Məhkəmə qərarları › İş №e-2(022)-1550/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1550/2025

24.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1550/2025 24.09.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi ilə, «XX» məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı 25 fevral 2025-ci il tarixli, ********** saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 487 manat 44 qəpik və cərimə qismində 48 manat 74 qəpik, cəmi 536 manat 18 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: 27 avqust 2025-ci il tarixdə «XX» məhdud məsuliyyətli cəmiyyəti Cavabdeh qarşı 25 fevral 2025-ci il tarixli, ********** saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 487 manat 44 qəpik və cərimə qismində 48 manat 74 qəpik, cəmi 536 manat 18 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraati qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin ünvanına göndərilmiş 27 avqust 2025-ci il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdehlər tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan əşyanın alqı-satqısına dair 25 fevral 2025-ci il tarixli, ********** saylı müqavilənin və həmin müqaviləyə əlavənin surətindən görünür ki, Cavabdeh «XX» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən, ilkin olaraq 50 manat ödəməklə, «Blackview Tab 90 Pink» markalı planşeti, «X3 6 Active White» qulaqlığı, «X1 1P/1Y»ni və «Opentube 3 ay»ı 18 ay müddətinə hər ay 27 manat 08 qəpik ödəmək şərti ilə, cəmi 537 manat 43 qəpiyə almışdır. İşdə olan 25 fevral 2025-ci il tarixli əşyaların təhvil-təslim aktının surətindən görünür ki, 25 fevral 2025-ci il tarixli, ********** saylı müqaviləyə əsasən «Blackview Tab 90 Pink» markalı planşet, «X3 6 Active White» qulaqlıq, «X1 1P/1Y» və «Opentube 3 ay» 25 fevral 2025-ci il tarixdə «XX» məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan «XX» məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh borcu barədə maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh 25 fevral 2025-ci il tarixli, ********** saylı müqavilə üzrə 18 avqust 2025-ci il tarixə iddiaçıya olan borcu ödənilməmiş əsas borc qismində 487 manat 44 qəpik və cərimə qismində 48 manat 74 qəpik, cəmi 536 manat 18 qəpik məbləğində təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh «XX» məhdud məsuliyyətli cəmiyyətinə 25 fevral 2025-ci il tarixli, ********** saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 487 manat 44 qəpik və cərimə qismində 48 manat 74 qəpik, cəmi 536 manat 18 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə uyğun olaraq, hissəhissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2- 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Buna görə də məhkəmə hesab edir ki, 25 fevral 2025-ci il tarixli, ********** saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 487 manat 44 qəpik və cərimə qismində 48 manat 74 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: «XX» məhdud məsuliyyətli cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh «XX» məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə 25 fevral 2025-ci il tarixli, ********** saylı müqavilə üzrə 18 avqust 2025-ci il tarixə ödənilməmiş əsas borc qismində 487 (dörd yüz səksən yeddi) manat 44 (qırx dörd) qəpik, cərimə qismində 48 (qırx səkkiz) manat 74 (yetmiş dörd) qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat, cəmi 566 (beş yüz altmış altı) manat 18 (on səkkiz) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar