Məhkəmə qərarları › İş №e-2(023)-1271/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-1271/2024

01.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-1271/2024 01.10.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə, İddiaçı (MMC) Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı 19 noyabr 2023-cü il tarixli, 03766394 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 6351,84 manat, cərimə qismində 844,16 manat, cəmi 7196 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 91,96 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********20769 İPHONE 15 PRO MAX markalı telefon, APPLE ADAPTER, APPLE WATCH SE 2 qol saatı almış və nəticədə 7196 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 6451.84 manat (yəni 18 ay x 352.88 manat + 100 manat ilkin ödəniş) olan İmei kod **********20769 İPHONE 15 PRO MAX, APPLE ADAPTER, APPLE WATCH SE 2 qol saatı üçün ümumilikdə, 7196 (yeddi min yüz doxsan altı) manat olmaqla ondan 6351.84 manat ödənilməmiş hissə, 844.16 manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 100 manat təşkil edir. 28 sentyabr 2024-cü il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində İddiaçı MMC-nin problemli kreditlər departamentinin rəhbəri Nümayəndə mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli, 03766394 nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı həmin müqaviləyə əsasən 24 ay ərzində hissə-hissə ödəmək şərtilə İmei kod **********20769 İPHONE 15 PRO MAX markalı telefon, APPLE ADAPTER, APPLE WATCH SE 2 qol saatı 7196 manat məbləğinə "xxxx" məhdud məsuliyyətli cəmiyyətindən almışdır. Mülki işdə olan Cavabdeh "xxxx" MMC-nə olan borcu barədə maliyyə arayışının surətindən görünür ki, Cavabdeh hazırda iddiaçıya olan borcu xx.xx.2023-cü il tarixli, 03766394 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 6351,84 manat, cərimə qismində 844,16 manat, cəmi 7196 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, xx.xx.2023-cü il tarixli, 03766394 nömrəli müqavilə üzrə 844,16 manat təşkil edən cərimə məbləğinin 5 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, xx.xx.2023-cü il tarixli, 03766394 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 6351,84 manat, cərimə qismində 5 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 83,56 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, 03766394 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 6351,84 manat və cərimə qismində 5 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 83,56 manat, cəmi 6440,40 (altı min dörd yüz qırx manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutulsun. İddiaçı MMC-nin iddiası qalan hissədə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar