Məhkəmə qərarları › İş №e-2(022)-205/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-205/2024

18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-205/2024 18.04.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X1 oğlunun katibliyi ilə, “Azərpambıq aqrar sənaye kompleksi” məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı 11 mart 2022-ci il tarixli, 253 saylı «2022-ci il mövsümü üzrə xam pambığın alqısatqısına dair” müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 9.792 manat, cərimə qismində 1.958 manat və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 126 manat, cəmi 11.876 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: «Azərpambıq aqrar sənaye kompleksi» məhdud məsuliyyətli cəmiyyəti Cavabdeh qarşı 11 mart 2022-ci il tarixli, 253 saylı «2022-ci il mövsümü üzrə xam pambığın alqısatqısına dair” müqavilə üzrə ödənilməmiş əsas borc qismində 9.792 manat, cərimə qismində 1.958 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 126 manat, cəmi 11.876 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə məhkəmədə iddia qaldırmışdır. İddiaçının nümayəndəsi iddia ərizəsində göstərmişdir ki, «Azərpambıq aqrar sənaye kompleksi» məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında 11 mart 2022-ci il tarixdə bağlanmış «2022-ci il mövsümü üzrə xam pambığın alqı-satqısına dair” 253 saylı müqaviləyə əsasən cavabdeh öhdəsində olan torpaq sahəsində öz işçi qüvvəsi hesabına pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla pambıq məhsulu istehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar olaraq Cavabdeh iddiaçı tərəfindən 9.792 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və s.) verilmiş və müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən Cavabdeh götürdüyü avansın dəyərini xam şəkildə pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin cavabdeh yaranmış borcdan heç bir ödəniş etməmiş və iddiaçıya da xam pambıq təhvil verməmişdir. Buna görə də cavabdehin alıcıya 9.792 manat məbləğində borcu qalmışdır. Beləliklə, cavabdeh 11 mart 2022-ci il tarixli, 253 saylı müqavilənin şərtlərini pozaraq, götürdüyü avans müqabilində borcunu ödəməmişdir. Həmçinin həmin müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam pambığı vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam pamığın İ növ qiyməti ilə (İ növ xam pambığın 1 tonunun qiyməti 650 manatdır) 20% həcmində cərimə ödəməlidir. Bu miqdarda cərimənin məbləği 1.958 manatdır. «Azərpambıq aqrar sənaye kompleksi» məhdud məsuliyyətli cəmiyyəti cavabdehin qeydiyyatda olduğu ünvan üzrə rəsmi pretenziya məktubu göndərməklə, cavabdehdən 3 iş günü müddətində borcun ödnilməsini tələb etmiş, əks təqdirdə isə müqavilə öhdəliyinin yerinə yetirilməməsinə görə məhkəməyə müraciət ediləcəyi bildirilmişdirş Buna baxmayaraq, cavabdeh məhkəmənin məhkəmədən kənar həllinə heç bir təşəbbüs göstərməmişdir. Buna görə də iddiaçı borcu qanunvericiliyə uyğun olaraq məhkəmə qaydadsında tələb etmək məcburiyyətində qalmışdır. Sonda, iddiaçının nümayəndəsi 11 mart 2022-ci il tarixli, 253 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 9.792 manat, cərimə qismində 1.958 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 126 manat, cəmi 11.876 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiçının nümayəndəsi F.V.Mehdiyev «Elektron Məhkəmə» informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbini müdafiə etdiyini bildirmiş və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və onun nümayəndəsi Nümayəndə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan «2022-ci il mövsümü üzrə xam pambığın alqısatqısına dair” 11 mart 2022-ci il tarixli, 253 saylı müqavilənin surətindən görünür ki, Cavabdeh 23 hektar torpaq sahəsində pambıq əkməyi, həmin torpaq sahəsində hər hektardan 30 sentnerdən az olmamaqla istehsal etməyi, istehsal etdiyi xam pambığı bütünlüklə mövcud standartlara və 23 avqust 2007-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş «Xam pambığın yığılması və tədarükü üzrə təlimat»ın tələblərinə əsasən Azərbaycan Bitki Mühafizə və Texniki bitkilər Elmi-Tədqiqat İnstitunun tərəfindən hazırlanmış və «Azərpambıq aqrar sənaye kompleksi» məhdud məsuliyyətli cəmiyyətinin Biləsuvar filialında saxlanılan etalonlara uyğun olaraq kondisiya çəkidə, müqavilədə qeyd olunmuş - İ növ pambığn 1 tonu 650 manat, İİ növ pambığın 1 tonu 630 manat, İİİ növ pambığın 1 tonu 590 manat və İV növ pambığın 1 tonu 550 manat - qiymətlərlə «Azərpambıq aqrar sənaye kompleksi» məhdud məsuliyyətli cəmiyyətinin mülkiyyətinə təhvil verməyi öhdəsinə götürmüşdür. İşdə olan 11 mart 2022-ci il tarixli, 253 saylı müqavilə üzrə 01 sentyabr 2022-ci il tarixli üzləşmə aktının və ona əlavə edilmiş maliyyə arayışının surətindən görünür ki, «Azərpambıq aqrar sənaye kompleksi» məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Cavabdeh ümumlikdə 9.792 manat məbləğində avans verilmiş, cavabdeh tərəfindən «Azərpambıq aqrar sənaye kompleksi» məhdud məsuliyyətli cəmiyyətinə pambıq təhvil verilmişdir. Cavabdeh «Azərpambıq aqrar sənaye kompleksi» məhdud məsuliyyətli cəmiyyətinə cəmi 9.792 manat məbləğində borcu qalmışdır. Beləliklə, işdə olan sübutlarla Cavabdeh «Azərpambıq aqrar sənaye kompleksi» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı 11 mart 2022-ci il tarixli, 253 saylı müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə həmin müqavilənin şərtlərinə uyğun olaraq iddiaçıya əsas borc qismində 9.792 manat məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə müqavilə üzrə aparılmış ödənişlərin məbləğini nəzərə alaraq, 1.958 manat təşkil edən cərimə məbləğinin 100 manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh 11 mart 2022-ci il tarixli, 253 saylı müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə əsas borc qismində 9.792 manat, cərimə qismində 100 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun xərclənmiş pul vəsaitinin 20 manat məbləğində hissəsi iddiaçıya aid edilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin əvəzi qismində 106 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: «Azərpambıq aqrar sənaye kompleksi» məhdud məsuliyyətli cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh «Azərpambıq aqrar sənaye kompleksi» məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə 11 mart 2022-ci il tarixli, «2022-ci il mövsümü üzrə xam pambığın alqı-satqısına dair” 253 saylı müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 9.792 (doqquz min yeddi yüz doxsan iki) manat, cərimə qismində 100 (bir yüz) manat, habelə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi 106 (bir yüz altı) manat, cəmi 9.998 (doqquz min doqquz yüz doxsan səkkiz) manat məbləğində pul vəsaiti tutulsun. «Azərpambıq aqrar sənaye kompleksi» məhdud məsuliyyətli cəmiyyətinin iddiası qalan hissədə rədd edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar