Məhkəmə qərarları › İş №e-2(022)-664/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-664/2023

01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-664/2023 01.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi ilə, «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətinin X2 qarşı 11 fevral 2021-ci il tarixli, 22278830 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 150 manat 40 qəpik, cərimə qismində 15 manat 60 qəpik və 08 mart 2021-ci il tarixli, 22357043 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 114 manat 70 qəpik, cərimə qismində 11 manat 30 qəpik, cəmi 292 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: 01 may 2023-cü il tarixdə «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti X2 qarşı 11 fevral 2021-ci il tarixli, 22278830 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 150 manat 40 qəpik, cərimə qismində 15 manat 60 qəpik və 08 mart 2021-ci il tarixli, 22357043 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 114 manat 70 qəpik, cərimə qismində 11 manat 30 qəpik, cəmi 292 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraati qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş 01 may 2023-cü il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehlərə izah edilmiş, lakin iddia tələbinə cavabdehlər tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan əşyanın alqı-satqısına dair 11 fevral 2021-ci il tarixli, 22278830 saylı müqavilədən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, X3 «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən, 11 fevral 2021-ci il tarixli, 22278830 saylı müqaviləyə əsasən «Apple» markalı qulaqlığı 9 ay müddətinə hər ay 53 manat 90 qəpik ödəmək şərti ilə cəmi 485 manat 10 qəpiyə almışdır. İşdə olan 11 fevral 2021-ci il tarixli əşyaların təhvil-təslim aktının surətindən görünür ki, 11 fevral 2021-ci il tarixli, 22278830 saylı müqaviləyə əsasən «Apple» markalı qulaqlıq 11 fevral 2021-ci il tarixdə «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti tərəfindən X2 təhvil verilmişdir. İş materiallarında olan əşyanın alqı-satqısına dair 08 mart 2021-ci il tarixli, 22357043 saylı müqavilədən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, X3 «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən, 08 mart 2021-ci il tarixli, 22357043 saylı müqaviləyə əsasən «Samsung Galaxy A10S» markalı mobil telefonu 9 ay müddətinə hər ay 33 manat ödəmək şərti ilə cəmi 297 manata almışdır. İşdə olan 08 mart 2021-ci il tarixli əşyaların təhvil-təslim aktının surətindən görünür ki, 08 mart 2021-ci il tarixli, 22357043 saylı müqaviləyə əsasən Samsung Galaxy A10S» markalı mobil telefon 08 mart 2021-ci il tarixdə «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti tərəfindən X2 təhvil verilmişdir. Mülki işdə olan «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətinin N.Z.Cavadlının borcu barədə maliyyə arayışından görünür ki, N.Z.Cavadlının hal-hazırda iddiaçıya olan borcu 11 fevral 2021-ci il tarixli, 22278830 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 150 manat 40 qəpik, cərimə qismində 15 manat 60 qəpik və 08 mart 2021-ci il tarixli, 22357043 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 114 manat 70 qəpik, cərimə qismində 11 manat 30 qəpik, cəmi 292 manat məbləğində təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Beləliklə, işdə olan sübutlarla N.Z.Cavadlının «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətinə 11 fevral 2021-ci il tarixli, 22278830 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 150 manat 40 qəpik, cərimə qismində 15 manat 60 qəpik və 08 mart 2021ci il tarixli, 22357043 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 114 manat 70 qəpik, cərimə qismində 11 manat 30 qəpik, cəmi 292 manat məbləğində borcunun yarandığı təsdiq olunur. Buna görə də məhkəmə hesab edir ki, 11 fevral 2021-ci il tarixli, 22278830 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 150 manat 40 qəpik, cərimə qismində 15 manat 60 qəpik və 08 mart 2021-ci il tarixli, 22357043 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 114 manat 70 qəpik, cərimə qismində 11 manat 30 qəpik, cəmi 292 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətinin iddiası təmin edilsin. X1 «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə 11 fevral 2021-ci il tarixli, 22278830 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 150 (bir yüz əlli) manat 40 (qırx) qəpik, cərimə qismində 15 (on beş) manat 60 (altmış) qəpik və 08 mart 2021-ci il tarixli, 22357043 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 114 (bir yüz on dörd) manat 70 (yetmiş) qəpik, cərimə qismində 11 (on bir) manat 30 (otuz) qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat, cəmi 322 (üç yüz iyirmi iki) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar