Məhkəmə qərarları › İş №e-2(022)-599/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-599/2023

11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-599/2023 11.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi ilə, «Ferrum Kapital» qapalı səhmdar cəmiyyətinin X5 qarşı 15 iyun 2022-ci il tarixli, RŞD000035 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 239 manat, cərimə qismində 35 manat 85 qəpik, habelə ödənilmiş dövlət rüsmunun əvəzi qismində 30 manat və dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı qismində 40 qəpik, cəmi 305 manat 25 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: 11 aprel 2023-cü il tarixdə «Ferrum Kapital» qapalı səhmdar cəmiyyəti X5 qarşı 15 iyun 2022-ci il tarixli, RŞD000035 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 239 manat, cərimə qismində 35 manat 85 qəpik, habelə ödənilmiş dövlət rüsmunun əvəzi qismində 30 manat və dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı qismində 40 qəpik, cəmi 305 manat 25 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraati qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş 11 aprel 2023-cü il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 15 iyun 2022-ci il tarixli, RŞD000035 saylı nisyə alqısatqı müqaviləsindən görünür ki, cavabdeh X1 Rəşad Mayis oğlu ilə bağladığı həmin müqaviləyə əsasən 6 ay əzində hissə-hissə ödəmək şərtilə geyim əşyalarını 399 manat məbləğinə X3 almışdır. İşdə olan 15 iyun 2022-ci il tarixli əşyaların təhvil-təslim aktının surətindən görünür ki, 15 iyun 2022-ci il tarixli, RŞD000035 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən geyim əşyaları X8 tərəfindən X5 təhvil verilmişdir. İş materiallarında olan tələbin güzəşti barədə 09 iyun 2022-ci il tarixli, R-1328/22 saylı faktorinq müqaviləsindən və həmin faktorinq müqaviləsinə əlavə olunan 30 iyun 2022-ci il tarixli, R-13xx/xx-0003 saylı sazişdən görünür ki, R.İ.Səfərova qarşı tələb hüququ X3 «Ferrum Kapital» qapalı səhmdar cəmiyyətinə keçmişdir. Bundan başqa, işdə olan «Ferrum Kapital» qapalı səhmdar cəmiyyəti tərəfindən verilmiş 15 iyun 2022-ci il tarixli, RŞD000035 saylı nisyə alqı-satqı müqaviləsi üzrə maliyyə arayışından görünür ki, X4 «Ferrum Kapital» qapalı səhmdar cəmiyyətinə borcu əsas borc qismində 239 manat və cərimə qismində 35 manat 85 qəpik təşkil edir. Beləliklə, işdə olan sübutlarla X4 «Ferrum Kapital» qapalı səhmdar cəmiyyətinə əsas borc qismində 239 manat və cərimə qismində 35 manat 85 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.1-ci maddəsinin tələbinə görə tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Həmin Məcəllənin 196-cı maddəsinin tələbinə görə əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.2-ci maddəsinə görə tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1 maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, cavabdeh X2 15 iyun 2022-ci il tarixli, RŞD000035 saylı nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 239 manat və cərimə qismində 35 manat 85 qəpik məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat 40 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: «Ferrum Kapital» qapalı səhmdar cəmiyyətinin iddiası təmin edilsin. X2 «Ferrum Kapital» açıq səhmdar cəmiyyətinin xeyrinə 15 iyun 2022-ci il tarixli, RŞD000035 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 239 (iki yüz otuz doqquz) manat, cərimə qismində 35 (otuz beş) manat 85 (səksən beş) qəpik, habelə ödənilmiş dövlət rüsmunun əvəzi qismində 30 (otuz) manat və dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı qismində 40 (qırx) qəpik, cəmi 305 (üç yüz beş) manat 25 (iyirmi beş) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar