Məhkəmə qərarları › İş №e-2(022)-894/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-894/2025

28.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-894/2025 28.07.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X1 məhkəmə-iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borc tələbi” barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin iddia ərizəsində qeyd edilən halları: Cavabdeh İddiaçı ilə bağladığı 27 oktyabr 2018-ci il tarixli, BLK534076 saylı müqaviləyə əsasən, 553 (beş yüz əlli üç) manat dəyərində məişət avadanlıqları almış və nəticədə 225 (iki yüz iyirmi beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 553 (beş yüz əlli üç) manat (06 ay x 75 manat + 103 manat ilkin ödəniş) “PR Brother DCP- 7065DNR” adlı məhsul üçün ümumilikdə, 225 (iki yüz iyirmi beş) manat miqdarında borc yaranmışdır. İddiaçının tələbi: 27 oktyabr 2018-ci il tarixli, BLK534076 saylı müqaviləyə əsasən, 225 (iki yüz iyirmi beş) manat borc pul məbləğinin və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh İddiaçı tələbinə qarşı yazılı etiraz ərizəsi verərək bildirmişdir ki, iddiaçı təşkilat tərəfindən iddianın verilməsi ilə bağlı prosessual müddət ötürülmüşdür. Belə ki, 27 oktyabr 2018-ci il tarixdə o, iddiaçıdan printer aparatı götürmüşdür. Aparatı qəbul etdikdə nasaz vəziyyətdə idi. Onu gətirib dükanda baxdırıb təmir etdirməklə 4 ay işlətmiş, dəyərinin 328 (üç yüz iyirmi səkkiz) manatını ödəmişdir. Axırıncı dəfə printer yenidən işləmədiyindən 2019-cu ilin mart ayında gətirib dükana təmir etdirmək üçün vermişdir. Dəfələrlə əlaqə saxlasa da, printerin təmirdə olmasını bildirmişlər. O, işdən çıxdığı üçün daha printer ona lazım olmamışdır. Buna görə də bir daha printerlə maraqlanmamışdır. Elə zənn etmişdir ki, printeri qaytardığı üçün pulu istəmirlər. Qeyd olunanları nəzərə alaraq, iddia müddətini tətbiq edərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: 27 oktyabr 2018-ci il tarixli, BLK534076 saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçındən “PR Brother DCP-7065DNR” adlı məhsul almışdır. Cavabdeh 06 ay müddətinə hər ay 75 (yetmiş beş) manat pulu ödəməyi öz öhdəsinə götürmüşdür. Toplam məbləğ (ilkin ödəniş daxil olmaqla) 553 (beş yüz əlli üç) manat məbləğindədir. 30 yanvar 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 27 oktyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, 225 (iki yüz iyirmi beş) manat borcu vardır. 12 aprel 2025-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 iş günü ərzində riayət olunmadığı təqdirdə, aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı və məhkəmə xərclərinin də cavabdehdən tələb olunacağı barədə xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyul 2013-cü il tarixli Qərarı: “İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı).” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları: “Stubbings və başqaları Birləşmiş Krallığa qarşı” iş üzrə 22 oktyabr 1996-cı il tarixli Qərarı: “İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni, hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır”. “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009-cu il tarixli Qərarı: “Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.” İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, İddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, Cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Müəyyən edilmişdir ki, tərəflər arasında 6 ay müddətinə bağlanmış 27 oktyabr 2018-ci il tarixli müqavilənin müddəti 27 aprel 2019-cu ildə bitmişdir. İddiaçı nisyə alqısatqı müqaviləsinin müddətinin bitdiyi 27 aprel 2019-cu il tarixdən üç illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etmək imkanına 27 aprel 2022-ci il tarixədək malik olmuşdur. İddiaçı cavabdehə qarşı müqavilə üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etmək imkanına 27 aprel 2022-ci il tarixədək malik olsa da, hazırkı iddia ərizəsi ilə 23 aprel 2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı iddia müddətinin dayanması və ya kəsilməsinə əsas olacaq hallar aşkar edilməmişdir. Belə olan halda, iddiaçı tərəfindən hazırkı iddianın verilməsi üçün qanunvericilikdə belə iddiaların verilməsi üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış və cavabdeh tərəfindən də məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir ki, bu da hazırkı iddianın rədd edilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən norma sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Qanunvericiliyə əsasən iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddiaçı öz dəlillərini əsaslandırmaq üçün sübutları təqdim edə bilmədiyi halda, cavabdeh üzərində əks dəlilləri əsaslandırmaq üçün sübut təqdim etmək öhdəliyinin müəyyən edilməsi, ilk növbədə, tərəflərin bərabərliyi prinsipinə, ümumiyyətlə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində əks etdirilmiş ədalət mühakiməsinin prinsiplərinə uyğun gəlmir. (AR Ali Məhkəməsinin Kommersiya Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən 2-2(102)-575/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı) Bu anlamda, məhkəmə iddia tələbinin iddia müddəti tətbiq edilməklə rədd edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbi barədə iddiası təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 241-244 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı Soliton LTD Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsi üzrə borc tələbi barədə iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar