Məhkəmə qərarları › İş №e-2(022)-1495/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1495/2023

21.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1495/2023 21.12.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı 15 noyabr 2021-ci il tarixli, XLQ-4.401.0000338 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 435 manat, cərimə qismində 50 manat, cəmi 485 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat 40 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: 21 noyabr 2023-cü il tarixdə İddiaçı Cavabdeh qarşı 15 noyabr 2021-ci il tarixli, XLQ- 4.401.0000338 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 435 manat, cərimə qismində 50 manat, cəmi 485 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat 40 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraati qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş 22 noyabr 2023-cü il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehlərə izah edilmiş, lakin iddia tələbinə cavabdehlər tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan əşyanın alqı-satqısına dair 15 noyabr 2021-ci il tarixli, XLQ- 4.401.0000338 saylı müqavilədən və ona 1 nömrəli Əlavədən görünür ki, Cavabdeh İddiaçı ilə bağladığı həmin müqaviləyə əsasən komission xərxc qismində 20 manat ödəməklə, «KRC X2 25 parça» markalı stəkan dəstini, «KRC ÇKB Moongate 1296 84 parça (kutulu)» markalı çəngəlqaşıq-bıçaq dəstini ilkin olaraq 166 manat ödəməklə, 10 ay müddətinə hər ay 65 manat ödəmək şərti ilə, cəmi 816 manata almışdır. İşdə olan 15 noyabr 2021-ci il tarixli əşyaların təhvil-təslim çekinin surətindən görünür ki, 15 noyabr 2021-ci il tarixli, XLQ-4.401.0000338 saylı müqaviləyə əsasən «KRC X2 25 parça» markalı stəkan dəsti, «KRC ÇKB Moongate 1296 84 parça (kutulu)» markalı çəngəl-qaşıq-bıçaq dəsti 21 noyabr 2021-ci il tarixdə İddiaçı tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı Cavabdehnın borcu barədə maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçıya olan borcundan 15 sentyabr 2022-ci il tarixədək 215 manat ödəmiş və sonuncunun İddiaçınə 435 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə uyğun olaraq, hissəhissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçınə 15 noyabr 2021-ci il tarixli, XLQ- 4.401.0000338 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 435 manat, cərimə qismində 50 manat, cəmi 485 manat məbləğində borcunun yarandığı təsdiq olunur. Buna görə də məhkəmə hesab edir ki, 15 noyabr 2021-ci il tarixli, XLQ-4.401.0000338 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 435 manat, cərimə qismində 50 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat 40 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284- 5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 15 noyabr 2021-ci il tarixli, XLQ-4.401.0000338 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 435 (dörd yüz otuz beş) manat, cərimə qismində 50 (əlli) manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat 40 (qırx) qəpik, cəmi 515 (beş yüz on beş) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar