Məhkəmə qərarları › İş №e-2(022)-704/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-704/2024

03.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-704/2024 03.06.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı 13 iyul 2021-ci il il tarixli “Nisyə alqı-satqı” müqaviləsinə əsasən 1640 (min altı yüz qırx) manat gecikdirilmiş borc, 131 (yüz otuz bir) manat 20 (iyirmi) qəpik cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 38 (otuz səkkiz) manat 12 (on iki) qəpik məbləğdə pul vəsaitinin iddiaçının xeyrinə tutulması tələbi barədə kiçik iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 13 iyul 2021-ci il tarixdə Kazimoff markalı Su təmizləyici sisteminin alqı-satqısına dair nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı MMC ümumi dəyəri 1690 manat olan həmin malı cavabdehə nisyə satmağı, cavabdeh isə ona satılmış malı qəbul edib razılaşdırılmış formada – ödəniş cədvəlinə uyğun “Malın” dəyərini ödəməsini öhdəsinə götürmüşdür. Belə ki, cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etmir, müqavilənin şərtlərini qəsdən kobud şəkildə pozur. Belə ki, müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçməsinə və ödəniş barədə dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, borclu borcunu ödəməkdən yayınır. Hazırda cavabdehin əsas borc üzrə 1640 manat, cərimə üzrə 131.2 manat borcu vardır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPMin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13 iyul 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı 1690 manat dəyərində olan malı 18 ay müddətinə hər ay 90 manat ödəmək şərti ilə borcluya satmışdır. İşdə olan İddiaçı xx.xx.2024-cü il tarixli üzrə maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 13 iyul 2021-ci il tarixli (nisyə) alqı-satqı müqaviləsi üzrə cavabdehin 1640 (min altı yüz qırx) manat gecikdirilmiş borcu, 131 (yüz otuz bir) manat 20 (iyirmi) qəpik cərimə borcu vardır. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı ilə bağladığı müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə 13 iyul 2021-ci il tarixli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1640 (min altı yüz qırx) manat gecikdirilmiş borcun, 131 (yüz otuz bir) manat 20 (iyirmi) qəpik cərimə borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Buna görə də, məhkəmə hesab edir ki, Cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə 13 iyul 2021-ci il tarixli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1640 (min altı yüz qırx) manat əsas borc, 131 (yüz otuz bir) manat 20 (iyirmi) qəpik cərimə borcu Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, İddiaçı məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 38 (otuz səkkiz) manat 12 (on iki) qəpik məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1640 (min altı yüz qırx) manat əsas borc, 131 (yüz otuz bir) manat 20 (iyirmi) qəpik cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 38 (otuz səkkiz) manat 12 (on iki) qəpik məbləğdə pul vəsaiti tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar