Məhkəmə qərarları › İş №e-2(022)-1540/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1540/2025

03.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1540/2025 03.10.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X2 oğlunun katibliyi ilə, «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı 11 avqust 2024-cü il tarixli, 18555947 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 1.863 manat 49 qəpik, cərimə qismində 186 manat 35 qəpik və 05 yanvar 2025-ci il tarixli, ********** saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 238 manat 92 qəpik, cərimə qismində 23 manat 89 qəpik, cəmi 2.312 manat 65 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 43 manat 13 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: 25 avqust 2025-ci il tarixdə «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti Cavabdeh qarşı 11 avqust 2024-cü il tarixli, 18555947 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 1.863 manat 49 qəpik, cərimə qismində 186 manat 35 qəpik, 05 yanvar 2025-ci il tarixli, ********** saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 238 manat 92 qəpik, cərimə qismində 23 manat 89 qəpik, cəmi 2.312 manat 65 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 43 manat 13 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraati qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin ünvanına göndərilmiş 25 avqust 2025-ci il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdehlər tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan əşyanın alqı-satqısına dair 11 avqust 2024-cü il tarixli, 18555947 saylı müqavilənin və ona əlavə edilmiş ödəniş cədvəlinin surətlərindən görünür ki, Cavabdeh «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən «Samsung Galaxy S24(SM-S921B) 8/266 GB Black» markalı telefonu, «Reklam Bloklayıcı AWAX»ı, «Opentube 12 ay»ı, «X1 1P/1Y»i 18 ay müddətinə, hər ay 133 manat 11 qəpik ödəmək şərti ilə, cəmi 2.396 manata almışdır. İşdə olan 11 avqust 2024-cü il tarixli əşyaların təhvil-təslim aktının surətindən görünür ki, 11 avqust 2024-cü il tarixli, 18555947 saylı müqaviləyə əsasən «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən «Samsung Galaxy S24(SM-S921B) 8/266 GB Black» markalı telefon, «Reklam Bloklayıcı AWAX», «Opentube 12 ay», «X1 1P/1Y» 11 avqust 2024-cü il tarixdə «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Cavabdeh təhvil verilmişdir. Mülki işdə olan əşyanın alqı-satqısına dair 05 yanvar 2025-ci il tarixli, ********** saylı müqavilənin və ona əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən «Xiaomi Buds 5 Graphite Black/BHR8118GL» markalı qulaqlığı 12 ay müddətinə, hər ay 19 manat 91 qəpik ödəmək şərti ilə, cəmi 238 manat 95 qəpiyə almışdır. İşdə olan 05 yanvar 2025-ci il tarixli əşyaların təhvil-təslim aktının surətindən görünür ki, 05 yanvar 2025-ci il tarixli, ********** saylı müqaviləyə əsasən «Xiaomi Buds 5 Graphite Black/BHR8118GL» markalı qulaqlıq 05 yanvar 2025-ci il tarixdə «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh borcu barədə maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh 15 avqust 2025-ci il tarixə iddiaçıya olan borcu 11 avqust 2024-cü il tarixli, 18555947 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 1.863 manat 49 qəpik, cərimə qismində 186 manat 35 qəpik, cəmi 2.049 manat 84 qəpik və 05 yanvar 2025-ci il tarixli, ********** saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 238 manat 92 qəpik, cərimə qismində 23 manat 89 qəpik, cəmi 262 manat 81 qəpik, ümumilikdə 2.312 manat 65 qəpik məbləğində təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh 15 avqust 2025-ci il tarixə «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətinə 11 avqust 2024-cü il tarixli, 18555947 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 1.863 manat 49 qəpik, cərimə qismində 186 manat 35 qəpik və 05 yanvar 2025-ci il tarixli, ********** saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 238 manat 92 qəpik, cərimə qismində 23 manat 89 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, hesab edir ki, 11 avqust 2024-cü il tarixli, 18555947 saylı müqavilə üzrə 186 manat 35 qəpik, 05 yanvar 2025-ci il tarixli, ********** saylı müqavilə üzrə 23 manat 89 qəpik təşkil edən cərimə məbləğləri tənasübsüz surətdə yüksək məbləğ təşkil edir və cərimə məbləğlərinin 11 avqust 2024-cü il tarixli, 18555947 saylı müqavilə üzrə 100 manata, 05 yanvar 2025-ci il tarixli, ********** saylı müqavilə üzrə isə 15 manata qədər azaldılması məqsədəmüvafiqdir. Buna görə də məhkəmə hesab edir ki, 11 avqust 2024-cü il tarixli, 18555947 saylı müqavilə üzrə 15 avqust 2025-ci il tarixə ödənilməmiş əsas borc qismində 1.863 manat 49 qəpik, cərimə qismində 100 manat və 05 yanvar 2025-ci il tarixli, ********** saylı müqavilə üzrə 15 avqust 2025-ci il tarixə ödənilməmiş əsas borc qismində 238 manat 92 qəpik və cərimə qismində 15 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə xərclənmiş pul vəsaitinin 2 manat məbləğində hissəsi iddiaçıya aid edilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin əvəzi qismində 41 manat 13 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216- 220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə 15 avqust 2025-ci il tarixə 11 avqust 2024-cü il tarixli, 18555947 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 1.863 (bir min səkkiz yüz altmış üç) manat 49 (qırx doqquz) qəpik, cərimə qismində 100 (bir yüz) manat və 05 yanvar 2025-ci il tarixli, ********** saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 238 (üç yüz otuz səkkiz) manat 92 (doxsan iki) qəpik, cərimə qismində 15 (on beş) manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 41 (qırx bir) manat 13 (on üç), cəmi 2.258 (iki min iki yüz əlli səkkiz) manat 54 (əlli dörd) qəpik məbləğində pul vəsaiti tutulsun. «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətinin iddiası qalan hissədə rədd edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar