödəniş barədə dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, borclu öhdəliyində olan borcu ödəməkdən yayınır. Hazırda cavabdehin əsas borc üzrə 1.620 manat, cərimə üzrə 129 manat 60 qəpik borcu var. Sonda, iddiaçının nümayəndəsi Cavabdeh 11 may 2021-ci il tarixli, KG-B20/2021 saylı alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 1.620 manat, cərimə qismində 129 manat 60 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 37 manat 90 qəpik məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi A.N.Alıyev 31 oktyabr 2024-cü il tarixdə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını, iddia tələbini tam müdafiə etdiyini və iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərər alaraq, iş üzrə yekun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, 11 may 2021-ci il tarixdə o, alqı-satqı müqaviləsi bağlamaqla İddiaçındən 1.690 manat dəyərində olan su təmizləyici qurğu sistemini almışdır. Həmin müqaviləyə əsasən o, ilkin olaraq 70 manat ödəmiş və iddiaçıya qalan borcunu isə hər ay 90 manat ödəniş etmək şərti ilə 18 ay müddətinə bağlamalı idi. Lakin o, həmin su qurğusunu istifadə etməyə başladıqdan 1 ay keçməmiş həmin qurğunun nasaz vəziyyətdə olduğu və işləmədiyi məlum olmuşdur. O, bu barədə dərhal iddiaçının əməkdaşlarına məlumat vermiş və sonuncular qurğunun filtrini dəyişmişlər. Həmin tarixdən sonra da aparat işləmədiyinə görə o, iddiaçının səlahiyyətli nümayəndələrini su təmizləyici qurğunun işləmədiyi bildirərək, gəlib həmin aparatı aparmalarını tələb etmişdir. Lakin ididaçı müəssisənin əməkdaşları filtrin aparılacağını vəd etmələrinə baxmayaraq, hazırki tarixədək həmin qurğunu gəlib-aparmamışlar. Ona həmin su təmizləyici qurğu nasaz vəziyyət satılmış və işləməmişdir. O, ekspertiza rəyi ilə razı deyil. Belə ki, həmin su təmizləyici qurğu ona iddiaçının nümayəndələri tərəfindən nasaz vəziyyətdə satılmış və buna görə də quraşdırıldıqdan təxminən 1 ay sonra həmin cihaz işləməmişdir. Sonda, Cavabdeh iddianın rədd ediməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehi dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 11 may 2021-ci il tarixli, KG-B20/2021 saylı alqı-satqı müqaviləsinin və həmin müqaviləyə 1 saylı Əlavənin surətindən görünür ki, Cavabdeh İddiaçı ilə bağladığı həmin müqaviləyə əsasən “KG006” markalı su təmizləyici qurğu sistemini ilkin olaraq 70 manat ödəməklə, 18 ay müddətinə hər ay hissə-hissə 90 manat ödəmək şərti ilə, cəmi 1.690 manata almışdır. İşdə olan 11 may 2021-ci il tarixli əşyaların təhvil-təslim aktının surətindən görünür ki, 11 may 2021-ci il tarixli, KG-B20/2021 saylı müqaviləyə əsasən “KG006” markalı su təmizləyici qurğu sistemi və onun ayrılmaz tərkib hissələri olan aksesuarlar İddiaçı tərəfindən Cavabdeh Biləsuvar rayonu, Nəsimi kəndində yerləşən evində quraşdırılmış, həmin aktda alıcı təhvil-təslim zamanı su təmizləyici sisteminin tam işlək və qüsursuz vəziyyətdə təhvil aldığını təsdiq etmişdir. Mülki iş materiallarına əlavə edilmiş 19 fevral 2024-cü il tarixli su təmizləyici qurğusuna dair müayinə aktının surətindən və həmin akta əlavə edlmiş fotoşəkillərdən görünür ki, Cavabdeh Biləsuvar rayonu, Nəsimi kəndində yerləşən evində quraşdırılmış su təmizləyici qurğusuna baxış keçrilmiş və baxış nəticəsində məhsulun istifadəyə yararlı olduğu və hər hansı istehsal qüsurunun olmadığı müəyyən edilmişdir. Alıcı Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İş üzrə Biləsuvar rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli qərardadı ilə iş üzrə kompleks məhkəmə-mühəndis-texniki və məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 may 2024-cü il tarixli, 3-16-16/2-10/3245 saylı yazılı məlumatından görünür ki, həmin Mərkəzdə “KG006” markalı su təmizləyici qurğunun istismarı üzrə xüsusi biliyə malik olan mütəxəssis fəaliyyət göstərmədiyinə görə qeyd edilən qurğuda yaranmış qüsurun və ya onun səbəbinin müəyyən edilməsindən imtina edilmişdir. İşdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26 sentyabr 2024-cü il tarixli, 9/3351 saylı rəyindən isə görünür ki, ekspert qarşısında qoyulmuş 1-4-cü suallar məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid olmayıb, həmin sahə üzrə ixtisaslaşmış mütəxəssis tərəfindən müəyyən edilə bilər. Analoji su təmizləyici qurğu sistemlərinin qiymətlərinə müvafiq olaraq, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “KG006” markalı su təmizləyici qurğu sisteminin təzə vəziyyətdə, hal-hazırda orta bazar qiyməti təxminən 1.400 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 581.1-ci maddəsinə görə satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 588.1-ci maddəsinə görə əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Tərəflər arasında bağlanmış 11 may 2021-ci il tarixli, KG-B20/2021 saylı alqı-satqı müqaviləsinin 5.5-ci maddəsinə əsasən mal o zaman qüsurlu formada satılmış hesab olunur ki, alıcı malı qəbul edərkən ondan qüsurlar aşkar etmiş və bu barədə satıcıya yazılı məlumat vermişdir. Belə bir məlumat olmadıqda qəbul edilmiş mal qüsurlu hesab edilmir. İş materiallarında olan 11 may 2021-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, “KG006” markalı su təmizləyici qurğu Cavabdeh Biləsuvar rayonu, Nəsimi kəndində yerləşən evində quraşdırıldığı vaxt həmin aktda “Alıcı təhvil-təslim zamanı su təmizləyici sisteminin tam işlək və qüsursuz vəziyyətdə təhvil aldığını təsdiq etdi.” məzmununda qeyd aparılmış və cavabdeh həmin aktı imzalamaqla, mübahisə predmeti olan qurğunu işlək və qüsursuz vəziyyətdə təhvil aldığını təsdiq etmişdir. İşdə olan sübutlarla iddiaçı tərəfindən cavabdehə satılmıış su təmizləyici qurğuda hazırda hər hansı qüsurların olub-olmamasını və əgər qüsur varsa, onun səbəbini müəyyən etmək mümkün deyil. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sübutlar “KG006” markalı su təmizləyici qurğunun istismar üçün yararlı olduğunu göstərsə də, cavabdeh həmin qurğunun qüsurlu olmasına və həmin əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyinə dair heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1 və 89.1-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı mübahisə predmeti olan qurğunun cavabdehə tam işlək və qüsursuz şəkildə təhvil verdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etsə də, Cavabdeh öz etirazlarına dair, yəni alqı-satqı müqaviləsinin predmeti olan malın iddiaçı müəssisə tərəfindən ona qüsurlu şəkildə təhvil verildiyini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etmədiyinə görə 11 may 2021-ci il tarixli, KG-B20/2021 saylı alqı-satqı müqaviləsi üzrə ödənilməmiş borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşdə olan sübutlarla Cavabdeh iddiaçıya 11 may 2021-ci il tarixli, KG-B20/2021 nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 1.620 manat və cərimə qismində 129 manat 60 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, hesab edir ki, 129 manat 60 qəpik təşkil edən cərimə məbləği tənasübsüz surətdə yüksək məbləğ təşkil edir və cərimə məbləğinin 50 manata qədər azaldılması məqsədə müvafiqdir. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh 11 may 2021-ci il tarixli, KG-B20/2021 nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə əsas borcun əvəzi qismində 1.620 manat, cərimə qismində 50 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun xərclənmiş pul vəsaitinin 02 manat məbləğində hissəsi iddiaçıya aid edilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin əvəzi qismində 35 manat 90 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə, həmçinin ekspertiza tədqiqinin dəyərini təşkil edən pul vəsaitinin əvəzi qismində 50 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinətutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216- 220, 227, 238-253, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 11 may 2021-ci il tarixli, KG-B20/2021 saylı alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.620 (bir min altı yüz iyirmi) manat, cərimə qismində 50 (əlli) manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 35 (otuz beş) manat 90 (doxsan) qəpik, cəmi 1.705 (bir min yeddi yüz beş) manat 90 (doxsan) qəpik məbləğində pul vəsaiti tutulsun. İddiaçı iddiası qalan hissədə rədd edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyərinin əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №e-2(022)-138/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-138/2024
31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver