Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-788/2024 27.06.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Rəsulova Mədinə Camal qızının sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı 01 iyun 2023-cü il tarixli, 02655179 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 820 manat 98 qəpik, cərimə qismində 82 manat 02 qəpik, cəmi 903 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 01 iyun 2023-cü il tarixli, 02655179 saylı müqaviləyə əsasən, “OPPO A77S” markalı telefonu və şəffaf vinil almış və nəticədə həmin şəxsin 903 (doqquz yüz üç) manat borcu yaranmışdır.
2. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1053.52 (bir min əlli üç manat əlli iki qəpik (12 ay x 81.71 manat + 73 manat ilkin ödəniş) “OPPO A77S” markalı telefon və şəffaf vinil üçün ümumilikdə 903 (doqquz yüz üç) manat olmaqla ondan, 820.98 (səkkiz yüz iyirmi manat doxsan səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 82.02 (səksən iki manat iki qəpik) manat cərimə miqdarında borc yaranmışdır.
3. Cavabdehin cəmi ödədiyi məbləğ 232.54 (iki yüz otuz iki manat əlli dörd qəpik) manat təşkil edir. İddiaçının tələbi:
4. 01 iyun 2023-cü il tarixli, 02655179 saylı müqaviləyə əsasən, “OPPO A77S” markalı telefon və şəffaf vinil üçün 820.98 (səkkiz yüz iyirmi manat doxsan səkkiz) manat ödənilməmiş hissə, 82.02 (səksən iki manat iki qəpik) manat cərimə, ümumilikdə, 903 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı:
5. Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər:
6. 01 iyun 2023-cü il tarixli, 02655179 saylı alqı-satqı müqaviləsinin və ona əlavə edilmiş ödəniş cədvəlinin surətinə əsasən Cavabdeh iddiaçıdan “OPPO A77S 8/128 GB - Black” markalı telefonu, “Paket XL”i, “Plyonka istehsal”ı və “Qızıl zəmanət ultra 3 il (sığorta)”i ilkin olaraq 73 manat ödəməklə almışdır. Cavabdeh həmin müqaviləyə əsasən 12 ay müddətinə, hər ay 81 manat 71 qəpik pulu ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdehin aldığı malların toplam məbləği (ilkin ödəniş də daxil olmaqla) 1.053 manat 52 qəpik təşkil etmişdir.
7. 01 iyun 2023-cü il tarixli bildirişin surətinə əsasən, 01 iyun 2023-cü il tarixli, 02655179 saylı müqavilənin bütün şərtləri qəbul edilmiş, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir.
8. 01 iyun 2023-cü il tarixli, 02655179 saylı alqı-satqı müqaviləsinə əlavə edilmiş əşyaların təhvil-təslim aktının surətinə əsasən cavabdeh tərəfindən “OPPO A77S 8/128 GB - Black” markalı telefon, “Paket XL”, “Plyonka istehsal” və “Qızıl zəmanət ultra 3 il (sığorta)” qüsursuz halda təhvil alınmışdır.
9. 16 may 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinin surətinə əsasən Cavabdehnın 01 iyun 2023-cü il tarixli müqaviləyə əsasən 820 (səkkiz yüz iyirmi) manat 98 (doxsan səkkiz) qəpik ödənilməmiş hissə, 82 (səksən iki) manat 02 (iki) qəpik qəpik cərimə, ümumilikdə 903 (doqquz yüz üç) manat məbləğində borcu vardır.
10. İddiaçının 09 aprel 2024-cü il tarixli məktubunun surətinə (xx.xx.2024-cü il tarixli poçt qəbzinə) əsasən, Cavabdeh öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 iş günü ərzində riayət olunmadığı təqdirdə, müqavilənin 4.1-ci maddəsinə əsasən, aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər; 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir;
467. Məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
Məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını nəzərə alaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilən sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, hesab edir ki, 82 manat 02 qəpik təşkil edən cərimə məbləği tənasübsüz surətdə yüksək məbləğ təşkil edir və cərimə məbləğinin 50 manata qədər azaldılması məqsədəmüvafiqdir. Ona görə də məhkəmə tədqiq olunmuş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 01 iyun 2023-cü il tarixli, 02655179 saylı alqı-satqı müqaviləsinə əsasən, 820 (səkkiz yüz iyirmi) manat 98 (doxsan səkkiz) qəpik ödənilməmiş hissə, 50 (əlli) manat cərimə, ümumilikdə, 870 (səkkiz yüz yetmiş) manat 98 (doxsan səkkiz) qəpik məbləğində pul iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyinə görə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi olaraq 28 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun 02 manat məbləğində hissəsi isə iddiaçıya aid edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 10-1, 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
Q Ə T E T D İ:
“ABC Telecom" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh “ABC Telecom" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 16 may 2024-cü il tarixə 01 iyun 2023-cü il tarixli, 02655179 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 820 (səkkiz yüz iyirmi) manat 98 (doxsan səkkiz) qəpik, cərimə qismində 50 (əlli) manat, habelə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 28 (iyirmi səkkiz) manat, cəmi 898 (səkkiz yüz doxsan səkkiz) manat 98 (doxsan səkkiz) qəpik məbləğində pul vəsaiti tutulsun. “ABC Telecom" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiası qalan hissədə rədd edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Mədinə Rəsulova