Məhkəmə qərarları › İş №e-2(022)-984/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-984/2025

05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-984/2025 05.06.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə BLSK03762 saylı xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 845 (səkkiz yüz qırx beş) manat borcun, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, OPTİMAL ELEKTRONİKA MMC ilə Cavabdeh arasında bağlanmış BLSK03762 saylı xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 2369.99 manat dəyərində nisyə aldığı mala görə 370 manat ilkin ödəniş olaraq ödəmiş, qalıq 1999.99 manat borcu isə müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə OPTİMAL ELEKTRONİKA MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən OPTİMAL ELEKTRONİKA MMC-nin Cavabdeh qarşı olan 1999.99 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə Nisyə alqı satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Tərəflər arasında bağlanmış Nisyə alqı-satqı müqaviləsinin 3-cü maddəsinə görə satıcı alıcıya təhvil - təslim aktında (Əlavə 2) qeyd olunan malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinə əsasən alıcı həmin müqavilənin 1 saylı əlavəsində müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 5.6-cı maddəsinə əsasən alıcı borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.3 % miqdarında dəbbə pulu ödəməlidir. Əlavə olaraq tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 6.1-ci maddəsinə əsasən alıcı müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyi halda, satıcı mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb edə bilər. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmir. Belə ki, cavabdehin bu günə 845 manat əsas borcu, 0 manat cərimə borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış BLSK03762 saylı xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh 2369.99 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay 111 manat ödəmək şərtilə 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı qapalı səhmdar cəmiyyətinin alqı-satqı müqaviləsi üzrə xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı qapalı səhmdar cəmiyyəti arasında bağlanmış BLSK03762 saylı xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehin əsas borcu 845 (səkkiz yüz qırx beş) manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh BLSK03762 saylı xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ödənilməmiş borc qismində 845 (səkkiz yüz qırx beş) manat Cavabdeh İddiaçı qapalı səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 845 (səkkiz yüz qırx beş) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu və 0,40 (qırx) qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar