Məhkəmə qərarları › İş №e-2(022)-483/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-483/2023

06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-483/2023 06.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 12 mart 2021-ci il tarixli “Nisyə alqı-satqı” müqaviləsinə əsasən 1210 manat gecikdirilmiş borcun, 96,8 manat cərimənin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33.47 manat məbləğində vəsaitin İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizədində göstərmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 12 mart 2021ci il tarixdə Kazimoff markall su tənzimləyici sisteminin alqı-satqısına dair “Nisyə alqı-satqı” müqaviləsi bağlanmışdır.Həmin müqaviləyə əsasən İddiaçı MMC ümumi dəyəri 1690 manat olan həmin malı cavabdehə nisyə satmağı, cavabdeh isə ona satılmış malı qəbul edib razılaşdırılmış formada, ödəniş cədvəlinə uyğun malın dəyərini ödəməsini öhdəsinə götürmüşdür.Cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etməmiş, müqavilənin şərtlərini qəsdən kobud şəkildə pozmuşdur. Müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətinin keçməsinə və ödəniş barədə dəfələrlə xəbərdar edilməsinə baxnayaraq, borclu öhdəliyində olan borclarını ödəməkdən yayınır. Hazırda onun əsas borc üzrə 1210 manat, cərimə üzrə 96.8 manat borcu vardır. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə elektron qaydada məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını, iddialarının təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək, iddia tələbinin şişirdildiyini bildirərək, idianın qismən təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 12 dekabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, 12 mart 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehin iddiaçıya 1210 (min iki yüz on) manat əsas borcu və 96 (doxsan altı) manat 80 (səksən) qəpik cərimə borcu vardır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 12 mart 2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh 1690 manat məbləğdə “Kazimoff” markalı su tənzimləyici sistemini hissə-hissə, yəni 16 ay müddətinə hər ayin 20nə kimi ödəniş cədvəlinə müvafiq olaraq ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, cavabdeh hər ay 100 manat ödəmək şərti ilə 16 ay müddətinə “Kazimoff” markalı su tənzimləyici sistemini kreditlə götürmüşdür. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı MMC-yə əsas borc qismində 1210 (min iki yüz on) manat, 96 (doxsan altı) manat 80 (səksən) qəpik cərimə borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 601.1-ci mddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. MM-in 600.4-cü maddəsinin tələbinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-in 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. MM-in 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Bundan başqa, MM-in 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq gecikdirilmiş müddət üzrə dəbbə borcuna görə xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 96.8 manat cərimə məbləğinin 12 manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı MMC-nin xeyrinə əsas borc qismində 1210 (min iki yüz on) manat, gecikdirilmiş müddət üzrə dəbbə borcuna görə 12 (on iki) manat məbləğdə pul vəsaiti tutulmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 30 manat məbləğlərdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə əsas borc qismində 1210 (min iki yüz on) manat, gecikdirilmiş müddət üzrə dəbbə borcuna görə 12 (on iki) manat olmaqla, cəmi 1222 (min iki yüz iyirmi iki) manat və ödənilmiş dövlət rüsumunun bir hissəninin əvəzi qismində 30 (otuz) manat məbləğdə pul vəsaiti tutulsun. İddia qalan hissədə rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimi Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar