Məhkəmə qərarları › İş №e-2(022)-43/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-43/2025

05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-43/2025 05.02.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X1 məhkəmə-iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alğı-satqı müqaviləsi üzrə borc tələbi” barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında 07 noyabr 2023-cü il tarixli 0711/2023 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Alıcının sifarişləri əsasında 07 noyabr 2023-cü il tarixdən 25 noyabr 2023-cü il tarixədək ümumi dəyəri 27.400 manat (ƏDV daxil) olan mallar cavabdehə təhvil verilmişdir (müvafiq sənədlər əlavə olunur). Müqavilənin tələblərinə uyğun olaraq alıcının sifarişləri əsasında müvafiq mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilsə də, cari tarixədək cavabdeh tərəfindən cəmiyyətin bank hesabına təhvil alınmış malların dəyərinin müəyyən bir qismi, yəni sadəcə 6.550 manat məbləğində pul vəsaiti ödənilmişdir. Cari tarixədək təhvil alınmış malların ödənilməmiş hissəsi olan 20850 (iyirmi min səkkiz yüz əlli) manat pul vəsaiti cavabdeh tərəfindən iddiaçının bank hesabına ödənilməmişdir. İddiaçının tələbi: İddiaçı 07 noyabr 2023-cü il tarixli 0711/2023 saylı müqaviləyə əsasən, 20850 (iyirmi min səkkiz yüz əlli ) manat borc və 152.55 (yüz əlli iki manat əlli beş qəpik) manat ödənilmiş dövlət rüsumu, həmçinin hüquqi yardıma görə vəkilə ödənilmiş 320 (üç yüz iyimi) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən İddiaçı tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmənin 04 dekabr 2024-cü il tarixli hazırlıq iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkiln iddia ərizəsi üzrə tələbini müdafiə edərək, mübahisə predmeti ilə bağlı öhdəlikləri təsdiq edən kassa-mədaxil qəbzlərini, eləcə də məxaric qaimələrini təqdim edərək sübut qismində iş materiallarına əlavə edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi 04 fevral 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, əlavə və vəsatətlərinin olmadığını qeyd etmiş, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümklün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: 07 noyabr 2023-cü il tarixli 0711/2023 saylı alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında müqavilə bağlanmışdır. İddiaçı 13 avqust 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 iş günü ərzində riayət olunmadığı təqdirdə, aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Kassa mədaxil orderlərinin surətindən görünür ki, 08 noyabr 2023-cü il, 25 noyabr 2023-cü, 25 mart 2024-cü, 30 aprel 2024-cü, 13 iyun 2024-cü il tarixlərdə cavabdeh tərəfindən iddiaçıya 6550 (1900, 3150, 500, 500, 500) manat məbləğində ödəniş edilmişdir. 07 noyabr 2023-cü il tarixli təhvil aktından görünür ki, cavabdeh iddiaçıdan 4100 manat məbləğində mal təhvil almışdır. 07 noyabr 2023-cü il tarixli təhvil aktından görünür ki, cavabdeh iddiaçıdan 15.500 manat məbləğində mal təhvil almışdır. 25 noyabr 2023-cü il tarixli təhvil aktından görünür ki, cavabdeh iddiaçıdan 4810 manat məbləğində mal təhvil almışdır. 25 noyabr 2023-cü il tarixli təhvil aktından görünür ki, cavabdeh iddiaçıdan 2990 manat məbləğində mal təhvil almışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur; 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur; 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir; 598.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsaslı olduğundan, təmin edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsi, yəni alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında 07 noyabr 2023-cü il tarixli 0711/2023 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müddətli alğı-satqı müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, İddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, Cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə borcunu razılaşdırıldığı kimi iddiaçı “FF SUPPLY SERVİCES" Məhdud Məsuliyyətli Cəmiyyəti ödəməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında İddiaçındən mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malın dəyərini ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Buna görə də İddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. (MM m.567) Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını nəzərə alaraq qeyd edir ki, İddiaçı təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş sübutlarla müəyyən olunur ki, iddiaçı tərəfindən ümumi dəyəri 27.400 manat olan mallar cavabdehə təhvil verilmiş, cavabdeh tərəfindən iddiaçının bank hesabına təhvil alınmış malların dəyərinin müəyyən bir qismi, yəni 6.550 manat məbləğində pul vəsaiti ödənilmişdir. Ona görə də, məhkəmə tədqiq olunmuş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 07 noyabr 2023cü il tarixli 0711/2023 saylı alğı-satqı müqaviləsinə əsasən 20850 (iyirmi min səkkiz yüz əlli) manat borc pul məbləği Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 152.55 (yüz əlli iki manat əlli beş qəpik) manat məbləğində pul və həmçinin hüquqi yardıma görə vəkilə ödənilmiş 320 (üç yüz iyimi) manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1, 526-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: “FF SUPPLY SERVİCES" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh “FF SUPPLY SERVİCES" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 07 noyabr 2023-cü il tarixli 0711/2023 saylı müqaviləyə əsasən, 20850 (iyirmi min səkkiz yüz əlli ) manat borc və 152.55 (yüz əlli iki manat əlli beş qəpik) manat ödənilmiş dövlət rüsumu, həmçinin hüquqi yardıma görə vəkilə ödənilmiş 320 (üç yüz iyimi) manat məbləğində pul tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar