Məhkəmə qərarları › İş №e-2(022)-70/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-70/2025

30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-70/2025 30.01.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X1 məhkəmə-iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə borc tələbi” barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı ilə Cavabdeh arasında bağlanmış 09 sentyabr 2021-ci il tarixli KG- BY04/2021 saylı “nisyə alqı-satqı” müqaviləsinə əsasən ona 1690 manat məbləğində “Kazımoff” markalı Su təmizləyicisi verilmişdir. “Nisyə alqı-satqı” müqaviləsinə əsasən Cavabdeh malı qəbul edib razılaşdırılmış formada-ödəniş cədvəlinə uyğun, “Malın” dəyərini ödəməsini öhdəsinə götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və borcunu tam qaytarmamışdır. İddiaçı tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, Cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə Cavabdeh "KAZİMOFF GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinə 890 manat əsas, 71,20 manat cərimə, cəmi 961,20 manat borcu yaranmışdır. İddiaçının tələbi: Cavabdeh İddiaçı xeyrinə 890 manat əsas, 71,20 manat cərimə, cəmi 961,20 manat məbləğində vəsaitin və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh İddiaçı tərəfindən iddiaya qarşı yazılı etiraz və ya hər hansı sənəd daxil olmamışdır. Tərəflərin izahatı: İddiaçı nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi və iddia ərizəsi üzrə tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə iddiaçının nümayəmdəsinin ərizəsinə əsasən mülki işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh irəli sürülmüş tələb üzrə həqiqətən də İddiaçı ilə bağlamış 09 sentyabr 2021-ci il tarixli KG-BY04/2021 saylı “nisyə alqı-satqı” müqaviləsinə əsasən ona 1690 manat məbləğində “Kazımoff” markalı su təmizləyicisinin verildiyini bildirmiş, həmin məbləğdən 800 manat ödədiyini qeyd etmişdir. Qalan məbləği isə rayonda suyun keyfiyyətsiz olması səbəbindən filterin belə kömək etmədiyini görüb, ödəmək fikrinin olmadığını göstərmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: 12 yanvar 2021-ci il tarixli, KG-BY04/2021 saylı “nisyə alqı-satqı” müqaviləsinə əsasən, şirkət bu müqavilənin şərtlərinə uyğun olaraq malı borc alana müəyyən müddətə, məqsədli istifadə, qaytarılmaq faizlər ödənilmək və təminatlılıq şərtilə 1690 AZN məbləğində “Malın” təhvil verilməsini öhdəsinə götürür, Borcalan isə aldığı “Malı” və “Mal” üzrə hesablanacaq faizləri bu Müqavilədə göstərilən müddətdə və qaydada Şirkətə qaytarmağı öhdəsinə götürür. Kredit 24 ay müddətinə verilir. Müddət kreditin faktiki verildiyi tarixdən hesablanır. 12 yanvar 2021-ci il tarixli, KG-BY04/2021 saylı “nisyə alqı-satqı” müqaviləsinə əlavə ödəniş cədvəlinə əsasən, kredit 24 ay müddətinə aylıq 70 manat (sonuncu ay 50 manat) olmaqla müəyyən edilmişdir. 12 yanvar 2021-ci il tarixli təhvil-təslim aktına əsasən, Cavabdehə "xxxx" MMC tərəfindən 1690 manat məbləğində LG markalı Su təmizləyici sistemi verilmişdir. Cavabdeh 01 senyabr 2024-cü il tarixdə pretenziya göndərilmiş və şirkətə olan bütün borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etmək təklif edilmiş, əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir; 24 sentyabr 2024-cü il tarixli, maliyyə arayışına əsasən, Cavabdeh 24 sentyabr 2024-cü il tarixinə "xxxx" MMC-yə 890 manat əsas, 71,20 manat cərimə, cəmi 961,20 manat borcu yaranmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-ci maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə cavabdehin izahatını, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600-cü maddəsi, yəni nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 09 sentyabr 2021-ci il tarixli KG-BY04/2021 saylı “nisyə alqı-satqı” müqaviləsinə əsasən ona 1690 manat məbləğində “Kazımoff” markalı Su təmizləyicisi verilmişdir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, İddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, Cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında İddiaçındən mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də İddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını nəzərə alaraq qeyd edir ki, İddiaçı təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasınını Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, cərimə məbləğinin 5 manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Göstərilənləri nəzərə alaraq, məhkəmə tədqiq olunmuş sübutların məcmusuna məcmusuna tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 12 yanvar 2021-ci il tarixli, KG-BY04/2021 saylı “nisyə alqı-satqı” müqaviləsinə əsasən 890 manat əsas, 5 manat cərimə, cəmi 895 manat borc pul məbləği İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat məbləğində pul vəsaitinin 27 manat hissəsi Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh 890 manat əsas, 5 manat cərimə olmaqla, ümumilikdə 895 (səkkiz yüz doxsan beş) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 27 (iyirmi yeddi) manat hissəsi Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar