Məhkəmə qərarları › İş №e-2(023)-1146/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-1146/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-1146/2025 03.07.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Hümmətov Anar Fərmayıl oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixdə İddiaçı MMC Cavabdeh qarşı əsas borcun əvəzi qismində 200 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat, cəmi 230 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC-dən borc müqaviləsi (müqavilələri) əsasında ümumi dəyəri 399 (üç yüz doxsan doqquz) manat olan məişət avadanlığı (avadanlıqları) əldə edib. Belkə ki, xx.xx.2020 tarixli, QZK5855683 saylı müqavilə üzrə 12 ay müddətinə dəyəri 399 manat olan məişət avadanlığı Cavabdeh verilmişdir. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 200 (iki yüz) manat əsas borcu qalıb. Cavabdeh müqavilə üzrə 200 (iki yüz) manat əsas borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 230 (iki yüz otuz) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(023)-1146/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. xx.xx.2025-ci il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi Nümayəndə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclsaında iştirak edən Cavabdeh bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, borc üzrə iddia müddəti bitmişdir. Odur ki, iddia tələbinə iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, Cavabdeh dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, QZK5855683 nömrəli nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı həmin müqaviləyə əsasən məişət avadanlığı ilkin 39 manat ödəniş etmək, digər məbləği isə 12 ay ərzində hissə-hissə ödəmək şərti ilə 399 manat məbləğinə İddiaçı MMC-dən almışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, xx.xx.2020-ci il tarixli, QZK5855683 nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC-yə borcu ödənilməmiş əsas borcun əvəzi qismində 200 manat təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışının cədvəlinin surətindən görünür ki, xx.xx.2020-ci il tarixli, QZK5855683 nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC-yə borcu ödənilməmiş əsas borcun əvəzi qismində 150 manat təşkil edir. Həmin cədvəldə sonuncu ödəniş tarixi xx.xx.2022-ci il tarixi qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, QZK5855683 saylı kredalqı-satqı müqaviləsinə əsasən İddiaçı Cavabdeh alqı-satqı müqaviləsinə məişət avadanlığı ilkin 39 manat ödəniş etmiş, digər məbləği isə 12 ay ərzində hissə-hissə ödəmək şərti ilə 399 manata satmışdır. Bununla da Cavabdeh İddiaçı MMC-dən müqaviləsi əsasında ümumi dəyəri 399 (üç yüz doxsan doqquz) manat olan məişət avadanlığı (avadanlıqları) əldə edib. Cavabdehin müqavilə (müqavilələr) üzrə ödənişlər etdikdən sonra iddiaçıya 200 (iki yüz) manat əsas borcu qalıb.Bu səbəbdən iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehlərdən müqavilə üzrə yaranmış borcun ödənilməsini tələb etmişdir. Lakin mülki işin məhkəmə tədqiq zamanı cavabdeh mülki iş üzrə tərəflər arasında olan mübahisəyə iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03 iyun 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03 iyun 2013-cü il tarixli qərarında müəyyən etmişdir ki, müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Viktor Ozerovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 02 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 15 aprel 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm faktordur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilir ki, kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Avropa İnsan Hüquqları Məhkəməsi «Stanyo Belçikaya qarşı» işi üzrə 07 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunmuş iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 382-ci maddəsinə görə iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Həmin Məcəllənin 380.1-ci maddəsinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Mülki işin məhkəmə iclasında tədqiq olunmaqla müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, QZK5855683 saylı alqı-satqı müqaviləsi üzrə kreditin icra müddəti 17 iyul 2021-ci il tarixdə bitmiş, lakin iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə 15 may 2025-ci il tarixdə müraciət olunmuşdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə iddia müddətinin axımı kredit müqaviləsi üzrə kreditin icra müddətinin bitdiyi vaxtdan, yəni hazırki halda 17 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Beləliklə, 17 iyul 2021-ci il tarixdən etibarən 3 illik iddia müddətini hesablayan zaman 17 iyul 2024-cü il tarixə təsadüf edir. Məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi 15 may 2025-ci il tarixə qədər müddət nəzərə alınmaqla iddia müddəti hesablanarsa, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü müəyyən etmək olar. Eyni zamanda məhkəmə iddiaçı təşkilatın məhkəməyə ünvanladığı maliyyə cədvəlində sonuncu dəfə xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən ödəniş edilməsi barədə qeyd əks etdirilsədə, həmin ödənişin məhz Cavabdeh tərəfindən ödənilməsini təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı xx.xx.2020-ci il tarixli, QZK5855683 saylı kredit müqaviləsi üzrə Cavabdeh qarşı öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddətdən 3 illik iddia müddətini nəzərə aldıqdan sonra 9 ay 28 gün keçdikdən sonra məhkəmədə iddia qaldırmasına, bununla da iddia müddətini buraxmasına dair məhkəməyə heç bir üzrlü səbəb və ya həmin səbəblərin üzrlü olmasına dair heç bir mötəbər dəlil təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçı iddia müddətini üzrlü səbəblərdən ötürülməsinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim etmədiyinə görə iddia tələbinə iddia müddəti tətbiq edilməklə, İddiaçı iddiası rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia rədd edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddiası təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar