Məhkəmə qərarları › İş №e-2(022)-451/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-451/2025

12.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-451/2025 12.06.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, cavabdeh "xxxx"Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-dən 339 (üç yüz otuz doqquz) manat məbləğində pulun abonent hesabına geri ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 339 (üç yüz otuz doqquz) manat məbləğində pulun abonent hesabına geri ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışıdır ki, onun ünvan 1 ünvanında yerləşən evini elektrik enerjisi ilə təmin edən **********01371 abonent kodlu işıq sayğacına xx.xx.2024-cü ildə məlumatı və iştirakı olmadan cavabdeh Azərişiq ASC-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və 002622 nömrəli akt tərtib olunmuşdur. Sonradan əldə etdiyi aktda sayğacın nasazlığı və enerji itkisinin olduğu qeyd edilmişdir və bu akta əsasən ona əsassız olaraq 339 AZN borc yazılmışdır. Belə ki, cavabdeh Azərişıq ASC-nin işıq sayğacı küçədə və onun nəzarətindən kənardadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın (bundan sonra istifadə qaydaları) 7.11-ci maddəsinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində quraşdırılmış elektrik sayğaclarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Yuxarıda qeyd edilən istifadə qaydalarının 8.2-ci maddəsinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Eyni zamanda istifadə qaydalarının 8.16-cı maddəsinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəməyə gəlməmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərmişdir ki, Azərişıq ASC ilə iddiaçı X7 arasında hər hansı müqavilə münasibətləri mövcud deyildir və Azərişıq ASC- nin abonent bazasında İddiaçı adında abonent yoxdur. İddiaçının iddia ərizəsində qeyd etdiyi **********01371 saylı abonent kodu X4 məxsusdur."xxxx" ASC-nin əməkdaşları tərəfindən E.E.İ.Q-nın tələblərinə uyğun olaraq abonent kodu **********01371 olan X2 elektrik təsərrüfatlna baxış keçirən zaman E.E.İ.Q-nın pozulması faktları aşkar edilmiş və xx.xx.2024-cü il tarixində müvafiq akt tərtib edilmişdir. X1 yazılmış aktı mübahisələndirmədən, aktda qeyd edilən pozuntu faktını qəbul edərək itirilmiş enerjinin dəyərini enerji təchizatı müəssisəsinə ödəmişdir.Belə ki, sözü gedən aktın və abonent kodunun İddiaçı heç bir aidiyyatı yoxdur və bu səbəbdən də o, həmin aktın mübahisələndirilməsinə dair subyektiv hüquqa malik deyildir. Odur ki, iddia tələbi əsassız olduğundan rədd olunmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyərək, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan abunə haqqında məlumatdan görünür ki, **********01371 saylı abonent kodu X4 məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. MPM-in 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, işin hallarına və qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı "xxxx" ASC-dən istehlak etmədən enerjiyə görə ödənilmiş 332 (üç yüz otuz iki) manat pul vəsaitinin cavabdehdən xeyrinə alınması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı istehlak etmədən enerjiyə görə ödənilmiş 339 (üç yüz otuz doqquz) manat pul vəsaitinin cavabdehdən onun xeyrinə alınması tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimi Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar